03 fevral 2023 19:47
685

Süleyman Ələsgərov adına məktəbin şagirdləri Gənclər Günü münasibətilə konsert proqramı ilə çıxış ediblər FOTO

Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin müəllimi Sevda Qurbanzadənin rəhbərlik etdiyi fortepiano sinfinin şagirdləri Gənclər Günü münasibətilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində konsert proqramı ilə çıxış ediblər.

“İki sahil” xəbər verir ki,  konsertdən əvvəl çıxış edən Sevda Qurbanzadə Azərbaycanda Gənclər Gününün tarixindən danışıb. Bildirib ki, 2 Fevral -Azərbaycanda Gənclər Gününün elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır: “Məhz 1996-cı ilin 2 fevral tarixində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü, birbaşa dəstəyi və iştirakı ilə Azərbaycan Gənclərinin 1-ci Forumu keçirildi. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən isə hər il fevralın 2-si, yəni həmin Forumun keçirildiyi tarix MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü kimi təntənəli şəkildə qeyd olunur. Bizim bugünkü konsert proqramımız həm də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ərəfəsinə təsadüf edir. Möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi hər bir yeniyetmə və gənci bütün mənalı həyatı boyu ölkə gəncliyinə xüsusi diqqət və qayğı göstərən dahi rəhbərin əziz xatirəsini daim dərin ehtiramla anmağa sövq edir. Bütün bunları əsas götürərək biz bu gün paytaxtın ən mötəbər mədəniyyət məbədlərindən biri olan Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 2 Fevral- Azərbaycan Gəncləri Gününə həsr olunmuş konsert proqramı ilə çıxış etməyi qərara aldıq. Təqdim edəcəyimiz proqram həm də 2022-ci ilin yekun hesabat konsertidir. Bu mötəbər muzeydə konsert proqramı ilə çıxış etməyimizin məqsədi həm də uşaqların dünyagörüşünün artırılması, onları xalqımızın zəngin mədəniyyəti və incəsənəti ilə daha yaxından tanış etməkdən ibarətdir”.

Muzeyin direktoru Alla Bayramova Uşaq İncəsənət Məktəbi şagirdlərinin Gənclər Günündə burada konsert proqramı təqdim etmələrini təqdirəlayiq təşəbbüs kimi qiymətləndirib və onlara uğurlar arzulayıb.

Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlayan konserndə məktəbin beynəlxalq müsabiqələrdə yüksək nəticələr göstərmiş istedadlı şagirdləri dünya klassiklərinin və görkəmli Azərbaycan bəstəkarlarının əsərlərini səsləndiriblər.

Böyük anşlaqla keçən konsertdə yeniyetmə musiqiçilərin ifaları alqışlarla qarşılanıb.