01 aprel 2023 01:16
368

Güclü Azərbaycan Tehran rejiminin qorxulu kabusudur

Respublikamız öz müstəqilliyini bərpa etdikdən sonra üzləşdiyi bütün ağır vəziyyətlərdə İranın şər barmağı olub

Tarixən Azərbaycana düşmən münasibət bəsləyən, ölkəmizin uğurlarını, qırx dörd günlük Vətən müharibəsindəki tarixi Zəfəri ilə regionda yaratdığı yeni geosiyasi reallıqları həzm edə bilməyən riyakar, terrorçu mahiyyətli İranı lərzəyə saldığına görə molla rejimi respublikamıza qarşı təxribatçı əməllərini gündən-günə artırır.

Danılmaz faktdır ki, İran bütün dövrlərdə  işğalçı Ermənistanın yanında olduğunu, onun maraqlarını müdafiə etdiyini öz əməlləri ilə təsdiq edib. Azərbaycan torpaqları işğal altında olduğu vaxtda İran Ermənistanla siyasi, iqtisadi-ticarət, humanitar əlaqələrini inkişaf etdirib, birgə layihələr həyata keçirib. İran rəhbərləri müntəzəm qaydada Ermənistanın Koçaryan və  Sarkisyan kimi əli Azərbaycan xalqının qanına batmış cəllad rəhbərlərinə qucaq açıb, iki ölkə arasında sarsılmaz dostluq və qardaşlıq haqqında bəyanatlar veriblər.

Molla rejimi 30 illik işğal dövründə həmin ərazilərdə Azərbaycan xalqına məxsus milli-mədəni irsin dağıdılmasına, məscidlərin uçurulması və təhqir olunmasına göz yumub, İrəvanda, Şuşada məscidləri bərpa etməklə Ermənistanın “humanist” simasını qoruyub saxlamağa çalışıb. İran şirkətləri Azərbaycanın işğal edilmiş ərazilərində qarət və talançılıq prosesində yaxından iştirak ediblər.  Qırx dörd günlük Vətən müharibəsi dövründə İran rəhbərliyi ən sonuncular sırasında, artıq müharibənin taleyinin həll edildiyini və Azərbaycanın şəksiz qələbə qazandığına əmin olduqdan sonra ölkəmizə dəstək ifadə edən bəyanat verib. Amma müharibənin gedişində Ermənistana silah göndərilməsindən tutmuş Azərbaycanın təhdid olunmasına kimi ölkəmizə qarşı hər cür vasitələrdən istifadə edib. Azərbaycanın torpaqları işğal altında olan dövrdə yalnız növbətçi bəyanatlarla kifayətlənən Ermənistanın 30 il ərzində Azərbaycanın İranla 132 km-lik sərhədini işğal altında saxlamasına səsini çıxarmayan molla rejimi  Ermənistanın ərazi bütövlüyünün “qırmızı xətt” olması ilə bağlı bəyanatlar verib Azərbaycana qarşı hədələr səsləndirib, sərhədlərimizin yaxınlığında hərbi təlimlər keçiriblər. Tehran  hökuməti bu gün də həyasızcasına bütün mümkün vasitələrlə təcavüzkar Ermənistanı müdafiə edir.

Son zamanlar molla rejiminin nümayəndələrinin ölkəmizlə bağlı açıqlamaları, daha doğrusu sayıqlamaları bir daha göstərir ki,

2023-cü il  yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı həyata keçirilmiş terror hücumunda Tehranın əli var. Həmin terror əməli nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olmuş, iki əməkdaş- Vasif Tağıyev və Mahir İmanov isə ağır dərəcəli bədən xəsarətləri almışdılar. Səfirliyin müşahidə kameralarının qeydinə görə, terrorçu səfirliyin binasına daxil olduqdan iki dəqiqə sonra İran polisləri səfirliyin önünə gəliblər. Lakin onlar hadisəyə müdaxilə etməyiblər. Molla rejimi bu günə qədər bu qanlı cinayəti törədən terrorçu ilə bağlı heç bir tədbir görməyib.

 Qərbi Zəngəzurun Qafan şəhərində mal tövləsinə bənzər uçuq-sökük bir binada konsulluq açan, Araz çayının cənub sahillərində təlim keçirərək rəsmi Bakıya əzələ göstərən və əlində olan bütün vasitələrlə Ermənistana dəstək verən, iqtisadi-sosial-siyasi problemlərin girdabında boğulan Tehran rejimi vətəndaşlarının ağır durumuna əlac etməkdənsə alçaqcasına pozuculuq-terror fəaliyyəti ilə məşğul olur. İran ölkəmizdəki daxili sabitliyi pozmaq və konstitusiya quruluşunu dəyişmək üçün ən çirkin vasitələrə əl atıb. Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Fazil Mustafaya qarşı hücumun arxasında İranın dayanması artıq heç kimdə şübhə doğurmur. Bu, son dövrlərdə İranın, Tehrandakı səfirliyimizdə törədilmiş hadisədən sonra Azərbaycana qarşı ikinci terror əməlidir. Səfirliyimizə qarşı hücuma görə heç kəsin cəzalandırılmaması bir daha göstərir ki, İran terrorçu mahiyyətə malik dövlətdir və bu ölkədə terror törətmək cinayət sayılmır. Fazil Mustafaya qarşı hücumun vaxtı da təsadüfi seçilməyib. Hadisə İsraildə Azərbaycan səfirliyinin açıldığı, xarici işlər naziri Ceyhun Bayramovun bu ölkədə səfərdə olduğu ərəfədə törədilib. Bundan əlavə, hadisənin Azərbaycan xüsusi xidmət orqanlarının peşə bayramı günü baş verməsi onu da göstərdi ki, xüsusi xidmət orqanlarımızın ölkədə sabitliyi və təhlükəsizliyi peşəkar səviyyədə təmin etməsi İranın xoşuna gəlmir.

Tehran rejiminin xüsusi xidmət orqanlarının bundan əvvəl də ölkəmizdə törətdiyi terror faktları hər kəsə məlumdur. Buna misal kimi akademik Ziya Bünyadovun, jurnalist Rafiq Tağının qətlini göstərmək olar. Bakıda “Euravision” mahnı müsabiqəsi keçirilən zaman İranın ölkəmizdə planlaşdırdığı terror həmlələri haqqında çoxsaylı məlumatlar var idi. Birmənalı demək olar ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra üzləşdiyi bütün ağır vəziyyətlərdə İranın şər barmağı olub. Bu baxımdan İranın Azərbaycana münasibəti işğalçı Ermənistanın münasibətindən heç nə ilə fərqlənməyib. Bu faktlar bir daha göstərir ki, İrandakı molla rejimi Azərbaycana qarşı patoloji kin və nifrət bəsləyir.

 Şeytani xislətə malik olan İranın terrorundan Yaxın Şərq, Cənubi Qafqaz, hətta uzaq Yunanıstan, Kipr kimi Avropa ölkələri də əziyyət çəkir. Sözdə “islam” respublikası olan İranı və təcavüzkar Ermənistanı bir-birinə bağlayan şovinist təfəkkür onların  arasındakı bağları daha da artırır. Əgər belə olmasaydı özünü dünya müsəlmanlarının, şiələrin müdafiəçisi kimi göstərməyə çalışan, müsəlmançılıqdan ağızdolusu dəm vuran İranın rəhbərləri Xocalı soyqırımını törədən, əli müsəlmanların qanına bulaşan  qatı erməni terrorçusunu-Ermənistanın sabiq dövlət başçısını öpüb bağrına basmazdı. Bütün bunlara əsaslanaraq bir daha demək olar ki,  İran terroru dəstəkləyən dövlətdir.

Zahid Rza, “İki sahil”