Mətanət Səfərli,
YAP Nəsimi rayon təşkilatının əməkdaşı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək, “Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir”. Xocalı faciəsini uzun illərdir ki. dərin hüzn içində keçirirdik. Başda Ali Baş Komandan İlham Əliyev olmaqla Müzəffər ordumuz tərəfindən həyata keçirilən 44 günlük Vətən Müharibəsində Xocalıda, Qaradağlıda, Ağdabanda, Ballıqayada və eləcə də digər ərazilərimizdə erməni terrorçularının, erməni cinayətkarlarının layiqli cavabını verdi. Ancaq bütün bunlara baxmayaraq bu tarixi qətliyam barəsində yetişməkdə olan gənc nəsilin daha çox məlumat almasına zərurət var. Bu kimi məlumatların daha geniş arenaya çatdırılması milli birliklə yanaşı vətənpərvərlik hissinin yüksəldilməsinə, Xocalı qətliyamçılarının ifşa olunmasına zərurət yaradacaq.
Xocalı soyqırımı erməni işğalçılarının iki yüz ildən artıq xalqımıza qarşı tətbiq etdikləri deportasiya və soyqırımı siyasətinin ən faciəli səhifəsidir. İnsanlığa qarşı törədilmiş bu dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Eyni zamanda, 487 nəfər dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də məlum deyil. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Lakin sonra araşdırmalar zamanı məlum oldu ki, həlak olan uşaqların sayı 76-dır.
Xocalı soyqırımını törədən erməni vandalları beynəlxalq hüquqi aktları BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını, “Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair” IV Cenevrə Konvensiyasını, Birləşmiş Millətlər Təşkilatının “Ümumdünya İnsan Haqları Bəyannaməsi”ni, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktı, “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanı, “Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi” Bəyannaməsini, eləcə də digər beynəlxalq norma və prinsipləri kobud surətdə pozmuşdur. Onu da qeyd edək ki, Heydər Əliyev Fondunun və onun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası nəticəsində 17 ölkənin parlamenti və ABŞ-ın 20-dən atrıq ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləmişdir. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırım kimi tanımışdır. Lakin bununla yanaşı hər birimiz bu istiqamətdə öz töhfəmizi verməliyik. Təcrübə göstərir ki, vahid informasiya sisteminin qurulması və davamlı şəkildə təbliğ-təşviqat layihələrinin keçirilməsi çox müsbət nəticə verir. Gün gələcək ki, Xocalı soyqırımını törədənlər hüquq qarşısında cavab verəcəklər.