23 fevral 2023 14:02
421

Xocalı faciəsi xalqımıza qarşı törədilən etnik təmizləmə siyasətinin davamı idi

Tarixən Qafqazda baş verən siyasi və ya etnik  konfliktlərin əsas səbəbi burada bir əsrdən çox kök salan daşnaq şovinizmidir. Bunun nəticəsində dəfələrlə bölgənin azərbaycanlı əhalisinə qarşı terror aktları, soyqırımlar və qanlı qətliamlar törədilmişdi. Məqsəd isə bəlli idi-azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirmək.

Bunun ən son nümunələrindən biri isə insanlığa qarşı ən amansız terror hadisəsi kimi qiymətləndirə biləcəyimiz Xocalı soyqırımıdır. Xocalı soyqırımı etnik təmizləmə, soyqırımı siyasətinin ən qanlı səhifəsi oldu. Bu soyqırımı dünyanın gözü qarşısında baş verdi. Bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyət birbaşa Ermənistanın o zamankı və indiki rəhbərliyinin, Dağlıq Qarabağdakı separatçı rejimin üzərinə düşür.

7 min əhalisi olan Xocalı isə Şuşadan sonra Dağlıq Qarabağda ən böyük yaşayış məskəni idi. Yerləşdiyi ərazi, infrastrukturu və iqtisadi əhəmiyyətinə görə strateji məkan olan və buna görə də ermənilərin diqqətini cəlb edən Xocalı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlayandan düşmənin əsas hədəflərdən birinə çevrilmişdi. Qarabağdakı yeganə aeroport Xocalıda yerləşirdi, təkcə bu fakt Xocalının ermənilər üçün nə qədər əhəmiyyətli olduğunu sübut edir. Erməni silahlı dəstələrinin əsas vəzifəsi Xocalı platsdarmının məhv edilməsi, buradan keçən Əsgəran-Xankəndi yolunun boşaldılması, aeroportun ələ keçirilməsi idi. Ermənilər Xocalı soyqırımı ilə xalqımızın gözünü qorxutmaq, onun mübarizə ruhunu sarsıtmaq istəyirdilər.

Bu zaman törədilən vəhşiliklər birbaşa beynəlxalq hüquqi aktların pozulması idi. Ermənilərin Xocalıda azərbaycanlılara qarşı həyata keçirdiyi kütləvi qırğının soyqırımı aktı olmasını beynəlxalq hüquq və normalar da təsdiqləyir. Belə ki, soyqırımı cinayətinin hüquqi məzmunu BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 nömrəli qətnaməsi ilə qəbul edilmiş "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya" ilə müəyyən edilib. Xocalı soyqırımı xarakter etibarilə beynəlxalq cinayət kateqoriyasına aiddir.  Bu o deməkdir ki, Xocalı qatilləri beynəlxalq ictimaiyyət və ədalət məhkəməsində də cavab verməli olacaq.

Doğrudur, onların ən böyük cəzası Vətən Müharibəsində qəhrəman hərbçilərimiz tərəfindən verilib. Şanlı ordumuz daşnaqçı terroristlərə sübut etdi ki, kimin qəhrəman olduği döyüş meydanında sübut olunur. Günahsız, silahsız insanlara atəş açmaq isə qorxaqlıq və terrorçuluqdur.

Əli Babazadə,
YAP-ın gənc fəalı