23 may 2023 19:03
879

Rəssamlar İttifaqında Ulu Öndərə həsr olunmuş sərgi keçirilib - FOTO

Mayın 23-də Rəssamlar İttifaqının Sərgi Salonunda Süleyman Ələsgərov adına 1 saylı Uşaq İncəsənət Məktəbinin rəssamlıq şöbəsinin müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü Aybəniz Şahvələdovanın sinfinin şagirdlərinin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş rəsmlərindən ibarət sərgi açılıb.  

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevin, Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər  şöbəsinin müdiri Pənah İmanovun, Xalq rəssamı Ağaəli İbrahimovun, Rəssamlar İttifaqının üzvü Elnur Hüseynovun, Süleyman Ələsgərov adına 1 saylı Uşaq  İncəsənət Məktəbinin direktoru Vaqif Abbasovun və digər qonaqların iştirak etdikləri sərginin açılış mərasimi məktəbin müəllimi Sevda Qurbanzadənin fortepiano sinfinin istedadlı şagirdi, Beynəlxalq və Respublika müsabiqələri laureatı Rəmzi Əhmədzadənin ifası ilə başlayıb.

Mərasimdə çıxış edənlər müstəqil dövlətimizin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin ölkəmizin tarixində, millətimizin taleyində misilsiz xidmətlərindən  bəhs ediblər. Bildiriblər ki, Heydər Əliyevin adı həyatını xalqının yolunda fədakar xidmətə həsr etmiş dahi şəxsiyyət kimi Azərbaycan tarixinə əbədi həkk olunub. Heydər Əliyevin liderlik keyfiyyətləri, uzaqgörən siyasəti və güclü iradəsi tariximizin ən taleyüklü məqamlarında ona öz xilaskarlıq missiyasını uğurla həyata keçirməyə imkan verib. Ulu Öndərin müstəqil Azərbaycanın rəhbəri olduğu illərdə həyata keçirdiyi işlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Qədirbilən xalqımız böyük oğlu Heydər Əliyevin xatirəsini həmişə uca tutur və onu minnətdarlıqla xatırlayır. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının  100-cü ildönümünə həsr edilmiş sərgidə nümayiş olunan əsərlərin məzmun və xaraktercə düzgün seçildiyi, balaca rəssamların Ulu Öndərin əziz xatirəsinə  hədsiz hörmət və ehtiramının hər bir əsərdə ifadə olunduğu xüsusi vurğulanıb.

Sonra tədbir iştirakçıları  Ulu Öndər Heydər Əliyevə həsr  olunan və yeni üslubda çəkilmiş rəsm əsərləri ilə tanış olublar.  Sərgidə nümayiş etdirilən eksponatlar qonaqlar tərəfindən maraqla qarşılanıb.