05 may 2023 17:07
961

"Azəriqaz" xəbərdarlıq etdi - VİDEO

Mənzil daxilində qazdan istifadəyə görə  məsuliyyəti abonent daşıyır

Mayın 5 –də SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB)  mətbuat nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib.

Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin moderatorluğu və qurumun digər şöbə rəislərinin iştirakı ilə keçirilən tədbirdə jurnalistlərin sualları cavablandırılıb.

Birliyin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov bildirib ki, təbii qazdan istifadə qaydaları Nazirlər Kabinetinin 80 saylı qərarı ilə tənzimlənir : « Qərarda göstərilib ki, mənzil daxilində qazdan istifadə, qaz cihazları ilə davranmaya görə məsuliyyət birbaşa abonentin üzərinə düşür. «Azəriqaz» mənzil daxilində qaz cihazlarından və qazdan istifadəyə görə hər hansı məsuliyyət daşımır. «Qaz təchizatı haqqında» qanunda da bəzi dəyişikliklər edilib. Həmin dəyişikliklərə görə, «Azəriqaz»ın üzərinə düşən əsas vəzifə mənzil daxilində texniki müayinələri keçirməkdir. Qanuna görə, İB il ərzində bir dəfə müayinələr keçirərək  aşkar olunmuş nöqsanları qeyd etməklə abonentə tövsiyə edir ki, ixtisaslaşmış podratçı təşkilatlar tərəfindən həmin nöqsanlar qısa müddətdə aradan qaldırılsın.»
 İ. Behbudov xüsusi vurğulayıb ki, yeni qanuna görə,  «Azəriqaz» hündürmərtəbəli binalarda qaz detektorlarının quraşdırılmasını bina sahiblərindən tələb edir. Əks halda layihələndirməyə icazə verilmir : «Amma əvvəlki illərdə tikilmiş yaşayış binalarında, fərdi evlərdə qaz detektorlarının quraşdırılmasına görə məsuliyyət abonentlərin üzərində idi. Detektor quraşdırılması onun üçündür ki, həm qaz sızması olanda xəbərdarlıq siqnalı verilsin, həm də sayğacın girişindəki klapan bağlanmaqla qazın axını dayandırılsın. Bu detektorları istənilən pərakəndə satış mərkəzlərində tapmaq mümkündür.»

Şöbə rəisinin sözlərinə görə, bir sıra hallarda vətəndaşlar  qaz təsərrüfatı işçilərinii mənzillərinə buraxmırlar: « Ancaq bununla belə biz öz işimizi yüksək səviyyədə yerinə yetirməyə çalışırıq. Bundan başqa, əməkdaşlarımız texniki müayinədə nöqsan araşdırırsa, abonent dərhal məlumatlandırılır. Lakin çox vaxt onlar bizim qeydlərimizə laqeyd yanaşırlar ki, bu da ciddi faciələrə səbəb ola bilər».

Elçin Zaman, "İki sahil"