27 may 2023 01:34
692

Mollasayağı taktika

Və ya İran zəhər satır

Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, mayın 23-də İrandan Azərbaycana idxal edilən bibər məhsullarında növbəti dəfə uyğunsuzluqlar aşkarlanıb. Agentlik bu qonşu ölkədən idxal olunan bibər məhsullarından nümunələr götürərək qida təhlükəsizliyi göstəriciləri üzrə müayinələrə cəlb edilməsi məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edib.

Aparılan ekspertizanın nəticələrinə əsasən, İrandan ixracatçı şirkətlər “Bazargani Amanj Sahragard”a məxsus “Green Fruit-22” MMC tərəfindən idxal olunan 12428 kiloqram bibər məhsulunda “Carbendazim”in, “Azin Pishro Azarin”a məxsus “Dry Fruits” MMC tərəfindən idxal edilən 6650 kiloqram bibər məhsulunda “Etoxazole”un, “Rahim Moradian”a məxsus Şahverən Hüseynov tərəfindən idxal olunan 8250 kiloqram bibər məhsulunda “Etoxazole”un maksimum qalıq miqdarı üzrə uyğunsuzluq aşkarlanıb. Həmçinin “Vahid Rezael Pour”a məxsus “Dry Fruits” MMC tərəfindən gətirilən 13165 kiloqram bibər məhsulunda “Carbendazim”in, “Rasool Soleymanpour”a məxsus “Şaiqoğlu” MMC tərəfindən idxal olunan 6000 kiloqram bibər məhsulunda isə “Acetamiprid”in maksimum qalıq miqdarı üzrə ümumilikdə, 46493 kiloqram məhsulda uyğunsuzluq (pestisid qalığı) aşkarlanıb.

Azərbaycana idxal olunan qida məhsullarında aşkarlanan uyğunsuzluqlarla bağlı görülən tədbirlər haqqında Dövlət Gömrük Komitəsinə müvafiq məktub ünvanlanıb.

Bu təxribatlar İranın ölkəmizə bəslədiyi düşmənçilik hissindən qaynaqlanır. Beləliklə, faktlar göstərir ki, Tehran rejiminin köhnə siyasəti dəyişməyib. Belə ki, bunlar İrandan ölkəmizə idxal edilən qidalarda aşkarlanan ilk uyğunsuzluq faktı deyil. Bundan öncə də İrandan Azərbaycana idxal edilən qidalarda dəfələrlə bu tipli uyğunsuzluq faktları aşkarlanıb. Bununla əlaqədar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən İranın Kənd Təsərrüfatı Nazirliyi – Cahad bitki mühafizə təşkilatına uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumat verilməsi istənilib. Buna baxmayaraq, təəssüf ki, uyğunsuzluqların aşkarlanması halları davam edir.

Bundan bir neçə gün əvvəl də Qida Təhlükəsizliyi Agentliyi İrandan idxal olunan bibər və kivi məhsullarına fitosanitar baxış keçirib. Mayın 19-da agentliyin açıqladığı məlumata görə, aparılan ekspertizanın nəticələrinə əsasən, İran şirkətləri tərəfindən respublikamıza idxal olunan bibər məhsulunun 19 partiyasında karantin tətbiq edilən zərərli orqanizm - “Qonur qırışıqlıq virusu” aşkarlanıb. Həmin məhsul partiyasından 10-u “Rasol Soleymanpour”, 4-ü “Amanj Sahragard”, 2-si “Avoid Sarmayeh Asia Co”, 1-i “Bazargani Diba Mehr Daryan”, 1-i Farhad Tejarat Ramin” və 1-i “Sarah Jabaroti” şirkətinə aiddir.

Bütün bunlar azmış kimi, İran şirkətləri tərəfindən respublikamıza gətirilən kivi məhsulunun 34 partiyasında karantin tətbiq olunan zərərli orqanizm - “Tut qalxanlı yastıcası” aşkarlanıb. Həmin şirkətlərlə yanaşı, Azərbaycan idxalçıları tərəfindən gətirilən kivi məhsulunda da dəfələrlə “Tut qalxanlı yastıcası” aşkarlanıb. Həmin subyektlərin idxal etdiyi zərərli orqanizmlə sirayətlənmiş məhsullarla bağlı zəruri fitosanitar tədbirlər görülüb. Lakin bütün bunlara baxmayaraq gətirilən növbəti məhsul partiyalarında zərərli orqanizmlərin sirayətlənməsi halları təkrarlanıb.

Aşkarlanan hallarla bağlı mayın 17-dən agentlik tərəfindən İranın uyğunsuzluq aşkar edilən 9, Azərbaycanın isə 8 şirkətinin bibər və kivi məhsullarını respublikamıza idxal etməsinə müvəqqəti məhdudiyyət tətbiq olunub. Həmçinin bu ilin aprel ayında həyata keçirilən tədbirlər çərçivəsində İrandan idxal olunan portağal məhsullarında 63 halda sitrus tristeza virusu aşkarlanmışdı.

Azərbaycan İrana qarşı hər zaman dostluq və mehriban qonşuluq münasibəti nümayiş etdirib. Ancaq nəticə etibarilə biz bu qonşu ölkədən analoji dostluğu görməmişik. Əksinə Tehran rejimindən daim düşmən mövqe sərgilənən münasibət müşahidə etmişik və bu, faktlarla sübut edilib. Hətta biz İran rejiminin düşmən mövqeyini 44 günlük Vətən müharibəsində də görmüşük. Bunun ən dəhşətli nümunəsi o idi ki, Vətən müharibəsi zamanı  Ermənistana  İran vasitəsilə silahların daşınması həyata keçirilirdi.

Beləliklə, molla rejiminin ölkəmizə yönəlik neqativ siyasəti faktlarla və sübutlarla ortadadır. Nəhayət Tehran rejimi Azərbaycana qarşı yönələn yalnış, təhdid xarakterli siyasətindən əl çəkməli, mehriban qonşuluq münasibətlərinə söykənən düzgün istiqamət seçməlidir. 

Cavid Əkbərov, “İki sahil”