27 may 2023 00:58
1379

Qərbi Azərbaycana qayıtmaq xalqımızın tarixi-mənəvi haqqıdır

XXI əsrin ikinci on illiyində Azərbaycan bütün istiqamətlərdə addım-addım özünün tarixi məqsədlərinə doğru irəliləyir. Ən əsası odur ki, qırx dörd günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin mahir sərkərdəlik qabiliyyəti və diplomatik bacarığı sayəsində Azərbaycan işğal edilmiş torpaqlarını geri qaytardı. Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi tarixi hadisədir və Azərbaycan durduqca Azərbaycan tarixində qalacaq.

Hazırda 1989-cu ildə “Azərbaycan Qaçqınlar Cəmiyyəti” kimi təsis edilən, 2022-ci ildə “Qərbi Azərbaycan İcması” adlandırılan təşkilat indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğuldur. Qərbi Azərbaycan İcmasının əsas hədəfi qaçqınların öz dədə-baba yurdlarına qayıtmasını təmin etməkdir. Əsas məqsəd indiki Ermənistan ərazisindən deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin hüquqlarının beynəlxalq müstəvidə bərpası və onlara qarşı törədilmiş cinayətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, eyni zamanda, bu cinayətləri törətmiş ermənilərin cəzalandırılmasıdır.

Prezident İlham Əliyev daim vurğulayır ki, Qərbi azərbaycanlıların dədə-baba torpaqlarına qayıtması onların hüququdur. Azərbaycan dövləti əlindən gələni edəcək ki, Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqları bərpa olunsun.  Prezident İlham Əliyev ötən il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündəki nitqində bunu bir daha bəyan etdi: “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”.

Dövlət başçısı həmin görüşdə onla­rın qarşısında mühüm vəzifələr qoydu.  Bildirildi ki, İcmanın məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla onların hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunmasından ibarətdir.

XX əsrin 80-ci illərinin axırlarında Qərbi Azərbaycanda, indiki Ermənistanda soydaşlarımıza qarşı növbəti cinayət aktı törədildi. Belə ki, Ulu Öndər Heydər Əliyev 1987-ci ilin oktyabrında bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. 1988-ci ilin yanvarından etibarən “türksüz Ermənistan” siyasəti planlı şəkildə həyata keçirilməyə başlanıldı. Ermənistan hökuməti, “Qarabağ” və “Krunk” komitələri, Eçmiədzin kilsəsinin nümayəndələri SSRİ rəhbərliyinin himayəsi ilə azərbaycanlıların öz dədə-baba yurdlarından qovulması prosesində minlərlə qanlı aksiyalar törətdilər. Etnik təmizləmə nəticəsində Ermənistanın 185 yaşayış məntəqəsi boşaldılmış, 250 mindən artıq azərbaycanlı və 18 min kürd öz ev-eşiyindən zorla qovulmuş, 217 azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilmişdir. Bunlardan 49 nəfəri ermənilərin əlindən qaçarkən dağlarda donmuş, 41 nəfər qəddarlıqla döyülərək qətlə yetirilmiş, 35 nəfər işgəncələrlə qətlə yetirilmiş, 115 nəfər yandırılmış, 16-sı güllələnmiş, 10 nəfər əzab və işgəncələrə dözməyərək infarktdan ölmüş, 2 nəfər xəstəxanada həkimlər tərəfindən öldürülmüş, digərləri isə suda boğularaq, asılaraq, elektrik cərəyanına verilərək, başları kəsilərək qətlə yetirilmişdir.

Təbii ki, biz öz tarixi yurdlarımıza qayıdacağıq. Bu, bizim tarixi-mənəvi və insani haqqımızdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tarixi torpağımızı-Qarabağı işğaldan azad etdi. Qırx dörd günlük Vətən müharibəsində şanlı Qələbə qazanaraq ərazi bütövlüyünü təmin edən Azərbaycan bu gün öz gücü ilə əbədi azadlığına qovuşmuş Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış proqramını uğurla icra edir. Hazırda uzunmüddətli deportasiya siyasətinin qurbanı olmuş Qərbi Azərbaycandan olan soydaşlarımızın da doğma yurdlarına dönməsi istiqamətində ciddi iş aparılır. Ölkə başçısı daim vurğulayır ki, Qərbi azərbaycanlıların dədə-baba torpaqlarına qayıtması onların hüququdur. Azərbaycan dövləti əlindən gələni edəcək ki, Qərbi azərbaycandan olan soydaşlarımızın hüquqları bərpa olunsun.  

Ən əsası odur ki, Qərbi Azərbaycana qayıdış xalqımızın erməni faşizmi üzərində növbəti zəfəri və tarixi ədalətin bir daha bərpası olacaq.

Zahid Rza, “İki sahil”