24 fevral 2023 08:45
411

Bosniya və Herseqovinada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar ölkəmizin Bosniya və Herseqovinadakı səfirliyinin, Azərbaycan Gənclər Fondunun, “Saf Həyat Naminə” Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı və iştirakı ilə fevralın 23-də Sarayevo şəhərində “Qarabağ milli irsin izləri ilə” adlı beynəlxalq konfrans keçirilib.

“İki sahil” xəbər verir ki, konfransda Bosniya və Herseqovina Rəyasət Heyətinin bosniyalı üzvünün müşaviri, Azərbaycan və Bosniya və Herseqovinadan deputatlar, elm adamları, tanınmış ictimai-siyasi xadimlər, qeyri-hökumət təşkilatlarının üzvləri, ölkədə akkreditə olunan diplomatik korpus və KİV nümayəndələri, azərbaycanlı tələbələr iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Səfir Vilayət Quliyev, Milli Məclisin deputatı Müşfiq Cəfərov, Srebrenitsa Anaları İctimai Birliyinin sədri Munira Şubaşiç, Post-Münaqişə Tədqiqat Mərkəzinin sədri Velma Şariç, ölkədə tanınmış gənc təhlilçi Admir Lisica tədbirdə çıxış ediblər.

Vilayət Quliyev “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının 15-ci ildönümü çərçivəsində təşkil edilmiş konfransın iştirakçılarına Ermənistan tərəfindən işğal dövründə Azərbaycan ərazilərində etnik təmizləmə siyasətinin həyata keçirilməsi, mülki əhaliyə qarşı ağır cinayətlərin törədilməsi və çoxəsrlik tarixi, mədəniyyət və dini abidələrinin məhv edilməsi barədə məlumat verib. O, Bosniya və Herseqovina Parlamentinin Xalqlar Palatası tərəfindən “Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tanınması və hörmət olunması” adlı qətnamənin qəbul edildiyini minnətdarlıqla xatırlayıb.

Sonra çıxış edən Milli Məclisin deputatı M.Cəfərov Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımından 31 il keçməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələrinin Xocalıda və Azərbaycanın digər işğal olunmuş ərazilərində törətdikləri cinayətlərə beynəlxalq qurumlar tərəfindən ədalətli qiymətin verilmədiyini və cinayətkarların hələ də cəzalandırılmadığını bildirib. Deputat deyib ki, Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.

Digər çıxış edənlər Xocalı şəhərinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin qəfildən hücum etdiyini, mülki insanların, habelə 63 uşağın xüsusi qəddarlıqla və amansızcasına öldürüldüyünü, bir qisminin ağır yaralandığını, əsir alınıb işgəncələrə məruz qoyulduğunu və itkin düşdüyünü xatırladıblar. Natiqlər Xocalıda törədilən bu etnik təmizləmə cinayətlərin Ermənistanın sistematik xarakter daşıyan zorakılıq siyasətinin bir hissəsi olduğunu, bu siyasətin əsasında ermənilərin irqi üstünlüyünü və azərbaycanlılara qarşı nifrəti aşılayan faşist ideologiyasının dayandığını bildiriblər.

Daha sonra Xəzər Media Mərkəzinin hazırladığı “Buz heykəl və Dəmir yumruq” sənədli filmi nümayiş etdirilib, “30 illik həsrətə - 44 günlük son” adlı məlumatlandırıcı təqdimat olub. Eyni zamanda, iştirakçılar Xocalı faciəsinin dəhşətlərini əks etdirən foto və rəsm sərgisi ilə tanış olublar.

Tədbir çərçivəsində səfir V.Quliyev KİV nümayəndələrinə müsahibə verib.

Ölkəmizdən konfransda iştirak etməyə gələn nümayəndə heyəti Sarayevo şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə əsaslı təmir və bərpa edilmiş “Dostluq parkı”nda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər. Abidə önünə əklil qoyan tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini anıblar.