03 fevral 2023 01:37
429

Narkoticarəti dövlət siyasətinə çevirmiş iblis...

İranın Azərbaycana düşmənçiliyinin bir səbəbi də “ağ ölüm”dən qazandığı çirkli pulların əlindən çıxmasıdır 

Azərbaycan 2020-ci ildə 30 ilə yaxın tarixi torpaqlarımızı işğalda saxlamış ermənilərə qarşı haqq savaşı aparanda dini dinimizdən olan digər qonşumuz İran bizə dəstək olmaq əvəzinə düşmənimizə tərəf durdu. Rəşadətli ordumuzun qəhrəmanlıq dastanı yazaraq Vətənin azadlığı uğrunda qanlı döyüşlər apardığı, kəndlərimizi, şəhərlərimizi qarış-qarış geri aldığı o 44 gündə İranın bir dəfə də olsun ləyaqətli davranışını, ədalətli bəyanatını görən, eşidən olmadı. Əksinə bu ölkədən və ya bu ölkə vasitəsilə Ermənistana silah, texnika, yanacaq daşınmasının görüntülərini qəzəblə, bir az da ürək ağrısı ilə izlədik. Ayrı vaxt Allahın buyurduğu kimi ədalətli olmaqdan dəm vuran şovinist fars rejiminin başçıları haqlı tərəf olan dindaşlarına sahib çıxmaq əvəzinə, açıq-aşkar işğalçıya, talançıya kömək etməyə çalışdılar. O dərəcədə ki, ünvanlarına “Müharibə qurtaracaq. Onda hansı üzlə qarşımıza çıxacaqlar?” deyildi. Müharibə şanlı Qələbəmizlə başa çatdıqdan sonra İranın əsl sifəti də göründü və məlum oldu ki, qarşımızdakı dost, mehriban qonşu deyil, ermənidən də betər düşməndir...

Hər gün ortaya çıxan yeni faktlar İranın Azərbaycana qeyri-dost mövqeyini bir daha təsdiqləyir. Son hadisələrdən sonra İranın onilliklər, hətta yüzilliklər boyu bölgədə yürütdüyü ikibaşlı siyasətlə bağlı Azərbaycanın da deməyə çox sözü var, çünki səbrimiz sərhədsiz deyil. İran xüsusi xidmət orqanlarının ölkəmizdə təxribatlar törətmək məqsədilə formalaşdırmağa çalışdığı casus şəbəkələrinin ifşası və zərərsizləşdirilməsi, bütün humanitar normalara və beynəlxalq qanunvericiliyə zidd olaraq Tehrandakı səfirliyimizə qarşı həyata keçirilmiş qanlı terror aktı, demək olar ki hər gün eşitməyə adət etdiyimiz “İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb” xəbərləri səbrimizin tapdanmış sərhədidir.

Əslində, İran hakimiyyətinin və bu ölkənin güc qurumu adı altında fəaliyyət göstərən SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu), ETTELLAT kimi terror təşkilatlarının narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olmaları, beynəlxalq narkoticarəti dövlətin qazanc mənbələrindən birinə çevirmələri faktı bütün dünyaya çoxdan məlumdur. Bu məqsədlə Ermənistanla yaxın əməkdaşlıq edən İran uzun illər boyu Azərbaycanın işğal altındakı torpaqlarından da tranzit yolu kimi istifadə edib. Azərbaycan Prezidenti İlham Əliyev hələ İkinci Qarabağ müharibəsindən əvvəl müxtəlif tribunalardan dəfələrlə bu faktı səsləndirmişdi. Müharibədən az sonra, 2021-ci il oktyabrın 15-də Ali Baş Komandan İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı qətiyyətli çıxışı ilə yenidən nəzərləri sözügedən mövzuya yönəldərək, böyük ustalıqla həm Ermənistan, həm də İranla bağlı məsələlərə açıq və birmənalı mövqe ortaya qoymuşdu. Prezident İlham Əliyev həmin çıxışında işğal dövründə İranın Ermənistanla birgə göstərdiyi bəzi fəaliyyətlərdən, o cümlədən narkotik tranziti ilə bağlı məsələyə toxunaraq demişdi: “Azərbaycan İranla dövlət sərhədinin təqribən 30 il müddətində Ermənistanın nəzarəti altında olmuş 130 kilometrlik hissəsində nəzarəti ötən bir ildə bərpa edib və beləliklə, İrandan Azərbaycanın Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya narkotik və uyuşdurucu maddələrin daşınması yolunu bağlayıb. Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin oxşar dövrü ilə müqayisədə iki dəfə artıb. Bu, o deməkdir ki, təqribən 30 il müddətində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib”.

