04 fevral 2023 18:07
298

TBMM-in deputatları Qərbi Azərbaycan İcmasında olublar

Fevralın 4-də Qərbi Azərbaycan İcmasında Türkiyə Böyük Millət Məclisinin bir qrup üzvü ilə görüş keçirilib.

“İki sahil” xəbər verir ki, türkiyəli qonaqları salamlayan Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli qardaş ölkənin parlamentarilərinin icmanı ziyarət etməsinin böyük mənəvi önəm daşıdığını bildirib. Azərbaycanlıların ötən əsrdə dörd dəfə öz doğma torpaqlarından qovulması barədə məlumat verən İcma sədri bu hadisələr zamanı soydaşlarımıza qarşı törədilmiş müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər barədə danışıb.

İcmanın Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Azərbaycan–Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov qeyd edib ki, yurdlarından qovulmuş azərbaycanlıların İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə və digər beynəlxalq konvensiyalar çərçivəsində tanınmış hüquqlarının təmin edilməsi üçün beynəlxalq ictimaiyyətin dəstəyi vacibdir.

TBMM-in Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım azərbaycanlıların başına gətirilən müsibətlərə görə təəssüf hissi keçirdiyini bildirərək, beynəlxalq konvensiyalara uyğun olaraq onların geri qayıtmaq hüququnun bərpasının zəruriliyini vurğulayıb.

Görüşdə Qərbi Azərbaycan İcmasının əsas orqanlarının rəhbərləri, həmçinin türk deputatlar Orhan Erdem, Yunus Kılıç, Tülay Kaynarca, Uğur Bayraktutan, Yaşar Karadağ, TBMM-in Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Ertugrul Akay, Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşı Öncü Güneş iştirak ediblər.