01 aprel 2023 13:54
635

Yol göründü: USAID-in nə özünə, nə də maliyyəsinə ehtiyac yoxdur

Azərbaycan vətəndaşı dövlət siyasətini yüksək qiymətləndirir. Mövcud hökumət hər bir şəraitdə öz vətəndaşlarının maddi maraqlarına xidmət edir. İctimai rəyin nəzərə alınması, sağlam rəqabətə əsaslanan siyasətin həyata keçirilməsi və siyasi iştirak kimi üç mühüm siyasi komponentin bu gün təmin edilməsi buna sübutdur. Yəni, hər iki tərəf münasibətlərin mövcud durumundan və inkişaf tendensiyasından razıdır. Bu məqamda sözgəlişi, daha çox isə mütləq mənada zaman baxımından gec olmadan keçək xaricdən ölkəmizə, dövlətimizə müdaxilə etmək istəyən qüvvələrə. Belə ki, 1961-ci ildə Con Kennedi tərəfindən təsis edilən, ABŞ federal hökumətinin təsisatlarından biri hesab olunan və müstəqilliyimizin ilk illərində ölkəmizə də ayaq açan ABŞ Beynəlxalq İnkişaf Agentliyi və bəzi Qərb təşkilatları öz ənənəvi, yəni, təsadüfi və təəccüblü olmayan pozucu fəaliyyətlərində qalmaqdadırlar. Hətta Azərbaycan dövlətinin sağlam əməkdaşlıq prinsiplərinə və vətəndaş cəmiyyəti ənənələrinə sadiq qalaraq onların fəaliyyətinə daim imkan yaratdığı bir məqamda, məkanda və vəziyyətdə…

“İki sahil” xəbər verir ki,  bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova söyləyib.

Politoloq qeyd edib: “Ötən illərin həqiqi təcrübəsi sübut edir ki, başda USAID olmaqla, ABŞ və Avropanın bir çox siyasi institutları vətəndaş cəmiyyəti strukturuna yeni nəfəs gətirməkdən, onların inkişafına təkan verməkdən daha çox siyasi proseslərə pozucu müdaxilə etməklə, cəmiyyəti yanlış tərəfə istiqamətləndirməklə, ictimai-siyasi proseslər üzərindən manipulyativ mühit formalaşdırmaqla bütövlükdə olduqca təhlükəli və məkrli hədəflərə xidmət edən dövlətçilik prinsiplərini, bu sarsılmaz həlqənin zəncirlərini zəiflətmək məqsədi güdürlər. Siyasi davranışın bir çox izahında insanların maddi qrup və ya şəxsi maraqlar, yaxud daha geniş prinsiplər və ideoloji öhdəliklərlə motivasiya edildiyi güman olunur. Bu amildən çıxış edərək müstəqilliyimizin ilk illərindən başlayaraq USAID, NED, Fridrix Nauman, Marşall, IREX və bu qəbildən olan digər təsisatlar, qurumlar ölkəmizdə “beçinci kolon” yaradaraq ondan siyasi hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə etmək, iradələrini diktə etmək, güzəştlərə nail olmaq üçün istifadə ediblər. Əsas fəaliyyət istiqamətləri və planları isə müxtəlif kanallar vasitəsilə radikal siyasi qüvvələrin antidövlət fəaliyyətinə maliyyə dəstəyi vermək olub”.

