13 mart 2023 16:16
1483

Ölkəmizin nüfuzunun və qüdrətinin göstəricisi

Martın 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun Azərbaycanda keçirilməsi bir daha ölkəmizin nüfuzunun və qüdrətinin təzahürüdür. Azərbaycanın regionda lider dövlətə çevrilməsi, sürətlə artan nüfuzu dövlətlərin ölkəmizə yaxınlaşmasını zəruri edir. Forumun mövzusundan da göründüyü kimi dövrün aktual problemləri qabardılaraq bəşəriyyətin bu günü və gələcəyi naminə yerinə yetirilməsi zəruri olan vəzifələr və onların icrasına əsas önəm verilmişdir. Forumu əhəmiyyətli edən məsələlərdən biri də tam müstəqil bir forum olmasıdır. Bu da Azərbaycan dövlətinin tam müstəqil siyasət yürütdüyünün bariz nümunəsidir.

Forum hər zaman aktuallığını və nüfuzunu saxlayır. Bu platforma Azərbaycanın beynəlxalq təmsilçiliyi üçün də mühüm bir mexanizmdir, çünki burada beynəlxalq məsələlərlə əlaqədar dövlətimizin mövqeyi təqdim olunur. Həmçinin Forum Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırmaq üçün də geniş imkan yaradır. Forumun beynəlxalq media gündəliyinə düşməsi ölkəmiz haqqında daha çox məlumatların ötürülməsinə imkan yaradır.

Beləliklə, ölkəmizin beynəlxalq əməkdaşlığın gücləndirilməsi sahəsində təcrübəsi Forumda yeni ideyaların və təşəbbüslərin yaranmasına əhəmiyyətli töhfə verəcək və Qlobal Bakı Forumu mühüm platforma olaraq qalacaq.

Aynur Qənbərova,
Bakı şəhəri, Xətai rayonu 263 nömrəli tam orta məktəbin Uşaq birliyi rəhbəri,
YAP Xətai rayon təşkilatının "Mehmandarov 78" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü