01 aprel 2023 13:25
252

Meksika mətbuatında Ermənistan yalanları ifşa edilib

Meksikanın ən nüfuzlu mətbu orqanlarından olan “El Universal” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun “Uca danışan hər zaman haqlı deyil” başlıqlı məqaləsi dərc edilib.

Səfirlikdən "İki sahil"ə verilən məlumata görə, qəzetin fransız əsilli və əsasən Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən müxbiri Jean Meyer tərəfindən yazılmış böhtan xarakterli yazılara cavab olaraq hazırlanmış məqalədə Qarabağın tarixən Azərbaycan xanlığı olduğu, həmçinin rus imperiyasının gəlişi ilə hazırkı Ermənistan ərazisində və Azərbaycanın Qarabağ bölgəsində demoqrafik dəyişikliklərin aparıldığı, yüz minlərlə azərbaycanlının Göyçə, Basarkeçər, Zəngəzur və sair kimi bölgələrdən çıxarıldığı və zamanla ermənilər tərəfindən demək olar ki, bütün toponimlərin və bölgənin demoqrafiyasının dəyişdirildiyi qeyd edilir.

Məqalədə, həmçinin Cənubi Qafqazın siyasi xəritəsinə diqqət çəkərək, sovet planına əsasən Ermənistan tərəfindən Azərbaycan ərazisinin iki yerə bölündüyü, kommunist rejimi tərəfindən təhdid hesab olunduğu üçün Azərbaycanın Türkiyə ilə birbaşa əlaqəsini kəsmək məqsədilə 1929-cu ildə Zəngəzur rayonun Ermənistana verildiyi vurğulanır.

Yazıda Azərbaycanın on illər boyu Ermənistan hərbi təcavüzünün qurbanı olduğu, 1987-ci ilədək yüz illər boyu azərbaycanlıların hazırkı Ermənistan ərazilərindən qovularaq, mədəni irsinin məhv edildiyi, Qafqazın Xirosiması sayılan Ağdam və digər işğal altında olmuş şəhər və kəndlərdə bir milyondan çox azərbaycanlının etnik təmizləməyə məruz qaldığı, 1992-ci ildə Xocalıda yüzlərlə dinc azərbaycanlının soyqırımına məruz qaldığı və bu günədək taleyi məlum olmayan 4 mindən çox insanın itkin düşdüyü, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın sıx məskunlaşmış ərazilərində yaşayan onlarla azərbaycanlının Ermənistan tərəfindən ballistik raket hücumlarının qurbanı olduğu, Ermənistanın Baş naziri və ovaxtkı müdafiə nazirinin “yeni ərazilər uğrunda yeni müharibə” hədələrinə baxmayaraq, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələrinin şərtlərini yerinə yetirərək, beynəlxalq ictimaiyyət, o cümlədən Meksika tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etdiyi qeyd olunur.

Yazıda, həmçinin Ermənistandan fərqli olaraq Azərbaycanın multikultural ölkə olduğu, burada 40-dan çox etnik qrupun, o cümlədən ermənilərin sülh şəraitində, heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadığı, Ermənistandan qovulan azərbaycanlılardan fərqli olaraq, Azərbaycanda yaşayan ermənilərin bu ölkənin vətəndaşları olduğu və hər bir azərbaycanlı kimi ölkə qanunvericiliyinə və Konstitusiyasına tabe olduğu bildirilir.

Məqalədə J.Meyerin erməni iddialarına istinadən söylədiyinin əksinə, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin heç bir blokadaya məruz qalmadığı vurğulanır, bundan əlavə Ermənistanın Azərbaycan ərazisinə silah və piyada əleyhinə mina gətirmək, habelə Azərbaycan ərazisindəki təbii sərvətləri qeyri-qanuni istismar edərək Ermənistan ərazisinə aparmaq məqsədilə gizli yollardan istifadə etdiyi bildirilir.

Qeyd edək ki, qəzetin 7 milyondan çox izləyicisi olan tviter hesabında paylaşılan məqaləyə 3 saat ərzində minlərlə baxış olub.