27 mart 2023 14:45
651

Sözçü: Qərbi Azərbaycan İcması Aİ Şurasının Prezidentindən və AŞPA-dan cavab gözləyir

“Qərbi Azərbaycan İcması Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə, Avropa Şurası Parlament Assambleyasına müraciətlər göndərərək həmin qurumları qərbi azərbaycanlıların geri qayıdış hüququnun təmin olunması, eləcə də bununla bağlı monitorinqlər aparılmasına çağırıb”.

Bunu “İki sahil"ə açıqlamasında Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfüqar deyib.

O bildirib ki, icma həm Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeldən, həm də Avropa Şurası Parlament Assambleyasından müraciətlərə cavab gözləyir: “Qərbi azərbaycanlıların qayıdışı insan hüquqları məsələsidir və həmin insan hüquqları ilə bağlı sözügedən beynəlxalq təşkilatların hər birinin nizamnamələrində bəndlər və öhdəlikləri var. Bu baxımdan həmin qurumlar yüz minlərlə qərbi azərbaycanlının hüququnun təmin olunması ilə bağlı olan müraciətimizə cavab verməli, bu müraciəti görməzdən gəlməməlidir”.

Ü.Zülfüqar vurğulayıb ki, indiki Ermənistan ərazisindən qovulmuş bütün azərbaycanlılar öz torpaqlarına geri qayıtmalıdır: “Deportasiya insanlıq əleyhinə cinayətdir. Fundamental insan haqları pozulan yüz minlərlə soydaşlarımızın öz evlərinə, doğulduğu torpaqlara qayıtmaq onların təməl insan hüquqlarıdır”.