Yeri gəlmişkən, həmin iclasda dövlət başçımızdan sonra çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan guya Azərbaycan Prezidentinin səsləndirdiyi faktları inkar etməyə çalışsa da istəmədən təsdiq etmişdi. Paşinyan bildirmişdi ki, Ermənistanda narkotiklərin aşkarlanması və müsadirəsi Azərbaycanda olduğundan da çox – 3-4 dəfə artıb. Bu isə o deməkdir ki, işğal edilmiş ərazilərdən keçən marşrut Azərbaycan tərəfindən bağlandıqdan sonra narkotik qaçaqmalçıları daşınmanı leqal sərhədlər üzərindən aparmağa məcbur qalırlar və buna görə daha çox “ilişirlər”. Prezident İlham Əliyevin açıqlaması İranda əməlli-başlı çaşqınlıq doğurmuşdu. Həmin vaxt İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani, daxili işlər naziri Əhməd Vəhidi, Narkotiklərlə Mübarizə Qərargahının baş katibi İsgəndər Mömini, parlamentin Milli Əmniyət və Xarici Siyasət Komitəsinin sözçüsü Mahmud Abbaszadə, Narkotiklərlə Mübarizə Polisinin rəisi Məcid Kərimi və digər rəsmilər bununla bağlı müxtəlif açıqlamalar verərək İranı, necə deyərlər, təmizə çıxartmağa çalışırdılar. Guya İran narkotik qaçaqmalçılığına qarşı ciddi-cəhdlə mübarizə aparır, bu yolda çoxlu itkilər verib, ölkənin bu sahədə fəaliyyəti beynəlxalq qurumlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı tərəfindən təqdir olunub(?). Ancaq nədənsə əməllərini ört-basdır etmək üçün özlərinə həşir gələn həmin şəxslər İranın dünyada narkotik qaçaqmalçılığı sahəsindəki “xidmətləri” barədə beynəlxalq aləmdə deyilənlərin üzərindən sükutla keçmişdilər. Halbuki hələ 2009-cu ildə BMT müfəttişlərinin məxfi hesabatlarında İran, uyuşdurucu maddələrin Avropaya daşınmasında əsas rol oynayan bir ölkə kimi göstərilmiş, bunun üçün Azərbaycan ərazisindən, yəni Ermənistan tərəfindən işğal edilmiş torpaqlardan istifadə olunduğu vurğulanmışdı. Sonradan həmin məxfi məlumatlar məşhur “WikiLeaks” saytının sənədlərində yer almış, eləcə də Almaniyanın nüfuzlu “Di Velt” qəzeti bu barədə məqalə dərc etmişdi. Qəzetdə dərc olunmuş 2008-ci ilə aid bir sənəddə İrandan çıxan heroinin 95%-nin Avropaya çatdığı bildirilirdi.

İranda narkotik qaçaqmalçılığının əsasən SEPAH-ın nəzarətində olduğu, onun əsas gəlir mənbələrindən birini təşkil etdiyi də beynəlxalq sənədlərdə və mediada dəfələrlə qeyd olunub. Bu fikri təsdiq edən çoxsaylı sübutlar da mövcuddur. Belə ki, 2012-ci ildə ABŞ-ın Maliyyə Nazirliyi narkotik qaçaqmalçılığındakı iştirakına görə SEPAH-ın “Qüds” qüvvələrinin Əfqanıstanla həmsərhəd olan Sistan və Bəluçistan əyalətindəki komandanı Qulamrza Bağbaniyə qarşı sanksiya tətbiq etmişdi. General Bağbani İranın Talibana göndərdiyi silah-sursatın çatdırılması müqabilində narkotik qaçaqmalçılarının İran sərhədindən rahat keçmələrinə, o cümlədən tiryəki İran daxilində yaymalarına şərait yaradırdı.

