24 fevral 2023 00:47
449

Bəşəriyyətə qarşı cinayət

Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmış, tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur.  1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.

XX əsrin sonunda baş vermiş Xocalı faciəsi təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki kimi dəhşətli faciələri ilə bir sırada dayanır.

Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər 4 tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək idi.

1992-ci il fevral ayının 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan var idi. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər dinc sakin amansızcasına qətlə yetirilmiş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirmişdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülmüş, onların 150 nəfərinin taleyi indiyə kimi məlum deyil.

Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər həyata keçirmişdilər. Onların başının dərisini soymuş, başlarını və bədəninin digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarnını yarmışdılar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilmişdir. Bütün bunlar işğalçı Ermənistanın Cenevrə konvensiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirilən soyqırım olduğunu təsdiqləyir.

Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. Xocalı faciəsinə ilk siyasi qiymət kimi 1994-cü ildə Ümummilli liderimiz Heydər Əliyev xüsusi Fərman vermiş, Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir.

Bu gün bu faciəylə bağlı həqiqətlərin beynəlxalq aləmdə düzgün təbliği və günahkarların layiqli cəzalandırılması istiqamətində ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həm ideoloji, həm mədəni, həm iqtisadi, həm sosial, həm də digər sahələrdə hücum diplomatiyası uğurla həyata keçirilir.

Ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən cənab İlham Əliyev Vətən uğrunda şəhid olanların və soyqırıma məruz qalanların xatirəsinin yad edilməsini və hər il anım mərasimlərinin keçirilməsini daim diqqət mərkəzində saxlayır.

Xocalı faciəsi hər il dünyanın 80-dən artıq ölkəsində geniş şəkildə anılır və ictimaiyyətə çatdırılır. Son dövrlər bütün dünyada ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı siyasəti pislənir, Xocalıda törədilmiş qanlı qətliam beynəlxalq hüquq normalarına uyğun olaraq qiymətləndirilir.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ermənistanı təcavüzkar, Xocalı faciəsini soyqırım kimi tanıyan ilk beynəlxalq təşkilatdır. Bu təşkilatın Gənclər Forumunun dünyanın çoxsaylı ölkələrində həyata keçirdiyi “Xocalıya ədalət” kampaniyasının məramı da beynəlxalq ictimaiyyəti bu qanlı hadisə ilə bağlı ətraflı məlumatlandırmaqdır.

Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı geri qaytardı. Bu haqq döyüşündə tarix yazan Azərbaycan ordusu tərəfindən məhv edilən düşmən qüvvələri içərisində Xocalı soyqırımının cəlladları da var idi.

Tarixi qələbə qazanan şanlı ordumuz bu qətliamın günahsız qurbanlarının qisasını aldı. Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu.

Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı