04 fevral 2023 02:58
296

İctimai nəqliyyatda gediş haqları yeni tarifə keçdi

Tarif Şurası hesab edir ki, bu, sərnişindaşıma xidmətinin keyfiyyətinin yaxşılaşmasına müsbət təsir edəcək

Ölkədə avtobus və metroda qiymətlərin tənzimlənməsi ilə bağlı xeyli vaxt idi ki, ictimai müzakirələr gedirdi. Xüsusən paytaxt Bakıda və Sumqayıtda ictimai nəqliyyatın fəaliyyətində ciddi problemlər vardı. Bəzi şirkətlər marşruta çıxmaqdan imtina etmək anonsu verirdi. Həmçinin bildirilirdi ki, onlar iflas həddindədirlər, ona görə də nizamlı işləyə bilmirlər. Bu səbəbdən onlar gedişhaqqının artırılması üçün müraciət də etmişdilər.  Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixində keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılıb və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Tarif (qiymət) Şurasının sərnişindaşıma xidmətləri üzrə təsdiqlədiyi yeni tariflərə əsasən, fevralın 3-dən ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə qiymətlər dəyişdi.

Artıq  metroda sərnişindaşıma 1 gediş üçün 40 qəpik (əvvəlki tarif 30 qəpik), şəhərdaxili avtobus marşrutlarında 40 qəpik (əvvəlki tarif 30 qəpik), şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 40 qəpik-1 manat arası (əvvəlki tarif 30-90 qəpik), şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik (əvvəlki tarif 2,4 qəpik), Bakı-Sumqayıt (Sumqayıt-Bakı) avtobus marşrutlarında isə tarif əvvəlki  50 qəpik əvəzinə 60 qəpik müəyyənləşib.

Onu da qeyd edək ki, tariflərə məhz daşıyıcı şirkətlərin müraciətləri əsasında baxılıb. Yəni qiymətlər bu sahədə fəaliyyət göstərən şirkətlərin təklifləri əsasında tənzimlənib.

Bəs ictimai nəqliyyatda yeni tariflərin müəyyənləşdirilməsini hansı amillər şərtləndirdi?

Əvvəla onu qeyd edək ki, tariflərin dəyişdirilməsi ilə bağlı müraciət dövlətdən deyil, məhz daşıyıcı şirkətlərdən gəlib. Bununla bağlı müzakirələr hələ xeyli müddət bundan əvvəl başlamışdı. Bakı Metropoliteninin, yerüstü sərnişindaşıma xidmətinə cəlb olunan şirkətlərin  mütəxəssisləri yaranan reallıqlar səbəbindən nəqliyyatda daşıma tariflərinin dəyişdirilməsinə ehtiyac yarandığını bildirirdilər. Əsaslandırılırdı ki, ölkəmizdə sərnişindaşıma xidmətinin tarifləri ilə bağlı sonuncu qərar 2018-ci ilin avqust ayında, yəni 5 il bundan əvvəl qüvvəyə minib. Həmin qərarın qəbul edildiyi tarixdən ötən dövrdə bütün dünyada malların və xidmətlərin qiymətlərində sıçrayışlı artımlar müşahidə edilib. Respublikamızda sərnişindaşımada yeni tariflərin müəyyənləşdirilməsi zərurəti də ilk növbədə xarici mənfi təsirlər nəticəsində yaranıb. Ölkəmizdə istifadə olunan metro vaqonları, avtobuslar və onların ehtiyat hissələri əsasən ölkə xaricindən gətirilir. Bundan başqa, son beş ildə yanacağın qiyməti də dəyişib, əməkhaqları artıb. Keçmiş tariflə parkı yeniləmək, nəqliyyat vasitələrini daim saz vəziyyətdə saxlamaq, xidmətin keyfiyyətini artırmaqla müştəri məmnunluğunu təmin etmək, eləcə də əməkdaşların sosial təminatını gücləndirmək sadəcə, mümkünsüz hala gəlmişdi.

Daşıyıcı şirkətlərin mütəxəssisləri əsaslandırırlar ki, 1 sərnişinin daşınmasının maya dəyəri ilə tarif arasında fərq, bəzi hallarda 2 dəfəyə yaxın təşkil edir. Metroda 1 sərnişinin daşınmasının maya dəyərinin 2023-cü ildə 82 qəpik təşkil edəcəyi gözlənilir, şəhərdaxili avtobus marşrutlarında isə amortizasiya xərci ilə birlikdə bu göstərici 33,5 - 57,4 qəpik arasında dəyişir. Göründüyü kimi, yeraltı və yerüstü nəqliyyatda bir sərnişinin daşınmasının maya dəyəri 40 qəpikdən yüksəkdir. Burada müqayisələr aparmaq da mümkündür. Yeni tarif dəyişikliyindən sonra da Bakıda sərnişindaşıma qiymətləri əksər MDB ölkələrindəkindən aşağıdır. Avropa ölkələrində isə qiymətlər daha yüksəkdir. Məsələn, Moskvada metro və avtobuslarda bir adam üçün  gediş haqqı 1,52 manat, Kiyevdə 1 manat, Tbilisidə 64 qəpikdir. Minskdə isə metroda gediş 96 qəpik, avtobus qiyməti 1,16 manatdır. Avropa ölkələrində isə nəqliyyatda tariflər Azərbaycandakı göstəricilərdən dəfələrlə yüksəkdir. 

