03 fevral 2023 17:20
674

Azərbaycan Şərqi və Mərkəzi Avropa ölkələrinə də qaz ixrac edəcək - İlham Şaban

İxracın artması ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolunu artıracaq

“Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin əvvəlki  iclaslarında əsasən icra olunan, artıq tikilmiş  layihələrin istismarına, vəziyyətinə, hasilatın artırılmasına, boru kəmərlərinin layihə gücünə çatdırılmasına  nəzər salınırdı.  Ancaq  fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində  keçirilən nazirlərin 9-cu iclasında əsas məsələ ona yönəlib ki, Azərbaycanın Avropa bazarına çıxaracağı əlavə 10 milyard kubmetr qaz hansı mənbələr hesabına əldə ediləcək? İkincisi, Avropa bazarında necə bölüşdürüləcək və bu, vaxtında edilə bilinəcəkmi?

Bu fikirləri neft sahəsi üzrə mütəxəssis, Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “İki sahil”ə açıqlamasında bildirdi.

İlham Şaban  vurğuladı ki, Azərbaycanın energetika naziri Pərviz  Şahbazovun plenar iclasda söylədiklərinə diqqət yetirək. Nazir qeyd etdi ki, artıq zamanıdır ki, Avropa, bu interkonnektorların, o cümlədən Cənub Qaz Dəhlizinin  genişləndirilməsinə  maliyyə ayıracağı ilə  bağlı fikirləri konkretləşdirsin, qaz alacaq ölkələr və onlarla imzalanacaq müqavilənin tipi dəqiqləşdirilsin. Çünki Avropanın  bir sıra ölkələri qısamüddətli müqavilələrə üstünlük verirlər. Ancaq Azərbaycan böyük vəsait xərcləyəcək. Yəni, hasilatçılar “Abşeron -2” layihəsi üzrə çoxmilyardlı investisiya yatırmalıdır ki, o qaz həcmləri çıxarılsın. Özü də bu qaz Xəzərin ən  dərin  hissəsindən çıxarılacaq və sonra Avropa bazarına yönəldiləcək. Bu isə ancaq uzunmüddətli müqavilələr əsasında gerçəkləşdirilə bilər.

Müsahibimiz qeyd etdi ki, iclasda  Azərbaycan Prezidenti çox yaxşı mesajlar verdi: "Bildirdi ki, biz cari ildə qaz ixracımızı artıq 24, 5 milyard kubmetrə  qədər artıracağıq. Dövlətimizin başçısı  əvvəlki illərdəki göstəriciləri açıqladı ki, ildən-ilə ixrac həcmləri necə artıb. İxrac həmişə planlaşdırılmış həcmlərdən artıq olur. Bu isə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı rolu və yeri göstərir. Başqa bir tərəfdən Azərbaycan Prezidenti  Macarıstana səfəri zamanı maraqlı açıqlama vermişdi ki, biz vaxtilə tarixə qovuşmuş NABUKKO layihəsini indi canlandırmışıq. Artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, sonra Rumıniyaya, Macarıstana və oradan isə digər Avropa ölkələrinə çatdırılacaq. Çox güman ki, bu, Slovakiyadır. Və artıq  NABUKKO marşrutudur. Yəni, hansı ki, 2002-ci ildə gündəmə gəlmişdi və Avropanın lazımi dəstəyi olmadığından realizə edilməmişdi. Bu baxımdan, TAP-da birinci mərhələdəki 10 milyard kubmetr qaz Avropanın cənubuna doğru istiqamət götürmüşdüsə, ikinci mərhələdə əlavə olunan qaz həcmləri Şərqi və Mərkəzi Avropa ölkələrinə ixrac ediləcək".

Yaqut Ağaşahqızı, “İki sahil”