Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin bir hissəsi bu gün təyyarə ilə Adana hava limanından Bakı şəhərinə yola düşüb.
FHN-dən "İki sahil"ə verilən məlumata görə, Qüvvələri hava limanından Adana valisi Süleyman Elban, Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) Mersin vilayəti Fövqəladə Halların İdarə olunması Bölməsinin rəhbəri Cenk Yıldız, fövqəladə və səlahiyyətli səfirlər Murat Salim Esenli və Ayşe Saraç və Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin idarə rəhbəri Hatice Tugba İkizler yola salıblar.
Türkiyəli rəsmilər Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin qardaş ölkədəki dağıdıcı zəlzələ ilə əlaqədar axtarış-xilasetmə əməliyyatlarını yüksək peşəkarlıq və fədakarlıqla yerinə yetirdiklərini qeyd edərək, onların hər birinin bir qəhrəman olduğunu bildiriblər.
Rəsmilər göstərilən dəstəyə görə Azərbaycan dövləti və xalqına təşəkkür ediblər.
***
Türkiyənin zəlzələ baş verən bölgəsində axtarış-xilasetmə işlərinə cəlb edilən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin bir qrupu Azərbaycana qayıdır.
“İki sahil” xəbər verir ki, azərbaycanlı xilasedicilərin yaxın saatlarda Adana hava limanından Azərbaycana yola düşməsi gözlənilir.
Qeyd edək ki, Azərbaycandan Türkiyəyə FHN-in 760 nəfər xilasetmə və tibbi personalı, 8 xilasetmə iti, 2 mobil səhra hospitalı (7 konteynerlə), 3 xüsusi təyinatlı xilasedici nəqliyyat vasitəsi, 2630 çadır (müxtəlif ölçülü), 707 qızdırıcı, 540 çarpayı, 5 böyük gücə malik generator, 724 ədyal və 724 ədyal üzü, 8000 geyim dəsti, 20000 corab (cüt), 650 masa, 2000 oturacaq, 7000 iplik dəsmal və digər ləvazimatlar göndərilib.