24 fevral 2023 16:50
405

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Romada Xocalı soyqırımına həsr olunan tədbir keçirilib

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Heydər Əliyev Fondunun və Azərbaycanın İtaliyadakı səfirliyinin birgə təşkilatçılığı ilə səfirliyin Mədəniyyət Mərkəzində anım tədbiri keçirilib. Tədbirdə İtaliya parlamentinin üzvləri, dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, diplomatik korpus təmsilçiləri, yerli KİV nümayəndələri və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Fonddan "İki sahil"ə verilən xəbərə görə, tədbirdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov Xocalı soyqırımının 31 il bundan öncə Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü zamanı mülki əhaliyə qarşı törədilən ən ağır cinayətlərdən biri olduğunu diqqətə çatdırıb.

Bir gecədə 613 mülki şəxsin etnik mənsubiyyətinə görə xüsusi amansızlıqla qətlə yetirildiyini vurğulayan səfir bunun Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə siyasətinin təzahürü olduğunu qeyd edib. O, Xocalıda törədilən soyqırımı cinayətinin Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn norma və prinsiplərinin ən kobud şəkildə pozularaq planlaşdırılmış şəkildə həyata keçirildiyini bildirib.

R.Aslanov müharibə, soyqırımı və insanlıq əleyhinə cinayətlərin xatırlanmasının həm də onları törədənlərin cəzalandırılmasının təminatı və bir daha baş verməməsi baxımından önəmli olduğunu vurğulayıb. 2020-ci il Vətən müharibəsi nəticəsində ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə öz gücü sayəsində ədaləti bərqərar edərək, ərazi bütövlüyünü bərpa etdiyini deyən səfir Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsi, cinayətkarların ədalət mühakiməsinə cəlb edilməsi üçün də dövlətimizin israrlı olduğunu diqqətə çatdırıb.

Səfir dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının Xocalıda törədilmiş cinayətlərə hüquqi və siyasi qiymətin verilməsinə mühüm töhfə verdiyini vurğulayıb.

Heydər Əliyev Fondunun nümayəndəsi Fidan Yusibova çıxış edərək bildirib ki, ötən əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş Xocalı soyqırımı yalnız soydaşlarımıza deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayət idi. Xocalı faciəsini miqyasına, qəddarlığına görə unutmaq mümkün deyil və bu tarix xalqımızın qan yaddaşında həmişəlik həkk olunub. Bu faciə təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı törətdiyi soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsidir.

O, erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlərin, eləcə də Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının hər zaman Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinin mühüm istiqamətləri sırasında olduğunu qeyd edib. Vurğulayıb ki, bu dəhşətli soyqırımının dünyada tanıdılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri var. Xocalı həqiqətlərinin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası xüsusi əhəmiyyət kəsb edir.

F.Yusibova qeyd edib ki, “Xocalıya ədalət!” beynəlxalq kampaniyası soyqırımı faktının xaricdə tanınması prosesinə böyük töhfə verib. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyəti Xocalı soyqırımı haqqında məlumatlandırmaq, bu faciənin qurbanlarının xatirəsinin anılmasına və hadisələrin yaddaşlarda yaşamasına, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına nail olmaqdır. Kampaniya çərçivəsində görülən məqsədyönlü fəaliyyət nəticəsində dünya ölkələri erməni terrorçularının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır. İndiyədək 10-dan çox ölkə və İslam Əməkdaşlıq Təşkilatı Xocalıda ermənilər tərəfindən törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qərar və qətnamələr qəbul ediblər.

Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi sayəsində xalqımız Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib xalq kimi yad edir. Bu gün bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb.

Sonra İtaliyadakı Azərbaycan icmasının 13 yaşlı üzvü İlduzə Sadıxova Xocalı soyqırımının canlı şahidi Səriyyə Müslim qızı Cəfərovanın müəllifi olduğu və Xocalı soyqırımının qurbanlarına həsr edilən “Onlar heç vaxt böyüməyəcəklər” kitabından hekayələri italyan dilində tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Anım tədbirində Azərbaycanın Əməkdar artisti, məşhur pianoçu İslam Manafovun və Əməkdar artist, dirijor, bəstəkar və pianoçu Turan Manafzadə çıxışları dinlənilib, Azərbaycan və dünya klassik əsərləri səsləndirilib. Bundan başqa, azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı, dirijor və bəstəkar Abuzər Manafzadə tərəfindən bəstələnən “Xocalıya” əsəri ifa olunub.

Tədbir çərçivəsində, həmçinin Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan fotosərgi təşkil edilib.