24 fevral 2023 02:16
431

Xocalı soyqırımı: Erməni faşizminin bəşəri cinayəti

Xocalı soyqırımının 29-cu ildönümündə yerli və xarici media nümayəndələri üçün təşkil olunan mətbuat konfransında bu qətliamı Ermənistanın faşizm siyasətinin ağır nəticəsi adlandıran Prezident İlham Əliyev faciəni ötən əsrin ən qanlı hərbi cinayəti adlandırıb.

Sovet ordusunun 336-cı motoatıcı alayının və erməni hərbi birləşmələrinin birgə iştirakı ilə 26 fevral 1992-ci ildə törədilən Xocalı soyqırımı ötən əsrdə tarixə ən qanlı faciə kimi yazılan qırğınlarla eyni cərgədə dayanır. Soyqırımı zamanı qocalar, uşaqlar, qadınlar da daxil olmaqla dinc sakinlər diri-diri tonqallara atıldılar, körpələr süngüyə keçirildilər.

Həmin gün 106-sı qadın, 70-i ahıl, 63-ü uşaq olmaqla 613 Xocalı sakini ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildi. 487 nəfər əlil oldu. Girov götürülən 1275 nəfər ermənilərin ağılasığmayan zülmünə, təhqirlərə məruz qaldı. 8 ailə bütünlükdə məhv edildi. 24 uşaq hər iki valideynini, 130-u isə bir valideynini itirdi. Yeni toyları olan axçilərinə qurban kimi diri-diri başı kəsilən azərbaycanlıların sayı isə 60-ı ötmüşdü. Xocalı soyqırımı daşnakların azərbaycanlılara qarşı 200 ildən bəri apardıqları etnik təmizləmə siyasətinin ən faciəli səhifəsi kimi tarixə yazıldı.

Amma erməni faşizminin Azərbaycan xalqına qarşı törətdiyi faciələr Xocalı soyqırımı ilə də bitmədi. Davamlı olaraq törədilən hərbi təxribatlar, terror aktları, dinc əhaliyə qarşı qəddarlıq, şəhərlərimizin, kəndlərimizin atəşə tutulması, eyni zamanda, İkinci Qarabağ müharibəsi dövründə ballistik raketlərlə dinc şəhərlərin bombalanması – bütün bunlar erməni faşizminin təzahürləri idi.

Xocalı soyqırımını törətməklə Azərbaycan xalqının qələbə əzmini qırmağa, insanları qorxutmağa çalışan erməni vandalları niyyətlərinə çata bilmədilər. Ermənistanın sabiq prezidenti, Xocalı soyqırımı törədilərkən Ermənistan müdafiə naziri olan, uşaq qatili, «Kür çayına qədər gedib çıxmaq iştahasını» gizlətməyən Serjik Sarkisyan ingilis yazıçısı, ABŞ-dakı Karnegi Fondunun proqram direktoru, «Qarabağ-qara bağ» kitabının müəllifi Tomas de Vaala müsahibəsində törətdikləri vəhşiliklərini etiraf etmişdir : « Xocalıya qədər Azərbaycan tərəfi elə bilirdi ki, bizimlə zarafat etmək olar. Onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıracaq insan deyillər. Biz bu anlayışa ( stereotipə) son qoyduq.»

«Biz isə Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldıq. 44 gün davam edən İkinci Qarabağ müharibəsində Ermənistan ordusunu darmadağın edərək, öz tarixi torpaqlarımızı işğalçılardan azad edərək, o cümlədən Xocalı qurbanlarının da qanını aldıq» söyləyən Prezident İlham Əliyev əlavə olaraq vurğulayıb ki, soyqırımı törədiləndə Azərbaycan demək olar ki, informasiya blokadasında idi. Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərində törətdikləri vəhşiliklərdən xəbərsiz idi. O ağır günlərdə Azərbaycanın əsl həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün imkanları məhdud idi. Ona görə də Xocalı soyqırımının dəhşətləri dünya ictimaiyyətinə çatdırılmadı. Hətta soyqırımının azərbaycanlılar tərəfindən ermənilərə qarşı törədildiyi barədə yanlış informasiyalar da yayılırdı

«Bu fikirləri aradan qaldırmaq, təkzib etmək üçün biz, əlbəttə ki, böyük səylər göstərməli idik və qeyd etdiyim kimi, dövlət olaraq, ictimai təşkilatlar olaraq son illər ərzində ardıcıl surətdə bu fəaliyyəti göstərmişik» söyləyən Prezident İlham Əliyev onu da əlavə edib ki, əsas məqsədimiz bu qanlı cinayətin əsl siyasi qiymətini alması, soyqırım qurbaqlarının heç zaman unudulmamasıdır.
 Bu gün Xocalı soyqırımı, erməni quldurlarının 30 ildə azərbaycanlılara qarşı törətdikləri vandalizmi, qəddarlıqları, terrorları barədə dünya birliyi mütəmadi məlumatlandırılır.

İkinci Qarabağ müharibəsində qazandığımız Zəfər Xocalı soyqırımının qurbanlarının, bütün şəhidlərimizin ruhunu rahatlatdı. Amma qana susayan qatil peşəsindən əl çəkmədi. Vəhşiliklərini İkinci Qarabağ müharibəsi günlərində də davam etdirdi. Gəncə, Tərtər, Bərdə və digər şəhərlərə Ermənistan ərazisindən buraxılan ballistik raketlər nəticəsində evlər dağıdıldı, mülki əhali, o cümlədən uşaqlar qətlə yetirildi. Amma illər keçdikcə Xocalı soyqırımı haqqında həqiqətlər bütün dünya ictimaiyyətinə çatdırılır.

