03 fevral 2023 14:14
504

Azərbaycan Çində “Mədəni irsin mühafizəsi” mükafatına layiq görülüb

Azərbaycan Çinin “Voyage Magazine” jurnalının hər il keçirdiyi “Dayanıqlılıq mükafatları 2022 – Mədəni irsin mühafizəsi” nominasiyası üzrə qalib elan olunub.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Turizm Agentliyi məlumat yayıb.

“Voyage Magazine” jurnalı tərəfindən belə bir mükafata layiq görülməyin qürurverici olduğunu qeyd edən Azərbaycan Turizm Bürosunun (ATB) baş icraçı direktoru Florian Zenqstşmid bildirib ki, turizmin davamlı inkişafı destinasiyanın maddi irsinin, eləcə də yerli əhalinin turizmin təşviqinə cəlb edilməsindən başlayır.

O qeyd edib ki, mədəni irsin və davamlı turizm təcrübələrinin təbliğ edilməsi ATB üçün vacib prioritetlərdəndir və qurum bu istiqamətlərdə səylərini davam etdirməkdə qərarlıdır.

“Dayanıqlılıq mükafatları 2022” tədbiri Çində səyahət sahəsi üzrə keçirilən ən böyük və populyar tədbirlərdən biridir. Kampaniyanın rəsmi həştəqi təbliğat dövründə 32 milyon 485 mindən çox insana çatıb.

Digər qaliblər arasında Serbiyanın Milli Turizm Təşkilatı, İspaniya Turizm İnstitutu (“Turespaña”), Honqkonq Turizm Bürosu və İtaliya Milli Turizm Bürosu da yer alır.