05 fevral 2023 08:16
321

Xankəndi-Laçın yolunda aksiyanın 56-cı günü: Etirazçıların fəallığı gündən-günə artır

Soyuq və şaxtalı hava şəraitinin müşahidə olunmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası əlli altı gündür davam edir.

“İki sahil” xəbər verir ki,  aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib.

Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.

Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.