Bayram süfrələrini bir-birindən ləzzətli, dadlı, rəngarəng nemətlərlə, təamlarla bəzəmək üçün hər kəs münasib qiymətə və keyfiyyətli məhsul axtarır. Məhz bu problemi həll etmək üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən martın 11-dən etibarən “Kənddən şəhərə” Novruz yarmarkaları təşkil olunub.
Yarmarkanın Nərimanov rayonunda yerləşən (“Gənclik” metro stansiyasının çıxışında) filialında satışa çıxarılan məhsulların keyfiyyəti və qiyməti ilə maraqlandıq:

Yarmarkada respublikanın müxtəlif bölgələrindən fermerlərin və sahibkarların yetişdirdikləri kənd təsərrüfatı məhsulları satılır. Yarmarkanın piştaxtalarını bir-birindən fərqli və rəngarəng məhsullar, Novruz atributları bəzəyir.
Fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi, soyuducu və digər ləvazimatlarla təchiz olunur

“Aqrar Tədarük və Təchizat” ASC-nin nümayəndəsi Qalib Bəhrəmov “İki sahil”ə açıqlamasında bildirdi ki, yarmarkaların təşkilində əsas məqsəd bayram günlərində vətəndaşların kənd məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullar hesabına ödəmək, fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır: “Kənddən şəhərə” Novruz yarmarkalarında satışa çıxarılan məhsullar yarmarkada iştirak üçün əvvəlcədən qeydiyyatdan keçən fermerlər tərəfindən alıcılara təqdim olunur. Yarmarkaya ümumilikdə 50 regiondan 82 fermer qatılıb. Fermerlər yarmarkada alıcılara 90-dan artıq çeşiddə kənd təsərrüfatı və qida məhsulları təklif edir.”
Qalib Bəhrəmov diqqətə çatdırdı ki, satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədi ilə yarmarkalarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərir. Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.

Həmsöhbətimizin sözlərinə görə, “Kənddən şəhərə” Novruz yarmarkalarında fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi, soyuducu və digər ləvazimat və avadanlıqlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edirlər. Məhsullarının daşınmasında çətinlik yaşayan fermerlərə isə təşkilatçı qurum tərəfindən loqistika dəstəyi göstərilib. “Kənddən şəhərə” Novruz yarmarkaları Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) və Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı) ünvanlarında fəaliyyət göstərir. Yarmarkalar martın 19-dək hər gün səhər saat 9-dan axşam saat 19-dək fəaliyyət göstərəcək.
Görəsən, satışda olan məhsulların keyfiyyəti, çeşidi və ən əsası da qiyməti necədir? Bayram bazarlığı üçün yarmarkalara üz tutmağa, əlimizi cibimizə salmağa dəyərmi? Fermerlər alıcılıq qabiliyyətindən, müştərilərsə qiymətlərdən razıdırlarmı?
Bu və ya digər suallara cavab tapmaq üçün həm satıcılar, həm də alıcılarla həmsöhbət olduq:
Qiymətləri bir az da aşağı salırıq ki, hər kəs süfrəsi üçün nemət alıb aparsın

Ordubaddan gələn fermer Zahid İmanov alıcılara bayram süfrələrinin bəzəyi olan cürbəcür çeşiddə və qiymətə çərəzlər təklif edir: “Novruz yarmarkasında satmaq üçün öz həyətimin məhsullarını gətirmişəm. Həm ucuz, həm də keyfiyyətli məhsullardır. Kənd Təsərrüfatı Nazirliyinə fermərlər üçün yaradılan belə gözəl şəraitə görə təşəkkür edirəm. Qoz ləpəsinin kilosu 4 manatdan başlayır 15 manata qədərdir. Ərik qurusu 8- 11 manat, iydə və innab 7 manat, alça qurusu 6 manat, kişmiş 6 -10 manat arasında dəyişir, xurma qurusu 3 manat, qarışıq çərəzin kilosu 9 manat, yerli gavalı qurusu 6 manat, araxis 5 manat, qovrulmuş araxis isə 7 manat, qabıqlı badam 5 manat, badam ləpəsi 15 manatdır. Alıcılar da qiymətdən razılıq edirlər. Elə olur ki, endirim istəyən müştərilər olur, o zaman qiymətləri bir az da aşağı salırıq ki, hər kəs süfrəsi üçün nemət alıb aparsın. Alıcılıq qabiliyyəti hələ ki, aşağıdır.”

