04 fevral 2023 08:58
250

ABŞ Latın Amerikası regionunda daha bir Çin zondu aşkarlayıb

Birləşmiş Ştatlar Latın Amerikası ərazisi üzərində Çin kəşfiyyat zondu olduğu ehtimal edilən daha bir hava şarı aşkarlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə CNN telekanalı Pentaqonun sözçüsü Patrik Rayderə istinadən məlumat yayıb.

"Biz Latın Amerikası üzərində bir şarın hərəkət etməsi ilə bağlı xəbəri izləyirik. Təxmin edirik ki, bu, başqa bir Çin kəşfiyyat şarıdır", - deyə o qeyd edib.

Obyektin hansı ölkə ərazisində göründüyü barədə dəqiq məlumat verilməyib. CNN-in məlumatına görə, hava şarının ABŞ-a doğru irəlilədiyinə dair hələlik heç bir dəlil yoxdur.

Qeyd edək ki, bundan öncə ABŞ ərazisində Çinə məxsus hava şarı aşkarlanıb. Çin tərəfi zondun meteoroloji tədqiqatlar aparmaq üçün istifadə olunduğunu və güclü külək nəticəsində idarəetməni itirərək ABŞ hava məkanına keçdiyini bildirib.