26 may 2023 02:59
363

Katolikos II Qareginin növbəti həyasızlığı

Öz ümdə vəzifəsini unudub separatizmi alovlandırmağa çalışan Eçmiədzin kilsəsi Ermənistanla Azərbaycan arasında sülhlə bağlı müəyyən işartıların yarandığı bir vaxtda yenə də öz köhnə mərəzindən əl çəkmir

Erməni kilsə tarixi ilə az-çox tanış olanlara məlumdur ki, erməni kilsəsi hər zaman aqressiv, müharibəyə səsləyən bir dini mərkəz olub. Bunun isə bir sıra səbəbləri var. Uzun illər dövləti olmayan erməniləri birləşdirən, bir arada tutan kilsə uzun bir tarix boyu ermənilərin təkcə dini deyil, eyni zamanda elmi, ictimai-siyasi mərkəzi hesab olunub. Doğrudur, XIX əsrdə meydana çıxan millətçi siyasi təşkilatlar müəyyən mənada erməni kilsəsini sıxışdırsa da, bütün bu dövrdə erməni kilsəsi öz mövqeyini və təsirini qoruyub saxlayıb. Çünki erməni kilsəsi həm də “milli kilsə” hesab olunur, yəni yalnız erməniləri birləşdirir və bir mənada din və millət anlayışını birləşdirir.

Məlumdur ki, müxtəlif dövrlərdə erməni kilsələrinin əksəriyyətinin, xüsusilə də erməni qriqorian kilsəsinin təşkilatçılığı ilə terror planları hazırlanmış və həyata keçirilmiş, nəticədə minlərlə günahsız insan qətlə yetirilmişdir. Təbii ki, bu işdə əsas mərkəz rolunu “erməni kilsələrinin anası” hesab olunan Eçmiədzin - Üçkilsə oynayıb. Daha əvvəl Divin, Ani, Rumkale və Sis regionlarında fəaliyyət göstərən Eçmiədzin sonradan hazırkı yerinə, yəni İrəvan yaxınlığındakı eyni adlı yerə köçüb. Erməni mifinə görə bu yeri Həzrət İsa (ə) təyin edib. Erməni kilsəsi Roma kilsəsinin hakimiyyətini və Xalkedon məclisinin qərarlarını qəbul etmir. Monofizit, yəni Həzrət İsanı (ə) ilahiləşdirirlər. Erməni kilsəsi uzun bir dövr ərzində ermənilərin yeganə dini və siyasi təşkilatı olub. Erməni dövləti ideyası da kilsədən gəlir. Baxmayaraq ki, dövlət olmadığı dövrdə hakimiyyəti məhz kilsə həyata keçirib. Bir çox tarixçilərə görə erməni millətini də yaradan kilsə olub. Yəni ermənilik etnik amildən daha çox dini məna daşıyır və kilsə ilə sinxrondur. Erməni tarixçisi H.Pastırmacıyan bunu belə ifadə edir: “Erməni kilsəsi erməni millətinin kilsə tərəfindən verilən ruhunun yenidən dünyaya gəlmək üçün yaşadığı vücuddur”.

Sovet hakimiyyətinin qurulmasından sonra din rəsmən qadağan olunsa da, Eçmiədzin kilsəsi fəaliyyətini davam etdirib. Maraqlıdır ki, 1987-ci ildə Eçmiədzin erməni kilsəsinin katolikosu I Vazgen ABŞ-a və Kanadaya səfərində orada yaşayan ermənilərlə görüşü zamanı “böyük Ermənistan” naminə bütün erməniləri birləşməyə, dünya ermənilərini qondarma “erməni soyqırımı”nın BMT tərəfindən tanınmasına nail olmağa çağırırdı. SSRİ-nin dağılması prosesində başlayan erməni təcavüzkar hərəkatında da kilsənin ciddi fəaliyyəti olub. 1988-ci ilin iyun ayında Makaravan monastırının baş keşişi Stepan üç butulka fitilli yandırıcı və əldəqayırma fin bıçağı ilə Bakıda milis tərəfindən saxlanılıb. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Əsgəran rayonunun Kılıçbak kəndindəki erməni kilsəsində 6 minaatan, 16 əldəqayırma mina, 130 əldəqayırma əl qumbarası və s. aşkar olunub. Birinci Qarabağ müharibəsində üzərində xaç çəkilmiş erməni tankları o zaman azərbaycanlılar üçün dərin bir məna ifadə etməsə də, ermənilər üçün uzun illərdən bəri davam edən təbliğatın inikası idi. Bu mənzərəni İkinci Qarabağ müharibəsində bir əlində avtomat, o biri əlində isə xaç tutan Xudavəng monastırının keşişi Ovannes Ovannisyan dəqiq ifadə etmişdi.

