Hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olmaq Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən biridir. Qardaş Türkiyədə baş verən zəlzələnin nəticələri bütün Azərbaycan xalqını sarsıtdı. Hər bir soydaşımız, dünyanın harasında yaşamasından asılı olmayaraq, bu ağır günlərdə qardaş ölkəyə dəstək verməyə çalışır. Bu, bizim xalqımızın zəngin milli-mənəvi keyfiyyətlərinin daha bir nümunəsidir. Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk saatlarından xalqımızın Türkiyə xalqına göstərdiyi dəstək xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərinin, qarşılıqlı sevginin sarsılmazlığının, möhkəmliyinin, əbədiliyinin növbəti əyani sübutudur.

“İki sahil” xəbər verir ki, Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə ölkəmizdə həyata keçirilən humanitar yardım kampaniyası davam edir. Zəlzələdən zərərçəkənlərə humanitar yardım kampaniyasına ölkəmizin demək olar ki, bütün vətəndaşları qoşulub. Onların arasında strateji əhəmiyyətli obyektlərin mühafizəsini həyata keçirən özəl mühafizə xidməti olan “Security Operation Services” (SOS) MMC-nin kollektivi də var.

“Security Operation Services” MMC-nin kollektivi qardaş Türkiyəyə yardım kampaniyasına ilk qoşulananların sırasındadır. “Security Operation Services” MMC-nin kollektivi artıq Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi – AFAD-ın bank hesabına yüz on bir min yüz on bir Türk Lirəsi 11 quruş (111111,11) köçürüb. Bununla həm qardaşa qardaş dəstəyi göstərilib, həm də birlik, yaxşı gündə də, çətin gündə də bir olduğumuz, həmrəy olduğumuz mesajı verilib. MMC-nin kollektivi zəlzələdən zərər çəkənlərə yardım etməklə yanaşı kampaniyaya qoşularaq yardımların çeşidlənməsi, qablaşdırılması və avtomobillərə yüklənməsində də böyük əzmlə iştirak edirlər. Qardaş ölkənin Bakıdakı səfirliyinin binasının qarşısına gedən “Security Operation Services” MMC-nin kollektivi zəlzələ qurbanlarının xatirəsini yad edərək, bir daha göstəriblər ki, bu gün bütün Azərbaycan xalqının ürəyi Türkiyə ilə döyünür və Türkiyə-Azərbaycan qardaşlığı əbədidir, sarsılmazdır!