28 mart 2023 22:57
684

Qərbi Azərbaycana sülh yolu ilə qayıdış yolunda böyük uğur

Birləşmiş Millətlər Təşkilatının katibliyi Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasını BMT-nin Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb

Son iki əsrdə Cənubi Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində  xalqımız çox ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalıb. Zaman-zaman gerçəkləşdirilən belə qeyri-insani siyasət  nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən-min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından  didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran  edilib.

İkinci Dünya müharibəsinin qızğın çağında-1943-cü il noyabrın 28-dən dekabrın 1-dək SSRİ, ABŞ və İngiltərə rəhbərlərinin – İ.Stalin, T.Ruzvelt və U.Çörçillin iştirakı ilə keçirilən Tehran konfransında Sovet-İran münasibətləri müzakirə olunarkən erməni diasporu SSRİ xarici işlər naziri V.Molotova müraciət edib İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsinə icazə istəmişdi. Məsələ ilə bağlı V.Molotov elə oradaca İ.Stalinlə danışdıqdan sonra ermənilərin köçürülməsinə razılıq vermişdi. Beləliklə, azərbaycanlıların Ermənistan SSR-dən, öz dədə-baba torpaqlarından kütləvi şəkildə qovulması prosesinin növbəti mərhələsi başlandı. 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 4083 saylı qərar verdi. Bu qərar Azərbaycan xalqı üçün gözlənilməz zərbə idi. Qərara “kolxozçu” sözünün əlavə edilməsi siyasi manevrdən başqa bir şey deyildi

Ən acınacaqlısı odur ki, deportasiyaya məruz qalan əhalinin bir hissəsi Ermənistanın dağ rayonlarında yaşadığı üçün Kür-Araz ovalığındakı iqlim şəraitinə alışa bilmirdi. Bu səbəbdən də Kür-Araz ovalığına köçürülmüş on minlərlə azərbaycanlı arasında kütləvi ölüm halları qeydə alınırdı. Digər tərəfdən, Ermənistandan köçürülən bir nəfər də azərbaycanlı Dağlıq Qarabağ ərazisinə buraxılmadı. Əksinə “böyük Ermənistan” ideyasının həyata keçirilməsi istiqamətində bu ərazinin azərbaycanlılardan təmizlənməsi işi planlı surətdə davam etdirildi.

Nəhayət, ötən əsrin 80-ci illərinin axırlarında Qərbi Azərbaycanda, indiki Ermənistanda soydaşlarımıza qarşı növbəti cinayət aktı törədildi. Belə ki, ulu öndər Heydər Əliyev 1987-ci ilin oktyabrında bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. 1988-ci ilin yanvarından etibarən “türksüz Ermənistan” siyasəti planlı şəkildə həyata keçirilməyə başlanıldı. Ermənistan hökuməti, “Qarabağ” və “Krunk” komitələri, Eçmiədzin kilsəsinin nümayəndələri SSRİ rəhbərliyinin himayəsi ilə azərbaycanlıların öz dədə-baba yurdlarından qovulması prosesində minlərlə qanlı aksiyalar törətdilər. Etnik təmizləmə nəticəsində Ermənistanın 185 yaşayış məntəqəsi boşaldılmış, 250 mindən artıq azərbaycanlı və 18 min kürd öz ev-eşiyindən zorla qovulmuş, 217 azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilmişdir. Bunlardan 49 nəfəri ermənilərin əlindən qaçarkən dağlarda donmuş, 41 nəfər qəddarlıqla döyülərək qətlə yetirilmiş, 35 nəfər işgəncələrlə qətlə yetirilmiş, 115 nəfər yandırılmış, 16-sı güllələnmiş, 10 nəfər əzab və işgəncələrə dözməyərək infarktdan ölmüş, 2 nəfər xəstəxanada həkimlər tərəfindən öldürülmüş, digərləri isə suda boğularaq, asılaraq, elektrik cərəyanına verilərək, başları kəsilərək qətlə yetirilmişdir.

