25 mart 2023 05:10
356

ABŞ İranla münaqişəyə can atmır, lakin... - Bayden

Vaşinqton administrasiyası İranla münaqişəyə can atmır, lakin Tehrana bağlı qrupların ABŞ qüvvələrinə qarşı hücumlarına cavab verməyə hazırdır.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden Ottavada Kanadanın baş naziri Castin Trüdo ilə birgə mətbuat konfransında deyib.

"Şübhə etməyin ki, ABŞ, vurğulayıram, İranla münaqişəyə can atmır. Amma hazır olun ki, insanımızı qorumaq üçün qətiyyətlə zərbə endirəcəyik. Dünən gecə məhz belə oldu", - deyə C.Bayden bildirib.

Xatırladaq ki, bu gün ABŞ Hərbi Hava Qüvvələri Suriyada iranyönlü birləşmələrin mövqelərinə zərbələr endirib. Zərbələr nəticəsində düşərgə, silah anbarı və 11 silahlı zərərsizləşdirilib.

İslam İnqilabı Keşikçiləri Korpusunun nəzarətində olan obyektlərə zərbələr cümə axşamı Rumeylandakı ABŞ bazasında dronun helikopter meydançasına hücumundan sonra həyata keçirilib. Sözügedən dron hücumu zamanı bir hərbçi həlak olmuşdu, 6 hərbçi isə yaralanmışdı.