ABŞ-ın nüfuzlu Stənford Universitetində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar elmi-praktik konfrans keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Stənford Azərbaycanlı Tələbələr Assosiasiyası və Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan “Xocalını xatırlayırıq” konfransında Stənford və Berkli Universitetlərinin tələbələri, müəllim və professorları iştirak edib.
Tədbirin keçirilməsində məqsəd Xocalı soyqırımı haqqında məlumatlılığın artırılması, Qarabağla bağlı və ümumilikdə regiondakı mövcud vəziyyətlə əlaqədar səhih məlumatların çatdırılması, erməni dezinformasiyasının qarşısının alınması, bölgədəki sülh və normallaşma prosesinə diqqətin cəlb olunmasıdır.
Universitetinin professoru Hakan Yavuz, rəqəmsal məhkəmə ekspertizası və açıq mənbə kəşfiyyatı üzrə analitik Elçin Məmmədov çıxış edib, təhsil ocağının çoxmilli auditoriyasına geniş məlumat çatdırıblar.
İctimaiyyətə açıq şəkildə təşkil edilən, tələbə və icma üzvlərinin, həmçinin diaspor nümayəndələrinin də müzakirələrə qoşulduğu konfransda Xocalıya ədalət, Xocalının bəşəri cinayət olması və cinayətkarların beynəlxalq hüquq məhkəməsi qarşısında cavab verməsi tələbləri səslənib, soyqırımla bağlı məlumatlandırıcı materiallar paylanıb, bölgədəki indiki vəziyyətə, o cümlədən azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda davam edən aksiyasına diqqət çəkilib.
Bölgədəki real vəziyyətin və tarixi gerçəkliklərin müzakirə olunduğu elmi-praktik konfrans ermənilərin etirazına səbəb olub və onlar konfransın işinin pozulmasına cəhd göstəriblər. Tədbir iştirakçıları bu tip müzakirələrin açıq olduğunu, burada reallıqlara söykənən tərəfsiz elmi müzakirələrin aparıldığını və heç bir təhrif olunmuş faktın səsləndirilmədiyini diqqətə çatdırıblar.
Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin rəhbəri Aynur Ağayevanın moderatorluğu ilə keçirilən konfransda akademik təbəqənin iştirakı ilə belə müzakirələrin davamlı aparılmasının icmalar arasında sağlam dialoqun yaranmasına müsbət təsir göstərəcəyi ifadə olunub.