04 fevral 2023 01:36
943

Qərbi Azərbaycan yenidən doğmalarına qovuşacaq

Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik

Prezident İlham Əliyevin tapşırığı və dövlətin dəstəyi ilə hazırlanacaq Qərbi Azərbaycana Qayıdış Konsepsiyası xalqımızda bu əminliyi, inamı artırır

Qədim tarixi, zəngin təbii sərvətləri, ilk insan məskənlərindən sayılan Azıx mağarası kimi abidələri ilə tanınan cənnətməkan Azərbaycan həmişə yadellilərin diqqətini cəlb etmişdir. Qədim Odlar diyarını əsarətdə saxlayan imperiya torpaqlarımıza sahib çıxmaqla bu cənub diyarında hökmranlığının əbədi olması üçün ermənilərdən vasitə kimi istifadəni də siyasətinin başlıca amili kimi diqqətdə saxlamışdır. Rusiya ilə İran arasında baş verən 1804-1813, 1826- 1828-ci il müharibələrindən sonra bağlanmış Gülüstan və Türkmənçay müqavilələrinin imzalanması xalqımızın faciələrinə və parçalanmasına səbəb oldu. Azərbaycanın şimal hissəsi Rusiyanın, cənub hissəsi isə İranın tərkibinə qatıldı. Türkmənçay müqaviləsindən sonra Rusiya imperatoru I Nikolayın 21 mart 1828-ci il tarixli fərmanı ilə İrəvan və Naxçıvan xanlıqları ərazisində «Erməni vilayəti» yaradıldı. 7331 azərbaycanlı və 2369 erməni ailəsinin yaşadığı İrəvan şəhəri də vilayətin tərkibinə daxil edildi. Beləliklə cənublu- şimallı qardaşların birliyinə Araz boyda həsrət, nisgil yaradıldı. Müqavilənin şərtlərinə uyğun olaraq ermənilərin İrandan İrəvana, Qarabağa və Naxçıvana köçürülməsi prosesi başlanıldı. Məqsəd azərbaycanlılarsız Ermənistan yaratmaq idi. 1905-1907-ci illərdə Bakıda, Zəngəzurda, İrəvanda, Naxçıvanda Ordubadda, bir sözlə Azərbaycanın bütün bölgələrində qanlı qırğınlar törədən ermənilər 1918-1920-ci illərdə daha da azğınlaşaraq azərbaycanlıların tamamilə məhv edilməsi planlarını həyata keçirdilər. Eyni qətliamlar Qərbi Azərbaycanda da təkrarlandı. Həmin dövrdə Ermənistan ərazisində yaşayan 575 min soydaşımızın 565 mini öldürülmüş və yaxud qovulmuşdur. Bu rəqəmlər erməni mənbələrində də təsdiq edilir: « Daşnaklardan sonra sovet Ermənistanı ərazisində türk (azərbaycanlı) əhalinin sayı 10.000 nəfərdən bir qədər artıq idi. 1922-ci ildə 60.000 azərbaycanlı geri qayıtdıqdan sonra onların sayı 72.596 olmuşdur.» ( Z. Korkodyan. «Sovet Ermənistanının əhalisi. 1831-1931-ci illər.»)

1948-1953-cü illərdə soydaşlarımızın Qərbi Azərbaycandan çıxarılması «ənənəsini» davam etdirən daşnaklar soydaşlarımızın növbəti deportasiyasını həyata keçirdilər. 1945-ci ildə iqtisadi əlaqələri bəhanə gətirən hayların Qarabağın Ermənistanla birləşdirilməsi təklifləri rədd edildiyinə görə ermənilər niyyətlərinə çatmaq üçün başqa hiylələrə əl atdılar. Suriyadan, Yunanıstandan, Livandan, İrandan, İraqdan 35. 400 ermənini Ermənistana köçürdülər. 1947-ci ildə Ermənistan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Q. Arutyunov Moskvaya müraciət edərək köçürülən ermənilərin yerləşdirilməsindəki çətinliklərdən şikayət etmiş və guya məhsuldarlığın artırılması məqsədilə Ermənistanda yaşayan azərbaycanlıların Azərbaycanın pambıqçılıqla məşğul olan rayonlarına köçürülməsi təklifini vermişdir. Bu fitnəkar təklif sovetlərin rəhbəri İosif Stalinin imzaladığı SSRİ Nazirlər Sovetinin iki qərarında əksini tapdı. «Ermənistan SSR-də kolxozçuların və digər azərbaycanlıların Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi barədə» və həmin qərara əlavə olan «Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlıların Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi tədbirləri barədə»ki qərara uyğun olaraq soydaşlarımız doğma torpaqlarından çıxarıldılar. 1948-1952-ci illərdə Qərbi Azərbaycanın əsasən dağ ərazilərindən çıxarılan 100 min soydaşımızın əksəriyyəti aran zonasının isti hava şəraitinə dözməyərək həyatlarını itirdi. Stalinin ölümündən sonra dayanan köçürülmədən istifadə edən bəzi soydaşlarımız yurdlarına geri qayıtdılar.

XX əsrin sonlarında SSRİ-nin rəhbəri Mixail Qorbaçovun xain planı olan yenidənqurma və aşkarlıq proseslərinin həyata keçirilməsi daşnaklar üçün əlavə fürsət yaratdı. 1945-ci ildəki taktika davam etdirildi. Erməni millətçiləri azərbaycanlıların Ermənistandan birdəfəlik çıxarılması və Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı artıq tarixə qovuşmuş keçmiş «Dağlıq Qarabağ Muxtar Vilayətində» və İrəvanda kütləvi aksiyalar təşkil etdilər. 1988-ci ildə 70 nəfər soydaşımızın, o cümlədən 21 qadın və 6 uşağın, öldürülməsi ilə nəticələnən Qukark faciəsi son olmadı. Vardenisdə, Yerevanda, Masisdə, Kalinində, Kacaranda, Qafanda, Kirovakanda, Gorusda, Sisyanda, Amasyada, Alaverdidə törədilmiş qanlı hadisələr nəticəsində 250.000 azərbaycanlı daşnakların etnik təmizləmə siyasətinin qurbanı kimi Qərbi Azərbaycanı tərk etməyə məcbur qaldılar. Ermənilərin havadarı Mixail Qorbaçovun göstərişi ilə Qərbi Azərbaycandan çıxarılan soydaşlarımız Qarabağda deyil, çadırlarda yerləşdirildilər. 18 fevral 1929-cu ildə Ermənistana verilmiş Nüvədi kəndindən azərbaycanlı əhalinin 1991-ci il avqustun 8-də çıxarılması ilə daşnakların «azərbaycanlılarsız Ermənistan» ideyası tam həll olundu. 1988-ci ildən sonra Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın torpaqlarının 20 faizi işğal edildi. 1 milyona qədər həmyerlimiz doğma torpağında qaçqın, köçkün kimi yaşamağa məcbur oldu. XIX- XX əsrlərdə daşnakların həyata keçirdikləri şovinist, etnik təmizləmə siyasəti xalqımıza Xocalı soyqırımını, biri-birindən dəhşətli faciələr yaşatdı.

Ötən ilin sonunda Qərbi Azərbaycan İcmasının bir qrup ziyalısı ilə görüşündə Ermənistanın Azərbaycan torpaqlarını zəbt etməsi, soydaşlarımızın ata yurdlarından çıxarılması ilə bağlı tarixi faktları xatırladan Prezident İlham Əliyev daşnakların 1948-1953-cü illərdə xalqımıza qarşı həyata keçirilən deportasiyaları növbəti cinayət, ədalətsizlik adlandırdı: «Nəhayət 1980-ci illərin sonlarında sovet hökuməti xalqımıza qarşı növbəti cinayət törətdi. Bu dəfə Ulu Öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən həm erməni millətçiləri, həm onların sovet hökumətindəki havadarları dərhal hərəkətə keçdilər. Heydər Əliyev 1987-ci ilin noyabrında bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. Sovet hökuməti onlara dəstək oldu və həm Qarabağda, həm ovaxtkı Ermənistan Respublikasında xalqımıza qarşı növbəti cinayət başlandı. Azərbaycanlılar tarixi diyarı olan Qərbi Azərbaycandan deportasiya edildi və biz bu tarixi yaxşı bilirik, xatırlayırıq və azərbaycanlıların yaşadıqları o məntəqələrin sayını da yaxşı bilirik - 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayırdılar. Mən ovaxtkı Ermənistanı nəzərdə tuturam, Ermənistan Respublikasını nəzərdə tuturam, 90-a yaxın kənddə azərbaycanlılar əksəriyyət təşkil edirdilər və bütövlükdə 300-dən çox şəhər və kənddə azərbaycanlılar yaşamışlar. Onların hamısı 3 il ərzində Ermənistandan zorla çıxarıldı, qovuldu, bir çoxları öldürüldü, onlara işgəncələr verildi. Bütün bu cinayətlər sovet hökumətinin gözünün önündə baş vermişdi. Sonuncu kəndimiz Nüvədi 1991-ci ilin avqustunda deportasiyaya məruz qaldı. O da azmış kimi Qarabağda da xalqımıza qarşı cinayət törədildi.»

Qarabağın və Şərqi Zəngəzurun işğalı isə daha ağrılı faciəmiz idi. Lakin ulularımızın «Qisas qiyamətə qalmaz» vəsiyyətini Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin zabit və əsgərləri iki il bundan əvvəl şərəflə yerinə yetirilməsi ilə ədalət bərpa edildi. Düşmənləri torpaqlarımızdan qovduq, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Hazırda Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işləri aparılır. «Ağalı kəndinin timsalında biz xalqımızın tarixi yaddaşını görürük. Çünki oranı heç vaxt görməyən uşaqlar, gənclər oraya qayıdıblar. Əminəm ki, biz eynisini Qərbi Azərbaycanda da görəcəyik» söyləyən Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas məsələ Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanmasıdır: «İnanmalıyıq və eyni zamanda, addımlar atmalıyıq, fəal olmalıyıq, işləməliyik. Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik və bu günü xatırlayacağıq.» O günə uzanan yol isə Zəngəzurdan başlanır. Bu dəhliz isə mütləq açılacaq. Qərbi Azərbaycan yenidən doğmalarına qovuşacaq.

Xuraman İsmayılqızı, «İki sahil»