30 mart 2023 15:34
2550

31 Mart soyqırımı Azərbaycan xalqının yaddaşında dərin izlər buraxıb

Məlum Gülüstan və Türkmənçay müqavilələrindən sonra,  Çar Rusiyasının  himayəsi altında  Azərbaycana ayaq açmış ermənilər çirkin və mənfur  niyyətlərindən  əl çəkməyərək  xalqımıza qarşı misli görünməmiş  qətliamlar törətmişlər. Azərbaycanlıların yaşadıqları Qərbi Azərbaycan ərazisi və o cümlədən Qarabağ və ətraf rayonların əsrarəngiz  təbiəti,   zəngin təbii sərvəti bu  bədnam   insanların yuxusuna haram qatmışdır. Min  cür hiylə,  fitnə- fəsada əl ataraq  soydaşlarımızı doğma yurd- yuvalarından sıxışdırıb çıxarmağa çalışmışlar. Məqsədləri bu zəngin diyarı özgəninkiləşdirmək, qondarma erməni əyaləti kimi tarixə sırımaq olmuşdur. Ancaq, məqsədləri və arzuları gözlərində qalmışdır.

XX əsrin əvvələrindən başlayan erməni qırğınları, davamlı olaraq  1918- ci ilin mart soyqırımına gətirib çıxardı.     "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetrildi. Bu hadisələrin  təşkilatçıları, məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə  maneçilik  törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist  torpaq  iddialarını  pərdələmişər.

1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında  Bakı şəhərində və Bakı quberniyasının müxtəlif  bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak  erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə  vəhşicəsinə qətlə yetirmişlər.  Rəsmi mənbələrə əsasən, bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasın  öldürülmüş, on minlərlə insan itkin düşmüşdür.

Həmin dəhşətli günlərin şahidi olmuş  Kulner  soyadlı  bir alman, 1925-ci ildə  Bakı hadisələri barədə bunları yazmışdır: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq  hər kəsi öldürür, qılıncla  parçalayır, süngü ilə dəlmə-deşik  edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər.” Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır.

 İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı tədqiqatçı Leonard  Ramsden Hartill “İnsanlar belə imişlər” adlı kitab yazmışdır. Ovanes  Apresyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin, ingilislərin və rusların yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək, təkcə Bakıda mart qırğını zamanı iyirmi beş min azərbaycanlının qətlə yetirildiyini bildirmişdir. 

Bu hadisələrin dəhşətini  göz önünüzə  gətirməyiniz  üçün 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikası hökumətinin, Fövqəladə İstintaq Komissiyasının materiallarında göstərilir ki:

1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilimişdir. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdur. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdir.  1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik  azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir. Erməni silahlı dəstələri Zəngəzur  qəzasında 115 azərbaycanlı  kəndini məhv etmişlər. İrəvan quberniyasının 199 kəndində  yaşayan 135 min azərbaycanlı məhv edilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılımış, əhalisi məhv edilmişdir.

XX əsrin əvvəllərində  1905-1907,  1915, 1918-1920, 1948-1953, tarixi mərhələləri təhlil edərkən  1988-1994-ci illər arasında baş vermiş  hadisələrinin ardıcıllıqını aşağıda göstərmək olar: 1988-ci ildən başlayaraq erməni ekspansiyası, ermənilərin Qarabağda apardıqları işğalçı müharibə və etnik  təmizləmə siyasəti  azərbaycanlıların soyqırım qurbanlarının sayını xeyli dərəcədə artırmışdır. Azərbaycan Respublikası  ərazisinin  20 faizi işğal edilmiş, 18 mindən çox azərbaycanlı həlak olmuş,  20 mindən çoxu yaralanmış, 50 mindən çoxu əlil olmuş,   4 mindən çox əsir və itkin düşmüş, girov götürülmüş, 4 mindən  çox sənaye və kənd təsərrüfatı müəssisəsi, 660 məktəb və uşaq bağçası, 250 xəstəxana və tibb müəssisəsi dağıdılmış, azərbaycanlıların doğma yurdu olan yaşadıqları 724 şəhər, kənd və qəsəbə qarət edilmiş, dağıdılmış və yandırılmışdır. Bütün bunların nəticəsində təkcə XX əsrdə iki milyondan çox azərbaycanlı bu və ya digər şəkildə şovinist  erməni  dairələrinin və onların havadarlarının yürütdükləri soyqırım siyasətinin təsirinə  məruz qalmışdır. 

Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət  daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilmişdir. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Son illər  bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanılmışdır. Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir. 1918-ci ilin aprel - may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilmişdir. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar olunmuşdur. 2009-cu ildə Nazirlər Kabinetinin qərarı  ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilmiş, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental  xatirə kompleksi ucaldılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən  “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli  3587 nömrəli Sərəncam imzalanmışdır. Sərəncama uyğun olaraq  respublikamızın bütün bölgələrində soyqırım qurbanlarının xatirəsini yad etmək məqsədilə silsilə tədbirlər keçirilmişdir.

Bu gün Azərbaycan xalqı xoşbəxtdir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, qəhrəman Azərbaycan oğulları 44 günlük  savaşda  düşmənin bağrın yararaq  işğal edilmiş torpaqlarımızı  geri qaytard. Bu şanlı qələbə ilə şəhidlərimizin qısasını almış olduq.

Tanrı Azərbaycanı qorusun!

Mürvət İbrahimov,
Bakı şəhəri Nizanmi Rayon İcra Hakimiyyətinin məsul işçisi, tarixçi