Alıcılıq qabiliyyəti zəifdir
“Bazar olsun” - deyib üz tutduq bol-çeşidli meyvələrlə Xaçmazdan şəhərə gələn fermer Cavad Ağaməmmədovun piştaxtasına. O, bayram süfrələrinin əsas nemətlərindən olandan müxtəlif meyvə çeşidləri ilə müştərilərinin yolunu gözləyir: “Üzümün kilosu 50-70 qəpik arasında dəyişir. Almanın bir kilosu 70 qəpik, armudun isə 50 qəpikdir. Nar şirəsinin 1 litri 3 manat, yarım litri 1 manat 50 qəpikdir. Alıcılar endirim istəyəndə edirik. Alıcılıq qabiliyyəti zəifdir.”
Qeyd edək ki, budəfəki bayram yarmarkasında pendirin qiyməti 5-16 manat, nehrə yağı 14-18 manat, ərinmiş yağ 15-20 manat, çolpa 8-12 manat, toyuq 7-8 manat, qatığın 3 kiloqramı 4 manat, qaymağın 500 qramı – 5-15 manat, qurut- 8-19 manat, süd-1manat 30 qəpik, kartof 1 manat -1 manat 30 qəpik, soğan 1 manat 10 qəpik-1 manat 20 qəpik, kələm 40-60 qəpik, bibər 2, 60 qəpik -3 manat, lavaş 1 manat 50 qəpik, püstə 18-36 manat, göbələk 3 manat 50 qəpik, meyvə qurusu 10-22 manat, mal əti 12 manat 50 qəpik, balıqlar 6 -14 manat, bal 20-50 manat, yumurta 0.25-0.35, portağal 1 manat 50 qəpik- 2 manat 50 qəpikdir.
Fermerlərə “yorulmayasınız, bazar olsun” deyib, bayram bazarlığı üçün yarmarkaya gələn müştərilərə yaxınlaşırıq.
Axır çərşənbə üçün bazarlıq edirəm

Süfrəsini kənddən şəhərə gətirilən məhsullarla bəzəmək üçün yarmarkaya gəlib təbii məhsul axtarışında olan alıcı Təranə Əliyeva: “Axır çərşənbə üçün bazarlıq edirəm. Keçən ilə nisbətən qiymətlərdə nisbətən artım var. Amma hər cibə uyğun məhsul çeşidi var. Qoz ləpəsini 11 manata , 2 manata alma və 5 manata gavalı qurusu aldım. Məhsulların keyfiyyətindən razıyam. Hər dəfə bu cür yarmarkalar olanda gəlirəm. İstərdim ki, bayram yarmarkalarında qiymətlər aşağı olsun ki, vətəndaşlar da təbii məhsulları daha münasib qiymətə əldə etsinlər.”
Qiymətlər baha deyil, məhsullar da keyfiyyətlidir

Dilqəm Quliyev: “Yarmarka nə zaman təşkil olunsa gəlirəm. Çünki qiymətlər sərfəlidir. Daha sonra satıcılar gülərüz və anlayışlıdırlar. Aldığım yerli mandarin aldım digər satış obyektlərində 3 manatadırsa, burada 1 manat 50 qəpiyə təklif olunur. 3 kilosu 1 manata alma aldım. Gül kələmi burada 80 qəpiyə, market və bazarlarda isə 2 manata satılır. Təbii ki, qiymət sərfəli olduğu üçün gül kələmini buradan aldım. Qiymətlər baha deyil, məhsullar da keyfiyyətlidir. Hər kəsin bayramı mübarək, süfrələri ruzi-bərəkətli, canları sağlam olsun.”
Yaqut Ağaşahqızı, “İki sahil”