Diqqətə çatdırılıb ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi - USAID elan etdiyi məramından kənar, siyasi proseslərə çirkli, pozucu yollarla təsir göstərməyə çalışır. Məlum olur ki, sözügedən qurumun ölkəmizdəki nümayəndələrinin işinin mahiyyəti və xarakteri heç də həmişə ikitərəfli humanitar əməkdaşlığın inkişafının təşviqi ilə bağlı bəyan edilmiş məqsədlərə cavab vermir. Söhbət seçkilərə, bütövlükdə siyasi proseslərə təsir etmək cəhdlərindən gedir. Bu da müxtəlif səviyyələrdə vətəndaş cəmiyyəti institutlarına qrantların bölüşdürülməsi yolu ilə həyata keçirilir. Bu məqamda isə qurumun fəaliyyəti ciddi suallar doğurur. Azərbaycanda vətəndaş cəmiyyəti kifayət qədər püxtələşib və yetkinləşib, başqa sahələrdə olduğu kimi, burada da “xarici patronajlığa”, “xarici rəhbərliyə” ehtiyac yoxdur. USAID üzdə dünyanın yüzdən çox ölkəsində iqtisadiyyatın və demokratiyanın inkişafı, səhiyyə, münaqişələrin qarşısının alınmasında yardım və təcili humanitar yardımın göstərilməsi ilə məşğul olub. Hər il ABŞ federal büdcəsinin təxminən 1 faizi bu təşkilatın proqramlarının maliyyələşdirilməsinə ayrılsa da, əslində, məramı pozucu donor funksiyasını yerinə yetirməkdir. Bunların isə fiziki mövcudluğunu sona çatdırmaq lazımdır. Əli tətikdə dayanan belə xainlərin qovulmasının zamanıdır. Onsuz da insanlarımız uzun müddətdir ki, onları burada görmək istəmədikləri barədə "siqnallar" verirdilər. Çünki agentlik prioritetləri fərqli müəyyənləşdirsə də, məkrli amallarını dəyişməyib. Agentliyin ölkəmizdəki işini təqdirəlayiq deyil, “öz məqsədlərinə uyğun” hesab edirik. Bu təşkilatlarla münasibətləri, onların ölkəmizdəki fəaliyyətini “reset” etməyin vaxtıdır. Bunların fəaliyyəti də artıq finiş xəttinə çatıb, digər agentlər kimi, onları “yola salmağın” zamanı və tələbi də qapımızın kandarında dayanıb. Xarici maliyyə mənbələri tapmaqla fəaliyyət göstərən, üzdə hakimiyyətə təhlükəsiz kimi görünməyə çalışan, lakin onun işini çətinləşdirə biləcək bəzi proqramlar icra etməklə mükəlləfiyyətləndirilənlər də bu sıradadır. Xarici patronajlığa ehtiyac yoxdur, bəli. İnkişaf edən yeni modelə daxili mənbələr, resurslar, dost beyinlər tapıla bilər. Bu halda aktiv, lakin təmiz vətəndaş mövqeyi olan insanlar öz dəyərlərini müdafiə edəcəklər.

Ş.Həsənova vurğulayıb ki, zamanında Azərbaycan dövləti çox düzgün qərar qəbul edərək, milli mənafeyə zidd fəaliyyətlərin qarşısını almaq məqsədilə Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının xaricdən maliyyələşdirilməsinin qarşısını aldı. Qərbin dəstəyi ilə radikal müxalifət SİDSUH, Demblok, İctimai Palata, Milli Şura və digər qurumlar təsis etmişdi ki, xalq özü bu dairələri, onların guya alternativ formalaşdırmaq meyillərini, nağıllarını əlinin tərsi ilə geri çevirdi.

İnsan psixologiyasının mərkəzi komponentlərindən biri paxıllıqdır ki, bu hiss də daha yaxşı olanları aşağılamaq meylidir. Bu qüvvələrin hisslərinin biri adı var - o da paxıllıq. Bu motivasiyaların, meyillərin hər biri çirkin və arzuolunmaz hesab edilir. Xalq tərəfindən də süzgəcə alınmağa cəhd belə edilmədən geri itələnir.

“Belə pozucu fəaliyyətdən isə təkcə siyasi elita əziyyət çəkmir, bununla yanaşı və bir o qədər də xaricdən heç vaxt maliyyə almayan dövlətçilər əziyyət çəkir. Odur ki, bu cür təşkilatları geri itələməyin bizə ziyan vuracağını düşünmürəm. Çünki səbəbləri daxilimizdədir: elitanın parçalanması, ölkə xaricindəki və daxildəki ümumi vəziyyətdən istifadə edərək ölkədə qeyri-sabitlik yaradılması, dövlət institutlarına inamsızlığın artırılması, xüsusən də məhkəmə və hüquq-mühafizə sisteminin işindən narazılığın formalaşdırılması. Bu qüvvələr, əslində, cəmiyyətin siyasiləşməsinin qarşısını alırlar. Onlara təzyiq nə qədər güclü və açıq-saçıq olsa, azğınlaşan dairələrin bütün üzvlərini, həm də komponentlərini üzə çıxarmaq mümkün olacaq. Bu dairələr siyasi və ya psixoloji problem deyil, sırf texniki problemdir. Bu texniki nasazlığı aradan qaldırmağın zamanıdır. Bu zaman bütün dəliklərdə sakitlik olacaq. USAID-in, ya da bu kimi qurumların olub-olmaması müsbətə doğru heç nəyi dəyişmir, əksinə, mənfiyə doğru risk meyillərini yüksəkdir”, - deyə Ş.Həsənova əlavə edib.