Hazırda 1989-cu ildə “Azərbaycan Qaçqınlar Cəmiyyəti” kimi təsis edilən, 2022-ci ildə “Qərbi Azərbaycan İcması” adlandırılan təşkilat indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğuldur. Qərbi Azərbaycan İcmasının əsas hədəfi qaçqınların öz dədə-baba yurdlarına qayıtmasını təmin etməkdir. Əsas məqsəd indiki Ermənistan ərazisindən deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin hüquqlarının beynəlxalq müstəvidə bərpası və onlara qarşı törədilmiş cinayətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, eyni zamanda, bu cinayətləri törətmiş ermənilərin cəzalandırılmasıdır.

Təbii ki, İcma ötən iki əsr ərzində Qərbi azərbaycanlılara qarşı törədilmiş ədalətsizliyi qəbul etmir və bu ədalətsizliyin nəticələrini rədd edir. İcma Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmalarına şərait yaradılmasını və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsini özünün əsas hədəfi kimi bəyan edir.

Təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur. 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş 50 mindən çox ailənin 20 minə qədərinə dəymiş ziyan hesablanıb və hazırda bu işlər davam etdirilir. Həmin illərdə Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə (ad, soyad, ata adı) dəqiq statistikası aparılıb, 130 kəndin siyahısı tamamlanıb. Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanmasını davam etdirir. İcma tərəfindən 2023-cü il yanvarın 26-da Qərbi Azərbaycana Qayıdış Konsepsiyası qəbul  edilib. Bu Konsepsiya indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir.

Yeri gəlmişkən qeyd edək ki, İcma yarandığı gündən Qərbi Azərbaycandan olan soydaşlarımızın öz dədə-baba torpaqlarına  qayıtması, onların hüquqlarının müdafiə olunması istiqamətində ciddi addımlar atır, nüfuzlu beynəlxalq təşkilatlara müraciətlər ünvanlayır. Qərbi Azərbaycan İcmasının UNESCO-nun Baş direktoru Odri Azuleyə məktub ünvanlaması bunun əyani sübutudur. Məktubda Ermənistandakı azərbaycanlı mədəni irsinin vəziyyətinin monitorinqi üçün faktaraşdırıcı missiya göndərilməsi üçün xahiş edilir. Həmçinin təşkilat Ermənistanda azərbaycanlı mədəni irsinin qiymətləndirilməsi, bərpası, saxlanılması və mühafizəsi, Ermənistandan qovulmuş azərbaycanlıların öz mədəni irsindən istifadə etməyə dair mədəni hüquqlarının təmin edilməsi istiqamətində fəaliyyətlərin həyata keçirilməsində UNESCO ilə əməkdaşlığa hazırdır.

Bu günlərdə Birləşmiş Millətlər Təşkilatının katibliyinin Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasını BMT-nin Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayması soydaşlarımızın sülh yolu ilə öz doğma torpaqlarına qayıtması yolunda böyük uğurdur. Sənəd indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtma hüququnun təmin edilməsi, qayıdışdan sonra onların fərdi və kollektiv hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının, mədəni-tarixi irsinin bərpası və qorunması məsələlərini əhatə edən Qayıdış Konsepsiyası BMT-nin bütün rəsmi dillərində (ingilis, fransız, rus, çin, ərəb və ispan), adı çəkilən əsas orqanların gündəliyinin silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılıb.
Təbii ki, sülhpərvər və tamamilə beynəlxalq hüquqa uyğun olan konsepsiyanın BMT-də rəsmi sənəd kimi yayılması Ermənistan hökumətinin Qərbi Azərbaycan mövzusunu təhrif etməsi imkanlarını daha da azaldır, bu ölkəni bir növ İcma ilə danışıqlara başlamağa çağırır və bu mövzuda beynəlxalq prosesin başlanmasını təşviq edir. Həmçinin Konsepsiyanın BMT-nin ən mötəbər orqanlarının gündəliyinin məhz qeyd edilən bəndləri ilə əlaqələndirilməsi azərbaycanlıların əzəli torpaqlarına qayıtmasının təməl insan hüquqlarının qorunması, sülhün, təhlükəsizliyin və əməkdaşlığın bərqərar olması üçün zəruriliyinin beynəlxalq müstəvidə təsdiqidir.

Zahid Rza, “İki sahil”