Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində şəhid mayor Murad Məmmədovun əl işlərinin sərgisi və Nazirliyin dəstəyi ilə “ƏSA” teatrının hazırladığı “Qonşu” film-tamaşasının təqdimatı tədbiri keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, millət vəkilləri Musa Quliyev, Arzu Nağıyev, “ƏSA” Teatrının rəhbəri Nihad Qulamzadə, qeyri-hökumət təşkilatlarının nümayəndələri, şəhid Murad Məmmədovun ailə üzvləri, dostları, xidmət yoldaşları, digər şəhid ailələri üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və film-tamaşanın yaradıcı heyəti və b. iştirak edib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
V.Nəsirli bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun Xankəndidəki 366-cı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin əhalisinə qarşı törətdiyi soyqırımı insanlığa qarşı dəhşətli cinayətlərdən biridir. Qeyd olunub ki, bu soyqırımı zamanı içərisində uşaqlar, qadınlar, yaşlı insanlar da olmaqla 613 nəfər qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib. 1275 sakin girov götürülüb, 487 nəfər ağır şəkildə yaralanıb, 150 nəfərin taleyi hələ də naməlum qalıb.
Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilməsi istiqamətində Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri qeyd olunub. Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin bir istiqaməti kimi, ötən dövrdə Xocalı soyqırımına beynəlxalq səviyyədə hüquqi qiymətin verilməsi, habelə bu sahədə Heydər Əliyev Fondu tərəfindən, Fondun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya Ədalət” kampaniyası çərçivəsində aparılmış işlər qeyd olunub. Xocalı soyqırımının artıq bir çox ölkələrin parlament aktlarında tanındığı bildirilib.
Vurğulanıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuz möhtəşəm Zəfər əldə etdi. Doğma torpaqlarımız Ermənistanın işğalından azad edildi, düşmənə sarsıdıcı zərbələr vurularaq şəhidlərimizin qisası alındı.
Şəhidlərimizin xatirəsini daim ehtiramla anırıq. “Qaraheybət” poliqonunda baş vermiş helikopter qəzasında şəhid olmuş Murad Məmmədovun əl işləri sərgisinin təşkili də bunun bir təzahürüdür. Şəhid ailələri üzvlərinin məşğulluğuna da dəstək göstərilir, onların bir qismi, həmçinin şəhid Murad Məmmədovun həyat yoldaşı Aysel Məmmədova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində işə qəbul olunub.
Nazirliklə inklüziv teatr olan ƏSA teatrı arasında daimi əməkdaşlıqdan bəhs olunub. Bildirilib ki, hazırkı tədbirin keçirildiyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi də Cənubi Qafqazda ilk dəfə olaraq kifayət qədər çoxşaxəli fəaliyyət sahələrini əhatə edən ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır.
Xocalı soyqırımının 31-ci ildönümü ərəfəsində təqdim olunan “Qonşu” film-tamaşası da yeni inklüziv yaradıcılıq nümunəsidir.
Tədbirdə M.Quliyev, N.Qulamzadə, həmçinin şəhidin ailə üzvləri çıxış ediblər. Tədbir film-tamaşanın təqdimatı ilə davam edib və yaradıcı heyət səhnəyə dəvət olunub.