30 mart 2023 18:27
284

"Star" neft emalı zavodunun tədarüklərinin həcmi artıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki "Star" neft emalı zavodunda (NEZ) 2023-cü ilin yanvar ayında 2022-ci ilin analoji dövründəki 767 385 tonla müqayisədə 966 668 ton neft tədarük olunub.

"İki sahil" bu barədə Türkiyə Enerji Bazarının Tənzimlənməsi İdarəsinə (EPDK) istinadən xəbər verir.

EPDK-nin hesabatına əsasən, NEZ qeyd olunan dövrdə oktan sayı 95 olan 1 222 tondan yuxarı qurğuşunsuz benzin, 639 532 ton dizel yanacağı, 44 824 ton aviasiya yanacağı, 1 703 ton aralıq məhsullar, 125 275 ton digər məhsullar, 4 648 ton ağır vakuumlu qazoyl, 14 867 ton maye karbohidrogen qazı, 151 122 ton nafta, 76 122 ton neft koksu, 55,642 ton qaz və 15 202 ton yüksək kükürd tərkibli dizel yanacağı istehsal edib.

Xatırladaq ki, investisiya dəyəri 6,3 milyard olan STAR neft emalı zavodu 2018-ci ilin oktyabrında istismara verilib. Layihənin dəyərinin təqribən 3,3 milyard dolları kreditlərin hesabına qarşılanıb. STAR zavodunun investisiyalarının ümumi həcminin yeddi milyard dollar təşkil edəcəyi gözlənilir.

"Star" neft emalı zavodunun illik emal gücü təqribən 10 milyon ton təşkil edir. Zavod gündəlik 214 min barel xam neft emal etmək qabiliyyətinə malikdir.