Vurğulanıb ki, ölkədə vəziyyəti iqtisadi və siyasi vəziyyət müəyyələşdirir və bu istiqamətdə dövlətimizin başçısının qəti inkişaf iradəsinə zidd olan hər bir amil aradan qalxmalıdır. Xüsusi əməliyyat keçirib bir naqili digərindən, ikincisini üçüncüsündən kəsmək olar və beləliklə, bu pozucu kanallar üçün “həyat dayanacaq”.

Cəmiyyətin strukturu və onun inkişafı ilə bağlı xarici və daxili əzmkarlıq göstərilir ki, Qərbin, ilk növbədə, ölkəmizdə mövcudluğu danılmaz olan “beşinci kolon”un fəaliyyəti inkişaf mübarizəsinə mane olan təzahür kimi müəyyən edilir. Odur ki, inkişafımıza mane olan qüvvələr kənarlaşdırılmalıdır.

Müxalifət yalnız müxtəlif maraq və baxışlara malik həmvətənlərdirsə, onlarla danışıqlar aparmaq olar və lazımdır. “Xarici təsir agentləri” ilə danışmağa isə heç ehtiyac, zaman, resurs belə sərf etməyə dəyməz. Onları dinləmək, lakin əksini etmək lazımdır. Bloqosferdə və internet forumlarında yazılanlara baxsaq, vətəndaşların əhəmiyyətli hissəsi hər hansı siyasətçinin qiymətləndirilməsini əsas meyar olaraq onun Qərb qarşısında “əyilib-əyilməməsi” ilə aparır. Çünki Qərbin plan baş tutmayanda “aradan çıxmaq” meyli xalqa məlumdur.

Bu arada müxalifətin gündəmində xarici siyasət teorik olsa da, praktiki olaraq yoxdur. Bu “vətənpərvərlər” daim Qərbdən “toyuq darı görəndə” kimi danışırlar. Qərb də pulu çölə atmayacaq. Bu o deməkdir ki, onun Azərbaycanda marağı var, apriori düşmənçilik edir. Təbliğat keşikçiləri və onların klişeləri sadə vətəndaşların beyinlərini yumaqla onların üzərində işləyir, beləliklə, təhlükəli vəziyyət, tendensiya formalaşdırılır. Millətin vəkilinə, əslində isə xalqın səsinin susdurulmasına cəhd edilir. İlk olaraq Qərbin, sonra Rusiyanın, daha sonra isə İranın şəbəkələri darmadağın edildikdən sonra boş qalan yerin yenidən Qərb təsisatları tərəfindən doldurulmasına cəhdlər göstərilir. Bu fəaliyyətə indi USAID və onun qatı ermənipərəst rəhbəri Samanta Pover başçılıq edir. Bu baxımdan da sağdan və ya soldan, yuxarıdan və ya aşağıdan, uzaqdan və ya yaxından fərq etməz - bu meyillərin hər birinin qarşısı qətiyyətlə alınmalıdır və alınacaqdır.

