Sayğacların yenisi ilə əvəzlənmə müddəti niyə 5 ildir?
Aprelin 7-də SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB) mətbuat nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib.
Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayevin və Qəza çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşəyin iştirakı ilə keçirilən tədbirdə jurnalistlərin sualları cavablandırılıb.
İ. Kərbalayev «Azəriqaz» İB-nin rəhbərliyi səviyyəsində paytaxtda və bölgələrdə sahibkarlarla keçirilən görüşlər barədə məlumat verib. Bildirib ki, özəl sektor təmsilçilərinin, yəni sahibkarların fəaliyyətinin stimullaşdırılmasına dəstək vermək bir dövlət müəssisəsi olaraq bizim əsas vəzifələrimizdən biridir: «Ona görə də onların təbii qazla bağlı problemlərini həmişə diqqətdə saxlayırıq. Hətta təbii qaza olan borclarını ödəmələri üçün bəzi hallarda onlara vaxt güzəştləri də tətbiq edirik. Anlayırıq ki, sahibkarlar ölkədə yeni iş yerləri açan, ərzaq bolluğu yaradan işgüzar bir təbəqədir. Möhtərəm Prezidentimiz İlham Əliyevin də daim çıxışlarında qeyd etdiyi kimi, sahibkarlara dəstək inkişafa dəstək deməkdir.»
Şöbə rəisi 2023-cü ilin yanvar- mart aylarında Birliyin Şikayətlərin araşdırılması şöbəsinə daxil olan müraciətlər barədə məlumat verib. Bildirib ki, bu müddətdə müxtəlif instansiyalardan və birbaşa vətəndaşlardan ümumilikdə 3442 müraciət daxil olub. Bunlardan 1601-i «Opentext» proqramı vasitəsilə, 184-i isə elektron formada olub. Müraciətlərin çoxu əsasən təbii qaza görə yaranmış borcun araşdırılması, fərdi qaydada evlərin qazlaşdırılması, sayğac quraşdırılması, qaz xəttinin və sayğacın yerinin dəyişdriliməsi və digər məsələlərlə bağlı olmuşdur.
Onun sözlərinə görə, 2023-cü ilin ötən üç ayı ərzində şöbənin mühəndisləri tərəfindən 1692 müraciət ətraflı araşdırılaraq icrası «Opentex» sistemi vasitəsilə təmin olunmuşdur: «Daxil olan müraciətlərdən 190-ı şöbənin icraatındadır.»
İ. Kərbalayev bildirib ki, abonentlər bir çox hallarda mexaniki sayğacların «smartkart» tipli sayğaclarla dəyişdirilməsini istəyirlər. Lakin onlar bilməlidirlər ki, sayğaclar 5 ildən bir dəyişdirilə bilər. Sayğacların dəyişdirilməsi Birliyin metrologiya xidmətinin yoxlamasından sonra verilən rəylə reallaşır.
Qəza çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək jurnalistlərin suallarını cavablandıraraq bildirib ki, xidmətin serverlərinin yer dəyişdirilməsi və yenilənməsi səbəbindən aprelin 8-də 104 və 185 çağrı mərkəzləri işləməyəcək. Vətəndaşlar müraciətlərini yalnız «Azəriqaz» İstehsalat Birliyinin rəsmi internet saytı vasitəsilə gerçəkləşdirə bilərlər.
Elçin Zaman, "İki sahil"