18 fevral 2023 23:47
673

Riçardas Lapaytis ukraynalı tələbələr qarşısında “Xocalı faciəsi” mövzusunda çıxış edib

“Dneprovskaya politexnika” Milli Texniki Universitetinin nəzdindəki Ukrayna-Azərbaycan Mədəni-İşgüzar Mərkəzində tanınmış litvalı jurnalist Riçardas Lapaytisin “Xocalı faciəsi - postsovet məkanında birinci və ən kütləvi hərbi cinayətlərdən biri kimi. Cinayətkarların cəzasızlığı növbəti presedentlərə necə təsir etdi?” mövzusunda onlayn mühazirə təşkil olunub.

“İki sahil” xəbər verir ki, tədbirin təşəbbüskarı qismində Ukrayna-Azərbaycan layihələrinin kuratoru, jurnalist Marına Qonçaruk çıxış edib.

Ukrayna-Azərbaycan Mədəni-İşgüzar Mərkəzinin direktoru Gennadi Onişşenko tədbiri açaraq, Ukraynaya dost ölkə olan Azərbaycan barədə etibarlı və obyektiv məlumatı öyrənməkdə maraqlı olan ukraynalı tələbələrə tarixi reallıqların çatdırılmasının mühümlüyündən danışıb. Mərkəzin direktoru, həmçinin Ukraynaya dəstəyə görə Azərbaycan xalqına təşəkkür edib.

Riçardas Lapaytis Birinci Qarabağ müharibəsi barədə xatirələrini bölüşüb, Xocalıda törədilən vəhşiliklərin nəticələrini görməsi barədə, eləcə də erməni lobbisinin dəstəyi ilə aparılan Azərbaycan əleyhinə informasiya kampaniyası şəraitində Birinci Qarabağ müharibəsi ilə bağlı reallıqları necə işıqlandırmasından danışıb. “Tələbələrin o qədər çox sualları var idi ki, planlaşdırılan 1 saat əvəzinə biz 2 saatdan çox ünsiyyətdə olduq. Mən şadam ki, Ukraynada müharibəyə, Rusiyanın müdaxiləsinə baxmayaraq, tələbələr Azərbaycana və tarixi reallıqlara maraq göstərirlər”, - deyə Riçardas Lapaytis bildirib.

Litvalı jurnalist öz xatirələri, hələ 1992-ci ildə getdiyi Ağdam şəhərinə səfəri əsasında çəkilmiş “Sonsuz dəhliz” sənədli filmindən danışıb. “Bu çiçəklənən şəhər işğal illəri ərzində xarabalıqlara çevrilib... Lakin oraya, işğaldan azad olunan ərazilərə azərbaycanlılarla birgə həyat da qayıdır, hər şey dirçəlir və ədalət bərpa olur”, - deyə Riçardas Lapaytis vurğulayıb.

Tədbirin moderatoru Marına Qonçaruk Azərbaycanın İkinci Qarabağ müharibəsində Qələbəsinin vacibliyindən danışıb. Bildirib ki, bu, işğaldan əziyyət çəkən ölkənin ərazi bütövlüyünün bərpası ilə bağlı ilk presedentdir. O deyib: “Əgər işğalçı siyasətin presedentləri hələ 1990-cı illərin əvvəllərində aradan qaldırılsaydı, o halda biz hərbi təcavüzün dəhşətli miqyaslarını və nəticələrini görməzdik”.

Tədbir çərçivəsində tələbələr və müəllimlər mühazirəçiyə suallar veriblər. Tədbirdə “Dneprovskaya politexnika” Milli Texniki Universitetinin kafedra müdiri Marina Paşkeviç, bu təhsil ocağının və digər universitetlərin müəllim və tələbələri iştirak ediblər.