18 mart 2023 11:15
353

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzində Novruz bayramı qeyd edilib

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Novruz bayramı münasibətilə bayram tədbiri keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin, Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistanın mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, yerli azərbaycanlılar, Daşkənddəki ali məktəblərin müəllim və tələbələri, jurnalistlər iştirak ediblər.

Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində təşkil edilən “Bahar nəfəsli Novruz” adlı sərgidə Novruz bayramı, Azərbaycanın əsrarəngiz təbiətini əks etdirən fotolar, habelə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı iqtisadi islahatlar haqqında nəşrlər və milli mədəniyyətimizə dair suvenirlər nümayiş olunub.

İştirakçılar Novruza dair bayram xonçaları, şirniyyatlar, şəkərbura və paxlavaya qonaq ediliblər.

Əvvəlcə tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edən Azərbaycan Respublikasının Özbəkistandakı səfiri Hüseyn Quliyev milli bayramımız olan Novruzun Azərbaycanda, Özbəkistanda, eləcə də türk dünyası ölkələrində qeyd olunması, dilimiz, dinimiz, soykökümüz, mədəniyyətimiz, adət-ənənələrimiz kimi ortaq bayramlarımızın da xalqlarımızı birləşdirdiyini söyləyib. Ölkələrimiz arasında genişlənən diplomatik əlaqələrin iki qardaş xalq arasında əlaqələrə də müsbət təsir etdiyini qeyd edib.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov hər iki qardaş xalqın ortaq dəyəri olan Novruz münasibətilə təbriklərini çatdıraraq bu milli bayramın ortaq qeyd edilməsinin bizim nə qədər yaxın tarixi mədəni köklərə sahib olmağımızın bir daha əyani sübutu olduğunu vurğulayıb.

Çıxışlardan sonra Azərbaycanda Novruz bayramının qeyd olunmasını əks etdirən film nümayiş etdirilib.

Tədbirin bədii hissəsində Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində “Əməkdar artist Kaykep Aliyeva adına Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi, bahara dair rəqslər təqdim ediblər. Daha sonra azərbaycanlı ifaçılar Vahid Əliyev və Fatimə İsgəndərova, beynəlxalq mükafatlar laureatı Sarvinoz Kamalova tərəfindən Azərbaycan və özbək mahnıları ifa olunub.