24 fevral 2023 15:13
418

Energetika Nazirliyində Xocalı faciəsinin 31-ci ildönümü anılıb

Energetika Nazirliyində Xocalı faciəsinin 31-ci ildönümü münasibətilə anım tədbiri keçirilib. Tədbirdə Nazirlik və tabeli qurumların kollektivi iştirak edib.

“İki sahil” xəbər verir ki, əvvəlcə Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Energetika nazirinin müavini Elnur Soltanov çıxış edərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin keçmiş sovet ordusunun 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücumu zamanı dinc əhalinin başına gətirilən işgəncələrdən və törədilən cinayətlərdən bəhs edib. Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olduğu qeyd edilib, bu faciənin təkcə Azərbaycan və azərbaycanlıların deyil, bütün insanlığın, bəşəriyyətin faciəsi adlandırıldığı vurğulanıb.

Tədbirdə Xocalı soyqırımın dünyaya tanıdılması istiqamətində həyata keçirilən mühüm addımlar diqqətə çatdırılıb. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan parlamenti Xocalı soyqırımı günü haqqında qərar qəbul edib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyaları həyata keçirilib, bir sıra ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsinin tanınmasına, faciəyə beynəlxalq siyasi qiymətin verilməsinə və bununla bağlı mühüm sənədlərin qəbul edilməsinə nail olunub.

O da vurğulanıb ki, ermənilərin törətdiyi dəhşətli cinayətlər, vəhşiliklər xalqımızın mübarizə əzmini qıra bilməyib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində şəhidlərimizin qanını yerdə qoymayaraq işğal altında olan torpaqlarımızı azad edib. Əldə edilən şanlı Zəfərlə ordumuz həm də Xocalı şəhidlərinin qisasını alıb.

Tədbirdə, həmçinin nazirliyin digər əməkdaşlarının Xocalı faciəsi ilə bağlı çıxışları dinlənilib, Xocalı soyqırımına həsr edilmiş videoçarx nümayiş olunub.