01 fevral 2023 00:12
815

Bizi böyük hədəflərə yaxınlaşdıran uğur

Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciəti BMT-nin rəsmi sənədi kimi yayılıb

44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanaraq 30 illik erməni işğalına son qoyan, Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışı qətiyyətlə gerçəkləşdirən Azərbaycan dövləti növbəti tarixi hədəfinə çatmaq istiqamətində də uğurlu addımlar atmaqdadır. Şanlı zəfərimiz bizə, eyni zamanda, xalqımızın əsrlər boyu üzləşdiyi fəlakətlərin, soyqırımı aktlarının hesabını çəkmək, tarixi ədaləti mərhələ-mərhələ bərpa etmək imkanı yaratdı. Siyasi-iqtisadi, hərbi baxımdan güclənərək Cənubi Qafqazın ən qüdrətli dövlətinə çevrilmiş, dünya ölkələri arasında nüfuzu gündən-günə artan Azərbaycanın növbəti hədəfi isə qərbi azərbaycanlıların pozulan hüquqlarını bərpa edərək onları əzəli yurdlarına qaytarmaqdır. Bu hədəf öz tarixi ata-baba torpaqlarından zorla deportasiya edilmiş yüz minlərlə soydaşımızın ən böyük arzusu, xəyalıdır.

Tarixi mənbələrdən də aydın göründüyü kimi, erməni millətçiləri "dənizdən-dənizə" böyük imperiya xülyasına qapılaraq XIX-XX əsrlərdə Azərbaycan xalqına qarşı etnik təmizləmə, soyqırım siyasəti yürüdüblər. Mərhələli şəkildə həyata keçirilən məkrli plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – tarixi torpaqlarından qovulublar, kütləvi qətl və qırğınlara məruz qalıblar.

Azərbaycan xalqı ötən iki əsr ərzində silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürmə və soyqırımlarından böyük əziyyət çəkmişdir. Təəssüf ki, vaxtilə azərbaycanlıların mütləq əksəriyyət təşkil etdiyi indiki Ermənistan ərazisindən soydaşlarımızın tamamilə qovulması 1991-ci ildə başa çatdırıldıqdan sonra aparılmış etnik təmizləmə nəticəsində indi həmin ərazidə müstəsna olaraq ermənilər yaşayır. Azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə əksər hallarda dövlət orqanlarının sistemli fəaliyyəti ilə zorakılıq, soyqırımı, kütləvi qətliam və insanlıq əleyhinə digər cinayətlər və insan hüquqlarının kobud pozulması yolu ilə həyata keçirilib. Bu proses 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xüsusilə şiddətli və amansız olub. Həmin illərdə azərbaycanlılar müxtəlif bəhanələrlə, qəddarcasına Qərbi Azərbaycandakı tarixi-etnik torpaqlarından deportasiya olunublar. Sovet hakimiyyəti dövründə isə soydaşlarımızın indiki Ermənistandan dövlət səviyyəsində zorakı deportasiyası “dinc, könüllü köçürmə” adı ilə həyata keçirilib. SSRİ Nazirlər Sovetinin 1947-ci il dekabrın 23-də “Ermənistan SSR-dən kolxozçuların və başqa əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 4083 saylı, 1948-ci il martın 10-da isə həmin qərara əlavə olaraq qəbul edilən “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlıların Azərbaycan SSR-in Kür–Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” 754 saylı qərarlarına əsasən 150 min azərbaycanlı əsrlərdir yaşadıqları doğma torpaqlarından zorla köçürülüblər. 1988-1991-ci illərdə SSRİ dövlətinin himayəsi altında millətçi Ermənistan dövləti Qərbi Azərbaycan ərazisindən daha 250 mindən artıq azərbaycanlını ata-baba torpaqlarından deportasiya etmişdir.

Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus olan tarixi və mədəni irs, o cümlədən məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib, azərbaycanlılara qarşı sistematik xarakterli irqi ayrı-seçkilik həyata keçirilib. Ermənistanda nəinki azərbaycanlılara qarşı etnik təmizləmədə və digər cinayətlərdə iştirak etmiş şəxslər cəzalandırılıb, əksinə, onlar dövlət səviyyəsində mükafatlandırılıb, əməlləri bu gün də təbliğ edilir.

Bu tarixi faciələrə hüquqi-siyasi qiymətin verilməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər 1997-ci ildə 28 May-Respublika Günü münasibətilə təntənəli yığıncaqda azərbaycanlıların indiki Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından deportasiya olunmalarından danışarkən demişdir: “O vaxt yaşayan insanlar və doğma yerlərindən deportasiya olunanlar yaxşı xatırlayırlar: Ermənistandan azərbaycanlıların çıxarılması, etnik təmizləmə baş verib. Onları öz yerlərindən, yurdlarından, doğma torpaqlarından o vaxt didərgin salıblar. Onları öz dədə-baba yurdlarından tədricən çıxarıblar və bunlar hamısı da 1988-ci ildə Ermənistanın Azərbaycana artıq hərbi təcavüzünün başlanmasına gətirib çıxarıb”.

Ümummilli Lider Qərbi Azərbaycandan zorla deportasiya edilmiş soydaşlarımızın problemlərinin həllini, onların statusunun hüquqi baxımdan müəyyənləşdirilməsini daim diqqətdə saxlamış, bununla bağlı 1997-ci il dekabrın 18-də “1948–1953-cü illərdə azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında”, 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı” və 2001-ci il avqustun 22-də “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” fərmanlar imzalamışdır.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev də Ulu Öndərin uzaqgörən siyasətini davam etdirərək hər zaman qərbi azərbaycanlıların problemlərinə həssaslıqla yanaşmış, onların öz tarixi torpaqlarına qayıdışının hüquqi əsaslandırılmasının təmin edilməsini diqqətdə saxlamışdır. Dövlət başçımız 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı qətiyyətlə vurğulamışdır ki, vaxtilə öz yurdundan deportasiya edilən yüzminlərlə soydaşımız da tarixi torpaqlarına qovuşacaqlar: “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.”

Məhz Prezident İlham Əliyevin diqqəti və konseptual tövsiyələri əsasında Qərbi Azərbaycandan olan soydaşlarımızın təşkilatlanması, Qərbi Azərbaycan İcmasının yaradılması, “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”nın qəbul edilməsi əsrlər boyu doğma yurd həsrəti ilə yaşayan soydaşlarımızın tarixi torpaqlarımıza qayıdışını şərtləndirən mühüm amillərə çevrilməkdədir. Bu baxımdan Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətinin yanvarın 31-də BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayılması indiki Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsinin beynəlxalq müstəviyə gətirilməsi sahəsində böyük uğurdur.

Müraciət BMT-nin bütün rəsmi dillərində adı çəkilən əsas orqanların gündəliyinin silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılıb. Bu isə azərbaycanlıların öz evlərinə qayıtmasının təməl insan hüquqlarının qorunması, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın bərqərar olması baxımından zəruriliyinin beynəlxalq müstəvidə təsdiqidir.

Qeyd edək ki, sözü gedən müraciətdə Qərbi Azərbaycan İcması tərəfindən BMT-yə üzv olan dövlətlərdən, BMT və digər aidiyyəti beynəlxalq təşkilatlardan indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə beynəlxalq proses çərçivəsində təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin olunmasına yardım göstərməyi xahiş edilir.

Qərbi Azərbaycan İcmasının müraciətinin BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayılması ciddi tarixi nailiyyət və Azərbaycanın beynəlxalq platformada böyük nüfuzunun göstəricisidir. Bu, bir daha inam yaradır ki, Qərbi Azərbaycandan olan soydaşlarımız da zorla qovulduqları, əcdadlarımızın min illər boyu yaşam sürdürdükləri dədə-baba yurdlarına qayıdacaqlar, illərlə çəkdikləri torpaq həsrətləri bitəcək. O gün çox da uzaqda deyil!

Mahir Rəsuloğlu, “İki sahil”