İkinci Qarabağ müharibəsindən sonra bölgədə yeni reallıqlar yaradan Azərbaycan bu istiqamətdə səylərini davam etdirir. Vətən müharibəsindən sonra ölkəmizə gələn qonaqların, xarici KİV-lərin nümayəndələrinin Ağdamı «Qafqazın Xirosiması» adlandırmaları, dağılan kəndlərin, şəhərlərin, infrastrukturun ürək ağrıdan mənzərəsini vəhşilik adlandıranlar Xocalı soyqırımını insanlığa sığmayan vandalizm hesab edirlər. Qazax rayonunun Bağanis Ayrım, Xocavəndin Qaradağlı, Əsgəran rayonunun Meşəli kəndlərində ermənilər törətdikləri vəhşiliklər bəşəri dəyərlərə, insanlığa qarşı cinayətdir. Kəlbəcər rayonunun Ağdaban kəndində , Goranboyun Ballıqaya yaylağında laçınlılara qarşı törədilən qətliamlar, Daşaltı əməliyyatı zamanı 90-a yaxın azərbaycanlının vəhşicəsinə öldürülməsi kimi tükürpədici mənzərələri xarici mütəxəssislər ürək ağrısı ilə təsvir ediblər. Ermənilərin Azərbaycan ərazilərində basdırdıqları minaların partlaması nəticəsində həyatlarını itirən mülki azərbaycanlılar da erməni vəhşiliyinin qurbanlarıdırlar. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri zamanı aşkarlanan kütləvi məzarlıqların hər biri yarımçıq qırılan insan ömrünün ifadəsidir. Nəticə budur ki, bütün bəşəri dəyərlərdən məhrum olan ermənilər üçün insan həyatının heç bir əhəmiyyəti yoxdur.

Xocalı soyqırımı törədildiyi zaman iqtidarda olan səbatsız rəhbərlərdən fərqli olaraq ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Milli Məclisi Xocalı faciəsini soyqırımı kimi tanıdı. Həmin vaxtAzərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin təşəbbüsü ilə hazırlanan «Ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş genosidin etiraf edilməsinə dair» deklarasiya təşkilatda təmsil olunan Böyük Britaniya, Lüksemburq, Polşa, Türkiyə, Bolqarıstan, Albaniya, Norveç və Makedoniyadan olan deputatlar tərəfindən təsdiq edildi. Artıq Türkiyənin, ABŞ-ın 30 ştatının, Meksikanın, Pakistanın, Kolumbiyanın, Çexiyanın parlamentlərində, Honduras Milli Konqresində, Tehranda keçirilən İƏT-in Parlamentlər İttifaqının sessiyasında iştirak edən 53 ölkənin Xocalıda törədilənləri soyqırım kimi tanıması ermənilərin saxta ideoloji təbliğatına vurulan zərbə, Azərbaycan həqiqətlərinin təsdiqi oldu. Erməni vandalizmini pisləyən Paraqvay Respublikasının Deputatlar Palatasında Xocalı soyqırımının pislənilməsi, bununla bağlı bəyanatın qəbulu, qətlə yetirilən soydaşlarımızın xatirəsinin anılması ölkəmizlə həmrəyliyin ifadəsi, Azərbaycan diplomatiyasının uğuru, xarici siyasətimizin dəstəklənməsi idi. Heydər Əliyev Fondu tərəfindən hazırlanan, soyqırımını əks etdirən yüzlərlə foto albomlar, məlumat kitabçaları, açıqcalar, «Leyla Əliyeva: Xocalıya ədalət» kitabı, «Böyüməyən uşaqlar», «1992-ci ilin qarı» kimi sənədli filmlər, Türkiyənin Uşak şəhərində Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş abidə... bütünlükdə dünya ictimaiyyətinin Xocalıda qətliam törədən ermənilərə ictimai nifrətin ifadəsi idi.

Çox təəssüf ki, kapitulyasiya aktını imzaladıqdan sonra belə hərbi cinayətlərini, təxribatlarını davam etdirən Ermənistan rəhbərliyi onu gözləyən təhlükələrin ağır nəticələrini düşünmək istəmir. Bu gün yeniyetmələrini Azərbaycana qarşı silahlı müdaxilələrə hazırlayan Ermənistan rəsmiləri Türkiyənin şərqindəki Ağrı dağı ərazilərinin alınmasını ölkə gənclərinə hədəf göstərən sabiq prezident Serj Sarkisyanın «ənənələrini» davam etdirir , yanlış seçim edirlər. Erməni gəncin «Qərb torpaqlarımızı Ağrı dağıyla birlikdə geri ala biləcəyikmi» sualını «Bu sizə bağlıdır. Bizim dövrün insanları öz öhdəliklərini layiqincə yerinə yetirərək 1990-cı ildən sonra vətənimizin parçası olan Qarabağı düşmən əlindən xilas etdi. Hər nəslin öz vəzifəsi var. Sizin də gələcəkdə öz vəzifələrinizi yerinə yetirib yetirməyəcəyiniz birlik və bütövlüyümüzlə bağlıdır» sözləri ilə cavablandıran Serjik Sarkisyan dəmir yumruğun zərbəsindən sonra çətin ki, dığalarına belə yol göstərə. Ermənistanın rəhbərliyi yaxşı olar ki, müharibə ruhunda böyütdükləri haylarına Prezident İlham Əliyevin bu sözlərini əzbərlətsinlər: «İnanmalıyıq və eyni zamanda, addımlar atmalıyıq, fəal olmalıyıq, işləməliyik. Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik və bu günü xatırlayacağıq.»

Xuraman İsmayılqızı, «İki sahil»