03 fevral 2023 14:56
242

Fatih Dönməz: Azərbaycan və Türkmənistanla əməkdaşlığımızı inkişaf etdirməyə hazırıq

Cənub Qaz Dəhlizi konsepsiyası Türkiyə və Azərbaycanın siyasi dəstəyi olmadan mümkün olmazdı.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında çıxışı zamanı deyib.

“Bu baxımdan Türkiyə Aİ-nin təchizat təhlükəsizliyini artırmaq üçün ən uyğun marşrut və ən etibarlı limandır. Türkiyə infrastruktur sərmayələri və beynəlxalq layihələrdəki uğurları ilə etibarlılığını sübut etdi” - Fatih Dönməz qeyd edib.

Cənub Qaz Dəhlizinin həyata keçirilməsinin və kommersiya qazının Avropaya axınının vacib bir addım olduğunu vurğulayan Fatih Dönməz deyib: "Qazın həcmini artırmaq üçün əlavə ehtiyatlara və əlavə mənbə ölkələrə ehtiyacımız var. Bu kontekstdə regionumuzun rifahı naminə Azərbaycan və Türkmənistanla əməkdaşlığımızı inkişaf etdirməyə hazırıq”.

Fatih Dönmez bildirib ki, bu gün Cənub Qaz Dəhlizinin yeni enerji bazarlarına və resurslarına doğru genişləndirilməsi, tutumunun artırılması və yaşıl enerji dəhlizinə çevrilməsi müzakirə edilir.

Nazirin sözlərinə görə, uğurla həyata keçirilən beynəlxalq layihə olaraq Cənub Qaz Dəhlizi hidrogen kimi yaşıl enerjinin nəql oluna biləcəyi yaşıl dəhlizə çevirmək üçün bir addım da irəli getmək imkanı var.

“Türkiyə bu kontekstdə hər cür ortaqlığa və əməkdaşlığa hazırdır”, - Fatih Dönməz vurğulayıb.

O, dünyanın üzləşdiyi enerji və iqlim böhranlarının daha çox əməkdaşlıq tələb etdiyini və yaşıl enerjiyə keçidin böyük əhəmiyyət kəsb etdiyini bildirib.