12 may 2023 14:58
808

Abonentlər yerli qaz sayğacları ilə təmin ediləcəklər VİDEO

Bu prosesə iyun ayından başlanılacaq

Mayın 12-də  SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB)  mətbuat nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib.

Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin moderatorluğu və qurumun digər şöbə rəislərinin iştirakı ilə keçirilən tədbirdə jurnalistlərin sualları cavablandırılıb.

İB-in Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov bildirib ki, ölkənin qaz təsərrüfatını yerli məişət tipli qaz sayğacları ilə təmin etmək üçün 2021-ci ilin noyabr ayının 4-də «Azəriqaz»la «Gəncə Cihazqayırma Zavodu» Açıq Səhmdar Cəmiyyəti (ASC) arasında memorandum imzalanıb: «Memoranduma əsasən zavod tərəfindən texniki tələblərə, eyni zamanda, meteroloji parametrləri və texniki xüsusiyyətləri standartlara uyğun olan məişət tipli qaz sayğaclarının istehsal olunaraq «Azəriqaz»a təhvil verilməsinə planlaşdırılırdı.  Artıq memorandum çərçivəsində 2000 ədəd qaz sayğacının «Azəriqaz»a təqdim olunması təmin edilib.»

Şöbə rəisinin sözlərinə görə, həmin qaz sayğacları sınaq qurğularında yoxlanılmaqla bərabər, həm də «Azəriqaz» İB-nin qaz şəbəkəsində quraşdırılıb. Nəticələri də normal olub. Yəni,  sözügedən yoxlama və sınaqlar zamanı heç bir qüsur aşkar edilməyib. Artıq 2023-cü ilin may ayında İB-nin məişət tipli qaz sayğaclarına olan tələbatının yerli istehsal hesabına tam ödənilməsi məqsədi ilə «Gəncə Cihazqayırma Zavodu» ASC ilə müqavilə bağlanıb : «Bununla da sayğaclara olan tələbatın ödənilməsi üçün SOCAR-ın idxaldan asılılığı  azalacaq və xarici valyutanın ölkədən kənara çıxmasının qarşısı alınacaq. Eyni zamanda, həm şəffaflıq təmin ediləcək, həm də yerli sahibkarlığın inkişafına dəstək veriləcək, ən başlıcası isə qaz sayğaclarının təmiri və servis xidməti ilə bağlı məsələlərin asanlaşdırılması və ucuzlaşdırılması təmin olunacaq.»

Rövşən Məhyəddinov onu da xüsusi vurğulayıb ki, «Gəncə Cihazqayırma Zavodu» ASC tərəfindən ümumilikdə 405 min ədəd sayğacın iyun ayından etibarən kütləvi istehsalına başlanılacaq. İl ərzində daha yüzminlərlə sayğac istehsal olunaraq «Azəriqaz» İB-yə təhvil veriləcəkdir.

Elçin Zaman, "İki sahil"