Artıq hər kəsə məlumdur ki, Eçmiədzin dini deyil, daha çox hərbi-siyasi mərkəz rolunu oynayır. Ermənistandakı revanşizm, işğalçılıq ruhunun, Qarabağdakı separatçıların qanundan kənar hərəkətlərinin əsas “ilhamvericisi” Eçmiədzin kilsəsidir, katolikos II Qaregindir. Öz ümdə vəzifəsini unudub separatizmi alovlandırmağa çalışan kilsə Ermənistanla Azərbaycan arasında sülhlə bağlı müəyyən işartıların yarandığı bir vaxtda yenə də öz köhnə mərəzindən əl çəkmir. Erməni mediasının yazdığına görə, mayın 22-də Eçmiədzində katolikos II Qareginin sədrliyi ilə görüş keçirilib. Görüşdə Ermənistan-Azərbaycan danışıqlar prosesi ilə bağlı bəyanatlar, eləcə də “Artsax”ın “vəziyyəti” müzakirə edilib. Görüşdən sonra erməni kilsəsi bəyanat yayıb. Bəyanatda vurğulanıb ki, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın mayın 22-də keçirdiyi mətbuat konfransında səsləndirdiyi bəyanatlar ictimaiyyətə təqdim edilən sülh gündəliyinin real məzmununu ortaya qoydu, bunda hakimiyyətin danışıqlar prosesində təhlükəli və rədd edilən mövqeləri ortaya çıxdı. “Artsax”ın və Ermənistanın bəzi sərhədyanı ərazilərinin sonrakı taleyi ilə bağlı Ermənistan Respublikasının mövqeyi bəlli olur. Sülhün, əmin-amanlığın tərəfində durmalı olan, lakin bu vəzifəsini tamamilə unudan erməni kilsə şurası bildirib ki, heç bir “güzəşt” qəbul edilə bilməz, “artsax”ı Azərbaycanın bir hissəsi kimi tanıyan Ermənistan hakimiyyəti istər-istəməz oradakı erməniləri, guya yeni “soyqırımı və Vətəndən məhrumiyyət” qarşısında qoyacaq. Qriqoryan kilsəsi iddia edib ki, guya o torpaqlar erməni uşaqlarının qanı bahasına alınıb və ondan imtina edə bilməzlər. Kilsə sülhə tərəfdar olmaq əvəzinə bəyan edib ki, heç bir güzəştə getmək olmaz, o torpaqları heç kim Azərbaycana verə və ora Azərbaycanın tərkibində qala bilməz. Guya Azərbaycanın tərkibində qalsa, bu, artıq “genosiddir”. “O torpaqlar bizim oğulların qanı ilə alınıb. Heç kim onların taleyi ilə bağlı birtərəfli qərar verə bilməz” bəyanatı ilə çıxış edən erməni kilsəsi əməlli-başlı hərbi-siyasi mərkəz kimi çıxış edib. Göründüyü kimi, son bəyanatı ilə Erməni Qriqoryan kilsəsi özünü ifşa edib. Bununla da erməni kilsəsinin heç cür sülhə yaxınlaşmaması, yenidən münaqişəni alovlandırmaq istəyi ortadadır.

Sevinc Azadi, “İki sahil”