29 mart 2023 02:35
484

Yaponlar yeməyi niyə taxta çubuqla yeyirlər?

İlk taxta çubuqlar çinlilər tərəfindən kəşf edilib və çox qədim tarixə malikdi. Bu çubuqlardan əvvəlcə yemək hazırlanmasında istifadə olunurdu. Əvvəlcə çubuqların uzunluğu 38 sm idi, daha sonralar qida qəbulu üçün onların uzunluğu 25 sm qədər kiçildi. Tezliklə bu ənənəni digər xalqlar, o cümlədən yaponlar da mənimsədi. Yaponiyada taxta çubuqlara «xasi» deyirlər. İlkin dövrlərdə yapon inanclarına görə bu taxta çubuqlar tanrılarla insanlar arasında əlaqə yaradırdı.

Belə ki, yaponlar yemək yeyən zaman bu çubuqlarla ilk öncə tanrılara yemək təklif edirdilər. İnanırdılar ki, bu zaman tanrı həmin çubuqlarda məskunlaşır. Ənənəyə görə, xasi ağacdan düzəldilir və material kimi bambuk, sərv, ağcaqayın, gavalıdan istifadə edilir. Xasi dəyirmi və ya kvadrat kəsimli formada olur, bəzən lak və sədəflə bəzədilir. Gözəl bəzədilmiş xasini hədiyyə etmək ənənəsidə var. Çünki bu, yaponlarda ayrılmazlıq və birlik rəmzidir.

Quru yeməkləri taxta çubuqla yemək asandır. Bəs yapon xalqı duru yeməkləri necə yeyir? Bəlkə yaponlar ümumiyyətlə, sulu xörəkləri yemir? Yeyirlər, ancaq özünəməxsus şəkildə. Birinci quru yeməklər verilir, onlar quru tikələri şorbaya batırıb yedikdən sonra isə bulyonu içirlər. Yeri gəlmişkən onlar qeyd edirlər ki, qaşıq və çəngəllərdən bundan sonra da istifadə etmək niyyətində deyillər. Çünki onlar ağızlarına dəmir əşyalar vurmaq istəmirlər. Bu çubuqlar isə onlara görə daha təbiidir. Yeri gəlmişkən, bizim ulu babalarımız da taxta qaşıqlardan istifadə ediblər. Yaponların bu taxta çubuqlardan istifadə etmələrinin elmi tərəfləri də var.

Taxta çubuqlarla yemək yeyən zaman kiçik barmağa daha çox təzyiq düşür və kiçik barmaq inkişaf edir. Kiçik barmağın belə inkişaf etməsi insanın əqli inkişafına da müsbət təsir göstərir. Eyni zamanda, bu xalq uşaqlar bir yaşına çatan kimi ona çubuqlardan düzgün istifadə sənətini öyrətməyə başlayırlar. Bu sənəti erkən yaşda öyrənən uşaqlar qidanı qaşıqla qəbul edən öz yaşıdlarından əqli baxımdan daha sürətli inkişaf edir.

Nazənin Xalıqverdiyeva,
Azərbaycan Universiteti