Xarici qüvvələrin hazırladığı, Qarabağın dağlıq hissəsini Azərbaycandan qoparmaq planına uyğun Sumqayıtda ermənilərin iştirakı ilə təşkil olunan bu hadisələr SSRİ-nin süqutunu tezləşdirdi
Qarşılarına qoyduqları məkrli niyyətə yetmək üçün hər cür vəhşiliyə, insanlığa sığmayan qanlı cinayətlərə imza atan ermənilər hətta öz millətlərindən olanların belə, qanını tökməkdən çəkinməyiblər. 1988-ci il fevralın 28-29-da Sumqayıtda baş verənlər də erməni məkrinin və terrorunun növbəti qanlı səhifəsi idi. Sumqayıt hadisələrini törətməklə bəhanə əldə edən ermənilər Azərbaycana qarşı növbəti ərazi iddialarını açıq müstəviyə keçirdilər. Tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində yaşayan 200 mindən artıq azərbaycanlını doğma yurdlarından didərgin saldılar, Qarabağın dağlıq hissəsində azərbaycanlı əhaliyə qarşı silahlı separatizmə başladılar.
Sumqayıtda baş verənlərdən 35 il ötür. İllər keçdikcə bu hadisənin görünməyən tərəfləri aydınlaşır, ermənilərin həyata keçirdikləri qanlı ssenarinin harada yazıldığı, kimlərin həmin hadisənin törədilməsində maraqlı olduğu tam çılpaqlığı ilə üzə çıxır. Bu gün hər birimizin qarşısında duran vəzifələrdən biri məhz Sumqayıt hadisələrinin baş verməsinin əsl səbəbini, günahkarlarını dünyaya çatdırmaqdır.
Məlum olduğu kimi, ötən əsrin 80-ci illərinin ortalarında keçmiş SSRİ-nin respublikalarından biri olan Ermənistan digər müttəfiq respublikanın - Azərbaycanın daxili işlərinə kobud müdaxilə edərək, respublikamızın coğrafi-siyasi, etnik-mədəni baxımdan tarixi ərazisi olan Qarabağ bölgəsi ilə bağlı əsassız iddialar irəli sürdü. Bununla da, iki müttəfiq respublika arasında münaqişə yarandı. 1987-ci ilin noyabrında ermənilərin nümayəndələri Moskvaya gedərək mərkəzi orqanlar qarşısında əsassız tələblərini irəli sürdülər. Elə həmin aydan etibarən Ermənistanda öz tarixi torpaqlarında, ata yurdlarında yaşayan azərbaycanlı əhaliyə qarşı hücumlara start verildi. Bunun da nəticəsində yüzlərlə azərbaycanlı qaçqına çevrilərək Azərbaycana pənah gətirdi. Artıq 1988-ci ilin yanvar ayında Azərbaycanda Ermənistandan qovulan 4 mindən çox azərbaycanlı vardı. 1988-ci ilin fevralında Ermənistan nümayəndələri Moskvaya növbəti dəfə səfər edərək Sovet İttifaqının rəhbər orqanları qarşısında öz tələblərini irəli sürdülər. Bunun ardınca 1988-ci il fevralın 13-də Stepanakertdə mitinqlər və konstitusiya quruluşu əleyhinə hərəkətlər başladı. Həmin hərəkətlər Ermənistanda və Xankəndidə azərbaycanlılara qarşı zorakılıq, hücumlar, bir müddət sonra isə azərbaycanlıların qaçqın və məcburi köçkünə çevrilmələri ilə müşayiət olundu. Ermənistandan gəlib Azərbaycanın Yuxarı Qarabağ regionunda təbliğat aparan "Qarabağ" və "Krunk" təşkilatlarının fəalları - Z.Balayan və İ.Muradyan kimiləri, iki xalq arasında düşmənçilik toxumları səpir, separatçılığı qızışdırırdılar. 13 fevral 1988-ci ildə ermənilər həsrətində olduqları Dağlıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsi tələbi ilə Xankəndidə «miatsum» çağırışlarını səsləndirdilər, mitinqlər təşkil etdilər.
27-29 fevral 1988-ci ildə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) planına uyğun hazırlanan Sumqayıt hadisələri baş verdi. Sumqayıtın seçilməsi təsadüfi deyildi. Ermənilərlə azərbaycanlıların birgə yaşadıqları bu şəhərdə milli zəmində təxribatlar yaratmaq, münaqişələri gerçəkləşdirmək daha asan idi. Sumqayıtda o vaxt 82 millət və etnik qrupu təmsil edən 258 mindən artıq əhali yaşayırdı ki, onların 14.208 nəfəri ermənilər idi. Demək milli zəmində qarşıdurma və qırğın törətmək üçün seçilən bu şəhər əsl “etnik savaş poliqonu” ola bilərdi. İğtişaşlar nəticəsində 32 nəfər həlak oldu. Onların 24 nəfəri erməni, 5 nəfəri azərbaycanlı, qalanları isə digər xalqların nümayəndələri idi. Bununla belə, Sumqayıt hadisələrində bir çox azərbaycanlı erməniləri mənzillərində gizlədərək ölümdən xilas etdi. Xəsarət alan 198 nəfərin 87-si xəstəxanaya yerləşdirildi. 60 mənzil qarət edildi, 14 avtomaşın yandırıldı, 8 maşın zədələndi, 16 ticarət obyektinin şüşələri qırıldı, Azərbaycan SSR Daxili İşlər Nazirliyinin 17 avtomaşını əzildi.
