19 may 2023 15:08
888

"Azəriqaz"a müraciətlərin sayı niyə azalıb? VİDEO

Mayın 19-da  SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB)  mətbuat nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib. Birliyin şöbə rəislərinin iştirakı ilə keçirilən tədbirdə jurnalistlərin sualları cavablandırılıb.

İB-nin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Əhmədov bildirib ki, mayın 18-də Azərbaycanda hava şəraitinin kəskin soyuması ilə əlaqədar olaraq “Azəriqaz”ın boru xətlərinə ümumi sutkalıq 13 milyon 431 min kubmetr qaz qəbul edilib.

Rasim Əhmədovun sözlərinə görə, bu, 2022-ci ilin eyni gününün göstəricisindən 2 milyon 249 min kubmetr artıq qaz qəbulu deməkdir: “Ötən ilin eyni günündə «Azəriqaz»ın boru xətlərinə 11 milyon 153 milyon kubmetr qaz qəbul edilib.»

O qeyd edib ki, ötən gün qəbul edilən təbii qazın 9 milyon 249 min kubmetri və ya 69  faizi Bakı şəhəri və Abşeron yarımadası üzrə, 4 milyon 182 min kubmetri və ya 31 faizi regionlar üzrə qəbul edilib.

R.Əhmədov bildirib ki, havanın temperaturunun iqlim normasından aşağı düşməsi nəticəsində həftə ərzində ən yüksək rəqəm mayın 14-15-də qeydə alınıb: «Mayın 15-də “Azəriqaz”ın boru xətləri ilə ümumi qəbul 17 milyon 178 min kubmetr qaz qəbul edilib. Mayın 15-də mayın 14-ü ilə müqayisədə qəbul edilən təbii qazın 11 milyon 552 min kubmetri Bakı şəhəri və Abşeron yarımadası üzrə, 5 milyon 626 min kubmetr və qaz isə regionlar üzrə qəbul edilib. Bu, ötən ilin eyni gününün göstəricisindən 5 milyon 547 min kubmetrdən artıq qaz qəbulu deməkdir.»

O qeyd edib ki, tələbatdan asılı olaraq orta həcmli qaz kəmərləri üzərində qaz təzyiqləri tənzimlənib bə tələbata uyğun olaraq texnoloji rejim saxlanılıb.

Rasim Əhmədov bildirib ki, «Azəriqaz» İB bağça və orta məktəblərin təbii qazla birbaşa təchiz edə bilmir: «Çünki  təhsil ocaqlarının qazlaşdırılması təhlükəsizlik baxımından digər müəssisələrdən, fərdi yaşayış evləri və mənzillərdən daha həssasdır. Bu səbəbdən də «Azəriqaz» yalnız qazanxanası olan bağça və məktəblərin təbii qazla təmin olunmasını icra edir. Bunun üçün müvafiq sənədlə Elm və Təhsil Nazirliyinə müraciət edilir və nazirlik müvafiq sənədləri Birliyə təqdim edir. Bütün sənədlər uyğun olduqdan sonra Birlik qısa müddət ərzində qazlaşdırılma işini həyata keçirir».

Tədbirdə iştirak edən İB-nin 104 Qəza-çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək bildirib ki, 2023-cü ildə Birliyə daxil olan  müraciətlərin sayı 27 946  olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10 638 azalma deməkdir: «Müraciətlərin əksəriyyəti  qaz təzyiqinin aşağı olması ilə bağlı olub. Həmçinin illik müqayisədə qaz sızması ilə bağlı müraciətlər də xeyli azalıb. Sayğaclarla bağlı müraciətlərin sayında da 6 620 azalma var»

X. Şimşək vurğulayıb ki, müraciətlərin azalmasına səbəb ötən dövrdə  aparılan maarifləndirmə, yenidənqurma işləri, ən başlacası isə müasir avadanlıqların quraşdırılması olub.

Elçin Zaman, «İki sahil»