23 fevral 2023 11:24
274

Vətən müharibəsində Xocalı qatilləri öz layiqli cəzasını aldılar

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalıya hücum etdi. Şəhərə hücum toplardan, tanklardan, “Alazan” tipli zenit raketlərdən açılan 2 saatlıq atəşdən sonra başlanmışdı. Xocalıya üç istiqamətdən hücum edildiyindən əhali Əsgəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdu ki, bu bir tələ, məkrli hiylə imiş. Naxçivanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləbarana tutulmuşdular. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçivanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdi. Erməni vandalları qaçıb canlarını qurtarmaq istəyən silahsız mülki insanları güllələyir, ələ keçirdiklərini vəhşicəsinə qətlə yetirirdilər. İnsanlara dəhşətli işgəncələr verir, diri-diri yandırır, baş dərisini soyur, qulaqlarını və digər orqanlarını kəsir, gözlərini çıxarır, hamilə qadınların qarınlarını deşir və sözlə ifadə edilməsi çətin olan digər vəhşiliklər törədirdilər.

Ermənilərin bu vəhşiliyi hətta o zaman dünya mətbuatında da yayılırdı. Bir çox şahidlər gördüklərini heyrət içində qeyd edirdilər.

14 mart 1992-ci ildə “Le Mond” qəzeti (Paris) yazırdı: “Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxarılmış 3 nəfəri görmüşlər. Bu, azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır”.

İngiltərənin “Fant men nyus” teleşirkətinin əməkdaşı (hadisə yerində olmuşdur) R.Patrik isə xocalılılara qarşı törədilən qətliamdan dəhşətə gələrək demişdir: “Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz”.

Bütün bunlardan sonra xalqımızın yeganə təskinliyi o oldu ki, biz qalib xalq kimi Xocalının qisasını döyüş meydanında ala bildik. 44 günlük Vətən savaşında qəhrəman oğullarımız Xocalı qatillərini, insan cəlladlarını məhv etməklə günahsız soydaşlarımızın qanını yerdə qoymadılar. Bununla da həmin şəhidlərin yaxınlarının, eləcə də bütün Azərbaycan xalqının ürəyinə su çilədilər. Gücləri yalnız əliyalın insanlara çatan mənfur ermənilər Xocalı soyqırımını törətməklə Azərbaycan xalqının gözünü qorxutmaq istəsələr də, buna nail ola bilmədilər. Bu faciə hər birimizi dərindən yaraladı, amma milli iradəmizi, azadlıq eşqimizi, işğalla barışmaz mövqeyimizi sarsıda bilmədi. Vətənimizin mərd oğulları döyüş meydanında Xocalı cəlladlarını məhv etdilər, faşist xislətli ermənilərə heç zaman yadlarından çıxarmayacaqları dərs verdilər. Artıq Xocalı soyqırımı qurbanlarının anım günü “Azərbaycan xalqının milli birliyinin, bərabərliyinin və milli təəssübkeşliyinin simvoluna çevrilib.

Sübhan Ərəbi,
YAP-ın gənc fəalı