Hadisənin təşkilatçılarından biri ermənilərin qətlində və digər cinayətlərdə bilavasitə iştirak edən Eduard Qriqoryan idi. Qriqoryan öz ətrafında adamları cəmləşdirib onlara rəhbərlik edərək, “ermənilərə ölüm”, “ardımca” və sair çağırışlarla özündə olan və əvvəlcədən hazırlanmış siyahıya əsasən erməni millətindən olan şəhər sakinlərinin evlərinə hücumlar həyata keçirib. İstintaq zamanı hücuma, zorakılığa və işgəncələrə məruz qalmış erməni millətindən olan zərərçəkmişlər (Lyudmila və Karina Mejlumyan bacıları, Manvel Petrosyan və digərləri) göstəriblər ki, onların evlərinə hücum edənlərə rəhbərlik və göstəriş verən məhz Eduard Qriqoryan olub, orada olan insanlar onun göstəriş və əmrlərinə əsasən hərəkət ediblər. İstintaq zamanı maraqlı bir fakt da üzə çıxıb.
Belə ki, erməni millətindən olan Sumqayıt şəhər sakinlərinin öldürülməsinə görə məhkum olunmuş Eduard Qriqoryan 1989-cu il dekabrın 22-də hökm oxunduqdan sonra - SSRİ mövcud olduğu zaman – 1991-ci il avqustun 26-da Ermənistan Respublikası, Yerevan şəhər 1 saylı istintaq təcridxanasına köçürülüb. Ortaya sual çıxır ki, hansı “xidmətlərinə” görə Eduard Qriqoryan Ermənistana təhvil verilib? 2015-ci il fevralın 9-da Eduard Qriqoryanın 2000-ci il sentyabrın 1-nə kimi qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə barəsində axtarış verilib.
İstintaqla Sumqayıt şəhərində yaşayan ermənilərin böyük bir hissəsinin “Krunk” cəmiyyətinə pul vəsaiti köçürdüyü müəyyən edilib. Sumqayıt şəhərində zərərçəkən ermənilərin əksəriyyəti keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində fəaliyyət göstərən “Krunk” cəmiyyətinə könüllü maddi vəsait köçürməkdən imtina edənlər olub. Belə ki, cinayətkar dəstə bir binaya, bloka daxil olaraq birinci mərtəbələrdə yerləşən erməni millətindən olan sakinlərin evlərinə daxil olmayaraq, yuxarı mərtəbələrdə yaşayan ermənilərin mənzillərinə hücum ediblər. Sonradan məlum olub ki, hücuma məruz qalmayan evlərin sahibləri “Krunk” cəmiyyətinə vaxtlı-vaxtında pul vəsaitləri köçürənlərdir. Şahidlərin ifadələri ilə müəyyən edilib ki, “Krunk” cəmiyyətinə pul köçürən ermənilərin evləri hücuma məruz qalmayıb. Hətta müəyyən edilib ki, erməni millətindən olan musiqiçilər toydan və digər tədbirlərdən əldə etdikləri pul vəsaitinin bir hissəsini “Krunk” cəmiyyətinə köçürüblər.
Cinayət işinin materialları bir daha göstərir ki, Sumqayıtın azərbaycanlı sakinlərinin fərdi humanizmi və şücaəti olmasaydı, hadisələr planlaşdırılmış təxribat planına uyğun olaraq daha geniş miqyas alardı. Milliyyətcə erməni olan şahidlərin ifadələrindən göründüyü kimi, onlarla erməni hadisələr vaxtı azərbaycanlı ailələr tərəfindən öz evlərində yerləşdirilməklə xilas edilib.
SSRİ dövründə foto-video çəkilişə xüsusi nəzarət və senzura tətbiq olunmasına baxmayaraq, hadisələrin əvvəlcədən quraşdırılmış vasitələrlə foto-video çəkilişi aparılıb və dərhal SSRİ ərazisindən çıxarılaraq erməni lobbi təşkilatları vasitəsilə antiazərbaycan kampaniyasının tərkib hissəsi kimi yayılıb. Ermənistan və erməni lobbisi dairələri tərəfindən Sumqayıt hadisələri qəsdən Azərbaycana qarşı təbliğat və dezinformasiya məqsədilə istifadə edilsə də, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, aparılmış obyektiv və faktlara söykənən istintaq materialları ilə həmin iğtişaşların məhz erməni millətçilərinin və onların havadarlarının öz məkrli niyyətlərinə nail olmaq məqsədilə təşkil edilərək törədilməsi kifayət qədər və təkzibedilməz faktlarla sübuta yetirilib.
Sevinc Azadi, “İki sahil”