"Demokratik ölkə bu və ya digər şəkildə seçkilər institutu vasitəsilə insanların rifahının yaxşılaşdırılmasına diqqət yetirir, silahlanma, təqib, basqı yarışına deyil. Bu dairələrdən gələn qrantlar, ya da sızdırılan qrunt suları isə, əslində, çirkli pul, korrupsiya yolu ilə mənimsənilən vəsait isə “sədaqət” müqabilində faydaların yenidən bölüşdürülməsi mexanizmidir və buna görə də bölücülüyün gücləndirilməsi üçün silaha çevrilən güclü alətdir”, - söyləyən politoloq diqqətə çatdırıb ki, düşmənlər sağdadır, soldadır, ətrafdadır. Biz hakimiyyətin, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında toplaşmalıyıq, müxalifət isə görünən və görünməyən “beşinci kolon”dur. Buna görə də onu əlinin tərsi ilə geri çevirməlisən. Proses kifayət qədər uzun, mürəkkəbdir, lakin hədəf aydın olduğu üçün yolumuz da işıqlıdır.

Azərbaycan öz tarixində bir çox mürəkkəb dövrü keçib, modernləşməni yaşayıb, sosial-iqtisadi və siyasi strukturda dəyişiklik baş verib, dəyər dünyamız dəyişib, yeni istiqamətlər, nümunələr və davranış normaları formalaşıb, bütöv sosial təbəqələrin tarixə qovuşduğu zamanı da geridə qoymuşuq. Lakin bütün bunların nə qədər kəskin mərhələdə və fazada olmasına baxmayaraq, xalqımız ipi-ipdən, sapı-sapdan seçməyi də gözəl bilib. Odur ki, cəmiyyətin elementar enerjisindən mənfi istifadəyə icazə verilməməlidir.

Cəmiyyətimizin modernləşdirilməsini bütün dünyada israrla özünü göstərməyə başlayan tarixin yeni çağırışlarına cavab kimi təsəvvür etmək olar. Bu çağırışlar bilavasitə sosial münasibətlərin effektivlik sferasına təsir göstərir, cəmiyyətin mövcud formalarının “artım hədlərini” müəyyən edir, mədəniyyətlə mövcud ictimai-siyasi strukturlar, şəxsi və kollektiv maraqlar, rifah istəyi və onun inkişafı arasında yığılmış təlatümləri əks etdirir. Bu təlatümü burulğana çevirmək istəyən qüvvələrə “yox!” deməliyik. Azərbaycanda, bütövlükdə Qafqaz məkanında Qərbin təxribatçı fəaliyyətinə qarşı səmərəli strategiya regionda vəziyyətin sabitləşdirilməsi və qarşılıqlı faydalı iqtisadi proseslərin inkişafı üçün ümumi tələbdir.

Şəbnəm Həsənova sonda vurğulayıb: “Bu qüvvələr Prezident İlham Əliyevin xalqının dəstəyinə arxalanaraq illərdir gərgin əməklə adının önünə yazdırdığı “Müzəffər” sözünü, siyasi sistemdə baş verən dəyişikliyi, sağlam dialoq mühitini və milli maraqlarımızın təmin edilməsi naminə təklif olunan əməkdaşlığı qəbul edə bilmirlər.

Qərb təşkilatlarının bütün aldadıcı səyləri fəaliyyətlərinin nə qədər “fantastik məhsuldar” ola biləcəyinin utopik göstəricisidir. Bu, koqnitiv nəzarət, bu, ölçülüb-biçilmiş fəaliyyət, gizli hüceyrələrini yaratmaq cəhdidir. Bu gün Qərb təşkilatlarının siyasi planlarındakı məxfilik açılmışdır. Ölkəmizə istənilən xarici müdaxilə konfessiyalararası sabitliyə, dövlətin ərazi bütövlüyünə təhlükə yaradır.

Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil - zaman, məkan, mahiyyət və keyfiyyət, ən çox isə insanların şüuru baxımından. Azərbaycan indi elə bir mərama və məqama çatıb ki, bir çox dövlətlərə bir neçə istiqamətlərdə yardım edir. Odur ki, nə USAID-in özünə, nə də onun hər hansı maliyyəsinə, sözün bütün mənalarında isə heç bir layihəsinə lüzum və ehtiyac yoxdur. Deməli, yol göründü. USAID Azərbaycan kimi inkişaf etmiş dövlətə sərf etdiyi vəsaiti həqiqətən ehtiyac olan ölkələrə, məsələn, yardıma möhtac Ermənistana xərcləsə, nəinki daha məntiqli, hətta məqsədlərinə, əqidələrinə müvafiq olar”.