Başqa bir fakt: 2017-ci ildə İtaliya hökuməti Avropa Birliyinə narkotiklərin çatdırılmasını təmin edən 9 nəfərlik bir qrupu ifşa etmişdi. Həmin şəxslərin İraqda SEPAH-ın nəzarət etdiyi “Həşdi-Şəbi” dəstələrinin üzvü olduğu və general Bağbani tərəfindən idarə olunduğu müəyyən edilmişdi. 2020-ci ildə Rumıniyada tutulan 1,3 ton narkotikin də SEPAH vasitəsilə Suriyadan ölkəyə gəlib çıxdığı bəlli olmuşdu.

Bütün bu faktlardan sonra daha çox məlum olur ki, hələ 2011-ci ildə İranın o zamankı prezidenti Mahmud Əhmədinejad bir çıxışında SEPAH təmsilçilərini nəzərdə tutaraq məşhur “bəradəran-e qaçaqçi-ye xodeman”, yəni “öz qaçaqmalçı qardaşlarımız” sözünü əbəs yerə işlətməmişdi.

Mövzu ilə bağlı 2013-cü ildə mətbuatda getmiş Azərbaycanın keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) bir rəsmi məlumatını da xatırlatmaq yerinə düşər. Məlumatda deyilirdi ki,  MTN-in həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində İrandan qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan 12 nəfər ifşa edilib, onlardan ümumilikdə 40 kiloqram 500 qrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb: “Müəyyən edilib ki, qanunsuz dövriyyədən çıxarılmış həmin narkotik vasitələrin bir hissəsinin kultivasiyası, yəni əkilməsi, yetişdirilməsi və toplanılması Azərbaycanın işğal olunmuş ərazilərində təşkil edilib və sonradan həmin narkotik vasitələr İrana, oradan isə Azərbaycana gətirilib. Həbs edilənlərin ifadələrindən bəlli olub ki, onlar narkotik vasitələri işğal olunmuş Qarabağ ərazilərində yetişdiriblər”.

Bir neçə gün əvvəl ölkəmizdə səfərdə olan Fransada mühacir həyatı yaşayan cənubi azərbaycanlı soydaşımız Maşallah Rəzmi İranın, əsasən də SEPAH-ın Azərbaycana qarşı düşmənçiliyinin səbəbi haqqında maraqlı faktlar səsləndirib. Güney Azərbaycan milli hərəkatı üzrə ekspert, "Ərk" insan hüquqlarının müdafiəsi təşkilatının həmtəsisçisi M.Rəmzi "Report"a açıqlamasında bildirib ki, bu düşmənçilik ordumuzun 2020-ci ildə Vətən müharibəsindəki böyük qələbəsi ilə bağlıdır, çünki SEPAH işğal dövründə Azərbaycanın Cəbrayıl rayonu ərazisində narkotik maddələrin saxlanılması və tranziti məqsədilə anbar da yaratmışdı: “İllərdir oraya beynəlxalq alverçilər tərəfindən narkotiklər gətirilirdi. Əvəzində beynəlxalq sanksiyalara görə İranın təmin edə bilmədiyi ehtiyacların bir hissəsini qaçaqmalçılar vasitəsilə ödəmək istəyirdilər. Yaxud eyni qaçaqmalçılar tərəfindən başqa ölkələrdəki müvəkkilləri üçün, o cümlədən Yəmən husiləri üçün qaçaq silah hazırlayırdılar. 44 günlük Vətən müharibəsindən sonra bu qeyri-qanuni imkan SEPAH-ın əlindən çıxıb və deyilənə görə İran hazırda öz müvəkkillərinə maliyyə yardımı, eləcə də silah verməkdə çətinliklərlə üzləşib. İşğaldan azad olunmuş ərazilərdə SEPAH-ın qeyri-qanuni fəaliyyəti üçün imkanların aradan qalxması onun Azərbaycan ilə düşmənçiliyinin əsas səbəblərindən biridir.”

Göründüyü kimi, torpaqlarımızın işğal altında olduğu illər ərzində İran və Ermənistan təkcə iqtisadi partnyor və siyasi müttəfiq deyil, həm də narkoticarət tərəfdaşları olublar. “Onların bu tərəfdaşlığı indi necə davam edir” bir başqa mövzunun sualıdır. Ancaq Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və digər aidiyyəti qurumları İranın bu şeytani oyunlarının ölkəmizin ərazisində oynanılmasına imkan verməyib, verməyəcək. Pul üçün ləyaqətini, Vətənini satmaq istəyənlərin aqibəti isə hamıya bəllidir...

Mahir Rəsuloğlu, “İki sahil”