Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar İtaliyanın paytaxtı Roma şəhərində məlumatlandırıcı sosial aksiya keçirilib.
“İki sahil” xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində təşkil olunan aksiya zamanı üzərində Xocalı soyqırımına dair faktları əks etdirən xüsusi avtomobil şəhərin mərkəzi küçələrində hərəkət edib. Xüsusi dizaynlı avtomobilin üzərində Xocalıda erməni silahlı birləşmələrinin törətdiyi qanlı cinayətləri əks etdirən fotoşəkillər və məlumatlar nümayiş olunub.
Avtomobil İtaliya paytaxtının mərkəzi küçə və meydanlarından keçərək yerli sakinlərin diqqətini Xocalıda ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımına cəlb edib.