23 fevral 2023 10:23
488

Bakı Biznes Universitetində “Xocalıya ədalət” kampaniyası çərçivəsində elektron aksiya keçirilib

Bakı Biznes Universitetində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımına həsr olunmuş elektron aksiya keçirilib. Bakı şəhər Gənclər və İdman Baş idarəsi,Yasamal rayon Gənclər və İdman idarəsi və Bakı Biznes Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbir Azərbaycan Respublikası dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Aksiyanın məqsədi Xocalı soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq və kampaniyaya dəstək verməkdir. 

Tədbiri giriş sözü ilə açan Bakı Biznes Universitetinin Təlim-tərbiyə işləri üzrə prorektoru Cavidan Heydarov tədbir iştirakçılarını salamlayaraq universitetdə görməkdən məmnun olduğunu qeyd edib. C.Heydarov kampaniyada tələbələrin yaxından iştirakının, gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinin, onların milli ruhda yetişdirilməsinin vacibliyini xüsusilə vurğulayıb. Prorektor Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə geniş yayılması, törədilmiş soyqırıma qərəzsiz şəkildə qiymət verilməsi istiqamətində “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində elektron aksiyanın olduqca mühüm vasitə olduğunu söyləyib.

Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov Xocalı soyqırımının tarixindən bəhs edərək Ermənistanın Azərbaycana qarşı amansız təcavüzü və xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasətindən söz açıb. Baş İdarə rəisi Xocalı soyqırımı həqiqətlərinin unudulmaması, gənc nəslin bu istiqamətdə həm yerli, həm də beynəlxalq miqyasda aktiv təbliğat aparması, xüsusilə informasiya texnologiyalarının imkanlarından geniş istifadə etmələri barəsində tələbə-gənclərə dəyərli tövsiyələrini verib. Raqif Abbasov  Xocalıya ədalət kampaniyası çərçivəsində Elektron aksiyanın növbəti günlərdə digər ali təhsil müəssisələrində də həyata keçiriləcəyini və bu istiqamətdə davamlı olaraq layihələrin, tədbirlərin davam etdiriləcəyini sözlərinə əlavə edib.

Yasamal rayon Gənclər və İdman idarəsinin rəisi İlham Səfərov Xocalı soyqırımının bəşəriyyətə qarşı ən qanlı cinayətlərdən biri kimi tarixə düşdüyünü vurğulayıb. İdarə rəisi faciədə uşaqların, qadınların və qocaların da olduğu 613 nəfər azərbaycanlının qəddarlıqla qətlə yetirildiyini söyləyib. İ.Səfərov Xocalı soyqırımı rəsmi şəkildə soyqırımı kimi tanıyan və Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən dövlətlərin sayının da getdikcə artdığını, bu məsələdə həyata keçirilən çoxşaxəli təbliğat fəaliyyətlərinin xüsusi rolu olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. 

Çıxışlardan sonra Xocalı faciəsinə həsr edilmiş film nümayiş etdirilib. Yekunda isə 40 nəfər tələbə-gəncin iştirakı ilə elektron aksiya baş tutub. Belə ki, Xocalı həqiqətlərini əks etdirən məlumatlar dünyanın bir sıra nüfuzlu beynəlxalq təşkilatlarının elektron məktub  ünvanlarına göndərilib.