Sosialyönümlülük nəzərə alınmaqla

Tarif (qiymət) Şurasının iclasında təklif olunan müxtəlif tarif dəyişikliyi variantları nəzərdən keçirilib, dövlətin sosial siyasətinə uyğun olaraq, sosialyönümlülük nəzərə alınmaqla ən optimal variant seçilib. Təkliflərin dəyərləndirilməsi zamanı xidmətin dayanıqlılığının təmin olunması, istehlakçı ilə xidmət göstərənin maraqlarının uzlaşdırılması, iqtisadi əlverişlilik, müştəri məmnuniyyəti, xidmət səviyyəsinin yaxşılaşdırılması kimi amillər əsas götürülüb. Yeni tariflərlə gündəlik metrodan və ya şəhərdaxili marşrutlardan istifadə edən bir vətəndaşın payına düşən aylıq artım cəmi 4-6 manat təşkil edəcək.

Sərnişindaşıma sektoruna davamlı dövlət dəstəyi

Həm yeraltı, həm də yerüstü sərnişindaşıma təsərrüfatı daim yenilənməyə ehtiyac duyulan bir sahədir. Buna görə də bu sahəyə davamlı olaraq dövlət tərəfindən dəstək göstərilir.  Son 7 il ərzində Azərbaycana 1 466 avtobus gətirilib ki, bu da avtobus parkının 61 % yenilənməsi anlamına gəlir. Yalnız ötən il 170-i dövlət investisiyası, 85-i daşıyıcılar tərəfindən olmaqla, ümumilikdə, 255 ədəd avtobus gətirilib.

Son 7 ildə paytaxtda və ətraf qəsəbələrdə 1 215 dayanacaq məntəqəsi təşkil olunub. Yalnız 2022-ci il ərzində 4-ü smart tipli pavilyon olmaqla, ümumilikdə, 278 yeni avtobus dayanacaq məntəqəsi qurulub. 2022-ci ilin sonuna olan məlumata əsasən, Bakı şəhərində marşrut xətlərinin 50 %-də, avtobusların isə 64 %-də nağdsız ödəmə sistemi tətbiq olunub.

Metropolitenin saxlanılması, yeni vaqonların alınması,  stansiyaların inşası da böyük investisiya tələb edir. 2021-2022-ci illərdə Bakıda 2 yeni metro stansiyası (“8 Noyabr” və “Xocasən”) açılıb. Xətlərin cəmi uzunluğu 40,7 km-ə, xətlərin sayı 3-ə, stansiyaların sayı 27-yə çatdırılıb. Dövlət Proqramına görə yeraltı yolların ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 77-yə çatdırılacaq. Son 5 ildə innovasiyalar baxımından sonuncu nəslə mənsub müasir tipli 100 vaqon, 20 qatar alınıb. Yeni metro stansiyalarının tikintisinə investisiya qoyuluşundan başqa, son 4 ildə metroya ayrılan maliyyə yardımı 231 milyon manat təşkil edib.

Yeni tarif dəyişikliyindən sonra metro üzrə 20 milyon manat, avtobus nəqliyyatı ilə daşımalar üzrə isə 200 milyon manat əlavə vəsaitin yaranacağı gözlənilir. Tarif dəyişikliyi nəticəsində yaranacaq əlavə vəsait avtobus parklarının yenilənməsinə imkan yaradacaq, xidmətin keyfiyyətinin yüksəldilməsinə və dayanıqlılığına müsbət təsir göstərəcək.

Qiymət artımı dəmir yolu nəqliyyatına da aiddirmi?

Qeyd edək ki, qiymət artımı dəmir yolu nəqliyyatına aid deyil. “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi məlumatında bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli Fərmanına əsasən, dəmir yolu daşımalarında tariflər və yığımlar “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən müəyyən edilir. Qeyd edilib ki, hazırda dəmir yolu üzrə gediş haqqının dəyişdirilməsi nəzərdə tutulmayıb.

Yaqut Ağaşahqızı, “İki sahil”