23 fevral 2023 12:55
595

Xocalı faciəsi insanlıq tarixinin amansız və qəddar soyqırımı aktlarından biridir

Azərbaycan xalqı 200 il ərzində ermənilərin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Xalqımız tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur.

1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideloloqlarının “dənizdən- dənizə Ermənistan” adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnib. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir və bu yolda bütün cinəyət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirdilər.

XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Bu faciə bütün insanlığa yönəlmiş ən ağır cinayətlərdən biridir. Ermənilərin Xocalını hədəf alma məqsədlərindən biri Qarabağın dağlıq hissəsində strateji əhəmiyyətli maneəni aradan qaldırmaq , digər bir məqsədi isə ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı qədim dövrlərdən bəri Azərbaycanın müasir dövrə qədər olan tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi.

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Ermənistan hərbi birləşmələrinin 1992 – ci il fevralın 25 – dən 26 – na keçən gecə şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı, çünki Xocalının mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Bir gecənin içində yer üzündən silinən  Xocalı sakinlərindən 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.

Bütün bu faktlar Xocalı soyqırımının XX əsrin ən dəhşətli faciələrindən biri olduğunu göstərir.

Qeyd etmək lazımdır ki, istər 1992-ci ilin fevralında, istərsə də hadisədən sonrakı günlərdə Xocalıya dünyanın müxtəlif ölkələrindən onlarla əcnəbi jurnalist gəlmişdir. Bu müdhiş günlərdə xarici KİV-lərdə yer alan informasiyalar bəşər tarixinin ən qanlı səhifələrindən olan Xocalı soyqırımı dəhşətlərini tam dolğunluğu ilə əks etdirməsə də, dünya ictimaiyyətində faciənin miqyası haqqında müəyyən təsəvvür yaratmaq baxımından əhəmiyyətli idi.

“Sunday Times” qəzeti (London), 1 mart 1992-ci il: “Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər”.

“Times” qəzeti (London), 4 mart 1992-ci il: “Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır”.

“Washington post” qəzeti, 2 mart 1992-ci il: “Biz Dağlıq Qarabağın qarla örtülmüş dağlarından aşağı düşərkən səpələnmiş meyitləri gördük. Görünür, adamlar qaçarkən onlara atəş açmışdılar. Ağdama qayıdan zaman mülki vertolyota yığılan cəsədlərə baxdıq. İki nəfər yaşlı kişi və kiçik bir qız qanına qəltan edilmiş, onların əlləri və ayaqları donmuşdu”.

Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk əməli təşəbbüs ulu öndər Heydər Əliyevin xalqın təkid və tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdır.

Ümummilli lider Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il 25 fevral tarixli Sərəncamı ilə hər il fevral ayının 26-da saat 17 : 00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir.

Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyiyi münasibətilə Azərbaycan xalqına müraciətinə qeyd etmişdir: “Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”.

Xüsusi vurğulamaq gərəkdir ki, hakimiyyətə gəldikdən sonra Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasını səfirliklərimiz və diaspor təşkilatlarımız qarşısında vacib məsələ kimi müəyyənləşdirmişdir. İnformasiya müharibəsinin geniş yayıldığı müasir dövrdə Xocalı soyqırımı haqqında bütün faktların dünya dövlətlərinə çatdırılması istiqamətində atılan ən mühüm addımlardan biri də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis edilmiş, fəaliyyətinə 2009-cu ilin fevralında start verilmiş və 30-dan artıq ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilən “Xocalıya ədalət” beynəlxalq informasiya və təşviqat kampaniyasıdır.

2011 – ci ildə biz Xocalı soyqırımı haqqında danışarkən bildirirdik ki, bu faciənin dünyaya tanıdılması olduqca önəmli bir faktor olsa da , ən əsası bu soyqırımı törədənlərdən həmvətənlərimizin intiqamını almaqdır və biz bunu bacardıq. Azərbaycan prezidenti İlham Əliyev 2020 – il sentyabrın 27 – də Vətən müharibəsinin gedişində xalqa ilk müraciətində bütün cəmiyyəti qəti qələbəyə köklədi – “ Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” – dedi. Nəticədə, Azərbaycan ordusu erməni işğalçıları ilə olan döyüşlərdə qələbə qazandı, qundaqda Xocalıdan didərgin salınan körpələr, tanklarla işğal altında olan torpaqlarımızı yağı düşməndən azad etdi. 8 noyabr 2020 – ci il Azərbaycan tarixinə qızıl hərflərlə “Zəfər Günü” olaraq yazıldı. Biz intiqamımızı aldıq, biz günahsız insanlarla deyil əli silahlı düşmənlə mübarizə apararaq qələbə qazandıq. Biz yolumuzun haqq yolu olduğunu bir daha bütün dünyaya bəyan etdik.

Allahdan Xocalı faciəsində həlak olan həmvətənlərimizə və bütün şəhidlərimizə rəhmət diləyirik.

Sevinc Orucova,
YAP Xətai rayon təşkilatının "Mehmandarov 86" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü