Perunun rəsmi dövlət qəzeti və ən nüfuzlu mətbu orqanı olan “El Peruano”da Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı məqaləsi dərc olunub.
Azərbaycanın Meksikadakı səfirliyindən "İki sahil"ə verilən məlumata görə, məqalədə erməni təcavüzünün tarixi və Xocalıda törədilmiş soyqırımı haqda məlumat verən səfir, bu amansız qətliam zamanı onlarla azyaşlı uşaq və qadınlar da daxil olmaqla 613 nəfər mülki azərbaycanlının xüsusi amansızlıqla qətlə yetirildiyi, yüzlərlə soydaşımızın isə yaralandığı və itkin düşdüyünü bildirib, bu cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsinin və Xocalı faciəsinə ədalətli hüquqi-siyasi qiymətin verilməsinin vacibliyinə baxmayaraq, bu günədək cinayətkarların məsuliyyətə cəlb olunmadığını vurğulayıb.
Bu qətliamın bir sıra beynəlxalq insan hüquqları təşkilatları və media qurumları tərəfindən qeydə alındığı, Peru Konqresi də daxil olmaqla bir çox ölkələrin parlamentləri tərəfindən Xocalı soyqırımını pisləyən, faciənin günahsız qurbanlarına münasibətdə ədalətə çağırış səsləyən qətnamələr qəbul etdiyi vurğulanır.
Məqalədə, Azərbaycanın daima sülhün və ədalətin tərəfdarı olduğu, xalqımıza qarşı törədilmiş təcavüz və vəhşiliklərə baxmayaraq, Vətən müharibəsindən sonra regionda sülhün bərqərar olmasını təmin etmək üçün Ermənistana əl uzadaraq, beynəlxalq hüququn əsas prinsip və normaları əsasında sülh sazişi təklif etdiyi qeyd olunur. Həmçinin, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən və ərazi iddialarından əl çəkmədiyi, bu günədək regionda davamlı sülhün, sabitliyin və inkişafın bərqərar olması üçün konstruktiv addımlar atmadığı bildirilir.
Məqalənin sonunda Azərbaycan xalqının Xocalıda baş vermiş faciəli hadisələri dərin hüznlə xatırladığı, bənzər faciələrin təkrarlanmasının qarşısının alınması üçün, bir gecədə taleyi dağıdılmış insanlara ədalət tələb etdiyi bildirilir.