29 mart 2023 22:41
395

Laçının işğaldan azad eilməsi Azərbaycanın siyasi və hərbi gücünün göstəricisidir

İkinci Qarabağ müharibəsi bizim şanlı zəfər tariximizdir. Azərbaycanın yenilməz ordusu 44 gün ərzində mənfur düşmənin xalqımıza yaşatdığı faciələrin qisasını alaraq, düşməni kapitulyasiyaya  uğradaraq öz ərazi bütövlüyünü bərpa etdi. Biz İkinci Qarabağ müharibəsində Laçın rayonunun cənub hissəsini döyüşərək, vuruşaraq azad etdik. Güləbird və digər bir neçə kənd döyüş meydanında azad edilmişdir. Məhz bu əməliyyat nəticəsində, eyni zamanda, Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxarmışdır. Laçın rayonunun digər hissəsi - ən böyük hissə artıq siyasi yollarla- Azərbaycanın siyasi qələbəsinin və Ermənistanın məğlubiyyətinin təsdiqi olan 10 noyabr üçtərəfli Bəyanatının bəndlərinə əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil oldu. Bu, bizim böyük tarixi Zəfərimizdir. Beləliklə də strateji əhəmiyyətə malik olan Laçın rayonu 28 ildən sonra bir güllə atmadan, itki vermədən  öz gerçək sahiblərinə qaytarıldı.  Laçının Azərbaycan Ordusunun nəzarətinə keçməsi ilə işğal altında olan ərazilərin boşaldılması üzrə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi də yerinə yetirilmiş oldu və tarixə “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” adı ilə düşmüş mürəkkəb bir qarşıdurma başa çatdı. İndi biz Azərbaycan-Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sahib olmuşuq. Bu mövqelərdə özümüzü gücləndiririk və tarixi torpaqlarımızda əbədi qalacağıq. Laçın rayonunun təhlükəsizliyi ilə bağlı addımlar atılır, tədbirlər görülür və bütün bunlar imkan verir ki, oraya qayıdacaq soydaşlarımız rahat, təhlükəsizlik şəraitində yaşasınlar.

Bu gün İşğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işlərinə başlanılması və müzəffər xalqımızın qalib dövlət kimi əbədi yaşaması Azərbaycan dövlətinin gücünü göstərir. Laçın rayonunda beynəlxalq hava limanı inşa edilir. Bundan sonra orada həm təhlükəsizliyinin qorunması, həm keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması dövlətimizin əsas vəzifələrdən biridir. Biz Azərbaycan-Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sahib olmuşuq.  Laçın rayonu ölkəmizin ən böyük  və  resurslarla zəngin rayonlarından biridir. Laçının Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rolu olacaqdır. Ermənilər işğal dövründə Laçında qanunsuz məskunlaşma siyasəti apararaq, beynəlxalq konvensiyalara görə hərbi cinayət törətmişdir. 

Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bir sıra qətnamə yenə də ermənipərəst, rüşvətxor və anti-Azərbaycan qruplaşmanın məhsuludur və burada əsas rolu Fransa deputatları oynayır. Beynəlxalq vasitəçilər - ATƏT-in ovaxtkı Minsk qrupu danışıqların aparılması ilə faktiki olaraq bu işğalı möhkəmləndirməyə çalışırdılar. İndi hər şey aydındır. Fransanın Azərbaycana bu ədalətsiz və mənfi münasibəti təsadüfi deyil. Sadəcə olaraq, işğal dövründə bunu müəyyən dərəcədə rola girərək pərdələmək istəyirdilər. 

Bütün bunlara baxmayaraq Azərbaycan Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardı.  Laçın, nəinki Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevrilir həmçinin, bütün infrastrukturu, daxili yolları  yenidən qurulur. Laçının çox füsunkar təbiəti- meşələri, dağları, çayları var. Əminliklə deyə bilərik ki bu, bir cənnət məkan olacaqdır. Minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, “  Heç kim bizim iradəmizə təsir edə bilməz” - Azərbaycanla ultimatum dili ilə danışmaq mümkünsüzdür. Azərbaycan bunu İkinci Qarabağ müharibəsində Ermənistana sübut etdi, müharibədən keçən iki il yarım ərzində Ermənistanın himayədarlarına sübut etdi.

Bu gün biz öz tarixi torpaqlarımıza qayıdırıqsa, orada bərpa-quruculuq işləri aparırıqsa, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq olanları əsla unutmamalıyıq, çünki onlar özlərindən sonrakı nəsil üçün silinməz, unudulmaz dastan yazdılar.

Beləliklə biz Laçın və digər ərazilərimizi düşmən tapdağından azad edərək, milli ləyaqətimizi tam bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır! Azərbaycan dövləti qalib dövlət kimi yaşayır! Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq!

Hicran Hüseynova,
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor